Məhkəmə qərarları › İş №2(010)-3617/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3617/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3617/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızının iştirakı ilə, İddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2008-ci il təvəllüdlü X3 18 yaşı tamam olan günə qədər saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat məbləğində alimentin və mediasiya təşkilatına ödədiyi 50 manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızı ilə Cavabdeh 01 sentyabr 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından bir övladı - xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Suraxanı rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(010)- 644V2014 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli nikah ləğv edilmiş və övladı xx.xx.2008-ci il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Bu günə qədər övladı iddiaçının himayəsindədir. Onun bütün maddi və mənəvi ehtiyaclarını iddiaçı ödəyir, maddi imkanı çox aşağıdır. Övladının gündəlik tələbatını ödəyə bilmir. Cavabdeh ayrıldığı gündən bu vaxta qədər iddiaçıya maddi köməklik göstərmir, bir ata kimi öz vəzifələrini yerinə yetirmir, uşağının saxlanmasında iştirak etmir. X7 Rzayevanın mediatorluğunda mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə iddiaçıya xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə Bakı 4 saylı Mediasiya Təşkilatının bank hesabına 50 (əlli) manat haqq ödəmişdir. Bütün uşaqlar kimi, övladının normal geyinməyə, qidalanmağa, gəzməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüquqları vardır. Ona görə də, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, övladı 04.11,2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızı iddia tələbini müdafiə edərək, iddiasına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və X4 arasında olan nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2008-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-644/2014 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 01 sentyabr 2007cı il tarixində X9 şöbəsinin akt qeydləri kitabındakı 2622 saylı nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahdan doğulmuş 04 noyabr 2008-ci il təxəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Bakı 4 saylı X2 S.Rzayevanın xx.xx.2022-ci il tarixli MŞB/4-01357 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən "ailə münasibətlərindən irəli gələn mübahisə" (aliment tələbinə dair) üzrə 27 iyun 2022-ci il tarixdə saat ll:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilmişdir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Tərəflər arasında nikah Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-644/2014 saylı qətnaməsi əsasında ləğv edilmişdir. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə yaşayır. İddaçı cavabdehdən övladı xx.xx.2008-ci il təvəllüdlü X3 18 yaşı tamam olan günə qədər saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. İrəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, cavabdehdən övladının saxlanılması üçün sabit pul məbləğdə alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 43,16 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə və mediasiya proseduru üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti isə alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızının xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya proseduru üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Xudaverdiyeva (Muxtar) Könül Vaqif qızına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar