Məhkəmə qərarları › İş №2(010)-3667/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3667/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3667/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olmuş övladları - 04 fevral 2007-ci il təvəllüdlü X4 və 25 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi sabit pul məbləğində 400 (dörd yüz) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 avqust 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Birgə nikahdan 04 fevral 2007-ci il təvəllüdlü X7 və 25 mart 2012-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. O, cavabdehlə mehriban yaşasa da sonradan cavabdeh heç bir səbəb olmadan onları atıb getmiş, demək olar ki, faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaqlarını o, saxlayır. O, uşaqların saxlanması üçün lazım olan xərcləri tək başına çəkməli olmuşdur. Cavableh uşaqların saxlanması üçün ona heç bir kömək etmir. Bu isə onun üçün bir sıra ciddi maddi problemlər yaradır. Çünki, uşaqların saxlanmasına ayda 400-500 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri mümkündür. Cavabdeh fərdi sahibkarlıqla məşğul olur və kifayət qədər yüksək qazanc əldə edir. Lakin buna baxmayaraq o, uşaqların saxlanmasında ona heç bir maddi yardım etmir. O, bir ailə kimi mehriban yaşadıqları dövrdə uşaqların təminatı çox yüksək olmuşdur. Lakin faktiki olaraq ayrıldıqdan sonra uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh qazancı sabit olmadığına görə alimentin cavabdehdən sabit pul məbləğində tutulması daha düzgün olardı. Uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, ondan 04 fevral 2007-ci il təvəllüdlü X4 və 25 mart 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 200 manat olmaqla ümumilikdə 400 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - AZ İ № 053861 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmişdir. Arvada Qurbanova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki övladları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır, onlar ayrı yaşıyırlar və birgə nikahdan doğulmuş uşaqlar anaları – İddiaçı yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən alimentin cavabdeh tərəfindən ödənilə biləcəyinə dəlalət edən sübutlar iş materiallarında yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat manat məbləğində təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qurbanova Ramı̇ lə Murtuz qızına ödənilsin. İş üzrə 66.32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar