Məhkəmə qərarları › İş №2(010)-3700/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3700/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3700/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 255 manat olmaqla, cəmi 1275 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahları Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə pozularaq AZ-İ seriyalı, 306578 nömrəli şəhadətnamə verilmişdir. Birgə nikahdan beş uşaq - xx.xx.2014cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. İlk evləndikləri vaxtlarda münasibətləri normal olmuş, sonradan yoldaşı ailəsinə baxmamağa və diqqət göstərməməyə başlamışdır. Bu da ailə daxili söz-söhbətlərə səbəb olmuşdur. Rəsmi qaydada nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmış, ataları da uşaqları ilə nə maraqlanmış, nə də ki maddi – mənəvi dəstək olmuşdur. Özü heç bir yerdə işləmir və uşaqlarını saxmağa imkanı yoxdur. Hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Bir sözlə maddi və mənəvi köməyə ehtiyacı var. Dəfələrlə uşaqların ehtiyaclarının qarşılanması üçün cavabdehdən könüllü şəkildə köməklik göstərilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbədən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqlarından xx.xx.2014-cü il təvəllüdlü X7 qüsurludur.

İddia tələbinin həcminin azaldılması.

3. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, birgə nikahdan doğulan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment ödəməyə heç bir etirazı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 306578 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 341 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Hüseynova soyadı verilmişdir.

7. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 066827 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 2027 nömrə ilə qeyd edilmişdir.

8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 095775 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 6124 nömrə ilə qeyd edilmişdir.

9. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 446694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2464 nömrə ilə qeyd edilmişdir.

10. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 678932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1195 nömrə ilə qeyd edilmişdir.

11. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 962556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 199 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur.

13. İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərindən beş uşaq - xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Həmin uşaqlar hazırda faktiki olaraq analarının yanında qalırlar.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh faktiki nikah münasibətlərindən beş uşaq – xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Həmin yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının, yəni anasının yanında qalmaqla, uşaqların bütün gündəlik məişət qayğılarının çəkilməsi və zəruri tələbatlarının ödənilməsi uşaqlar yanında qalan valideynin üzərinə düşür.

21. İddiaçı Cavabdeh ilə faktiki nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

22. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşaqlara qulluq etməsi, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.

23. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 50 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

24. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

25. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 50 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.125 misli miqdarında aliment tutulmalıdır.

26. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.

Məhkəmə xərcləri.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edən İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (250x12=3000 manat) mütənasib olan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar