Məhkəmə qərarları › İş №2(010)-3677/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3677/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3677/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış 22.09.2018-ci il təvəllüdlü X1, 12.01.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşağın saxlanası üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla cəmi 350 və hər uşağın salanması 50 manat olmaqla cəmi 100 manat arvada ümumi 400 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yetkinlik yaşına çatmamış 22.09.2018-ci il təvəllüdlü X1 və 12.01.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşağın saxlanası üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla cəmi 350 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 04.05.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları var - 22.09.2018-ci il təvəllüdlü X3 və 12.01.2021-ci il təvəllüdlü X4. Cavabdeh ailə və uşaqlarının saxlanması üçün heç bir maddi vəsait xərcləmir. İddiaçı və uşaqlar yalnız onun valideynlərinin köməkliyi ilə keçinirlər. Bu səbəbdən cavabdehdən yalnız məhkəmə qaydasında aliment ödənilməsi zərurəti yaranmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 may 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 269019 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 04 may 2018-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin may ayının 04-cü günündə 920 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmiraslanov, arvada Əmiraslanova soyadı verilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20.10.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 187734 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 22 sentyabr 2018-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin oktyabr ayının 20-ci günündə 5513 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 03.02.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 550828 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 12 yanvar 2021-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 03-cü günündə 595 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 22 sentyabr 2018-ci il təvəllüdlü X3 və 12 yanvar 2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh övladlarına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 07 iyun 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 sentyabr 2018-ci il təvəllüdlü X1 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22 sentyabr 2018-ci il təvəllüdlü X1 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulması müddəti 07 iyun 2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar