Məhkəmə qərarları › İş №2(010)-3787/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3787/2020

02.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3787/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikasının Əmək və X5 yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X5 yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “istifadə edilməmiş əmək və işdən çıxma məzuniyyətinə görə ödənilməli olan pul əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə etmədiyi 2008-2020-ci illər üçün bütün iş illərinin əsas məzuniyyətlərinə görə və işdənçıxarma müavinətinə görə ödənilməli olan pul məbləğinin hesablanaraq Cavabdeh MMC-dən və ya onun hüquqi varisindən tutularaq ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixədək "Cavabdeh" MMC-də kəsici işləmişdir. xx.xx.2020-ci il tarixdə onun ərizəsi olmadan işdən azad olunmuşdur. İşlədiyi 18 (on səkkiz) il müddətində əmək məzuniyyətindən istifadə etməmiş və əmək məzuniyyətinə görə heç bir pul almamışdır. İşdən azad edilən zaman heç bir haqq-hesab almamışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X5 nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ərizəsi ilə əlaqədar onu xx.xx.2020-ci il tarixdə idarəyə dəvət etsələr də məlum səbəblərdən "covid- 19" pandemiyası ilə əlaqədar ərizəsinə baxmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir. Hazırda o işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli pulu tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə “xxxxxxxxxx” MMC-nə əmək müqaviləsi əsasında 5-ci dərəcə qaynaqçı (kəsici) vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 2ci bəndinə əsasən işdən azad olunmuşdur. Daha sonra xx.xx.2013-cü il tarixində yenidən kəsici vəzifəsinə qəbul olunmuş və iki il işlədikdən sonra xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Daha sonra Müəssisənin adı dəyişmiş Cavabdeh MMC olmuşdur. İşdən azad olunduğu müddətdən bir il keçdikdən sonra yəni xx.xx.2016-cı il taridə Cavabdeh MMC-nə Qazla Kəsici peşəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi həmin müddət ərzində o əmək məzuniyyətinə çıxmamış və əmək məzuniyyətinə görə pul almamışdır. Hazırda o işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli pulu tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində öz xahişi ilə xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-nə yə gələrək MMC-də rəhbərliklə görüşmüş və rəhbərlik ona təminat veriləcəyini söz verərək yenidən işə qəbul olunmasını təklif etmişdir. İddiaçı qayıdacağını bildirərək getmiş və bir daha qayıtmamışdır. İddiaçı işdən azad olduqdan sonra Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək müfəttişliyi Xidmətinə şikayət etmişdir. Cavabdeh MMC Azərbaycan Respublikası ƏM-nin 83-cü maddəsinin tələblərinə əsasən xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarı ilə 1000 manat dəyrində cərimə edilmişdir. Cavabdeh MMC həmin pulu Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək müfəttişliyi Xidmətinə ödəmişdir. Cavabdeh MMC tərəfindən son-haqq hesab olaraq 1763.09 manat pul vəsaiti hesablanmış və həmin puldan 450 manat iddiaçıya ödənilmişdir. Qalan məbləği iddiaçı qəbul etməkdən imtina etmiş və Cavabdeh MMC-dən 5000 manat son haqq hesab tələb etmişdir. İddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və X5 yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Cavabdeh MMC-dən təqdim edilmiş sənədlər araşdırılmış və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona hesablanmış son haqq-hesab və işdən çıxma müavinəti cəmi 1763.09 manat hesablanmış və ondan 450 manat ödənilmiş və qalan məbləğ ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab və işdən çıxma müavinəti tam olaraq ödənilmədiyindən Cavabdeh MMC cərimə olunmuşdur. Bununla cavabdeh əmək qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE 0******* №-li, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına surəti əlavə edilmiş xx.xx.2016-cı il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Əmək Məcəlləsinə əsasən İddiaçı aylıq əmək haqqının 150 manat məbləğində olmaqla kəsici vəzifəsinə, peşəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli ərizədən müəyyən olunur ki, İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarına surəti əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə “xxxxxx” LTD MMC-yə işə 5-ci dərəcə qaynaqçı, kəsici vəzifəsinə qəbul olunmuş, xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu məddəsinin 2-ci bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixində Kəsici vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci məddəsinin A bəndinə əsasən işdən azad olunmuşdur, xx.xx.2016-cı il tarixində Cavabdeh MMC-nə işə qazla Kəsici peşəsinə qəbul olunmuş və yenidən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci məddəsinin A bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş son haqq hesab cədvəlinin surətindən müəyyən olunur ki, 1763.09 manat məbləğ hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərara əsasən Cavabdeh MMC-nin direktoru 1000 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh MMC-nə işə qazla Kəsici peşəsinə qəbul olunmuş və xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci məddəsinin A bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş son haqq hesab cədvəlinə əsasən 1763.09 manat məbləğ hesablanmış və həmin məbləğdən cəmi 450 manat iddiaçıya ödənilmiş və qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işdən çıxdığı gün ona ödənilməli olduğu (1763.09-450) 1313,09 manat pul vəsaiti və 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətini nəzərə alaraq, ödənilməli 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh MMC -dən dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1313,09 (min üç yüz on üç manat, doqquz qəpik) manat məbləğində (son-haqq hesab) pul vəsaiti və 10 (on) manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar