Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3768/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ailə münasibətlərimizdən anadan olmuş 03.06.2013-ci il təvəllüdlü X2 və 28.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat,ümumilikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən 03.06.2013-cü il tarixdə X6 və 28.05.2014-cü il tarixdə X3 adlı övladları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh 31.08.2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh uşaqlarının qayğısına qalmır və bir valideyn kimi uşaqlarının maddi cəhətdən normal yaşamasına heç bir köməklik göstərmir. Cavabdeh qazandığı pulları öz kefi üçün xərcləyir. Cavabdehdən uşaqların saxlanması üçün kömək istədikdə isə, ona qarşı şiddət göstərir. Hal-hazırda uşaqlarının bütün qayğılarını özü çəkir. Lakin onun maddi köməyə böyük ehtiyacı vardır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual MƏcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31.08.2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X4 arasında nikah 31.08.2017-ci il tarixdə bağlanmışdır. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 03.09.2019-cu il tarixdə verilmiş atalığın müəyyən edilməsi barədə şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 03.06.2013-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 03.09.2019-cu il tarixdə verilmiş atalığın müəyyən edilməsi barədə şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 28.05.2014-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən 03.06.2013-ci il təvəllüdlü X6 və 28.05.2014cü il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşayır. İddaçı cavabdehdən övladları 19.05.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa 175 manat olaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulması barədə iddia tələbi irəli sürmüşdür. İrəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə iddianın təmin edilərək, cavabdehdən övladlarının saxlanılması üçün sabit pul məbləğdə alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladları 03.06.2013-ci il təvəllüdlü X2 və 28.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 16.06.2021-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 16.06.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.06.2013-ci il təvəllüdlü X2 və 28.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16.06.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3768/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3768/2021
13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver