Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3797/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş mənəvi zərərə görə 8000 ( səkkiz min ) manat miqdarında pulun, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı 2001-ci ildə Arzu Ağalarova ilə ailə həyatı qurmuş və birgə nikahdan bir övladları olmuşdur. Lakin xasiyyətləri tutuşmadığından 2010-cu ildə boşanmışdır Lakin nikahın pozulmasına baxmayaraq, onunla şəxsi ədavətlərini davam etdirmişdir. Bu səbəbdən onunla dəfələrlə aralarında mübahisələr yaranmışdır. Hətta bununla kifayətlənməyərək dəfələrlə əsassız yerə polis orqanlarına müraciət etmişdir. Lakin şikayətləri təsdiqlənməmişdir. Qeyd edilənlərlə yanaşı Arzu yaşadıqları mənzildə də mübahislərinə davam etmiş, qoca ahıl anası ilə də insident yaşamışdır. Lakin Arzu bununla kifayətlənməmiş və ona qarşı qanunsuz əməllərini davam etmişdir. Belə ki. Arzu Ağalarova 01 fevral 2022-ci il tarixdə ona məxsus telefona "Whatsapp" sosial şəbəkəsində yönləndirmə vasitəsilə ona məxsus xüsusi kateqoriyalı fərdi məlumatlar hesab olunan İİ qrup əlil olduğuna görə təyin olunan sosial müavinətin məbləği və bank kartına yüklənən maliyyə vəsaitləri barəsində məlumatları əldə edib göndərmişdir. Ona məxsus məlumatları onun icazəsi və razılığı olmadan əldə etmişdir. Həmçinin ona mesaj olaraq "rüşvət” sözü yazmışdır. Onun bu sözü yazmaqda məqsədi guya ki onun rüşvətlə müavinət təyin etdirməsi olmuşdur. Nəticə etibarilə Arzu Ağalarova həmin məlumatları yönləndirmə vasitəsilə göndərdiyinə görə ona məxsus olan fərdi məlumatları əldə edib yaymışdır.Araşdırma ilə müəyyən edilmişdir ki. Dövlət Sosial Müdafiə Fondunun Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər Departamentinin müavinət, təqaüd və digər ödənişlər şöbəsinin böyük mütəxəssisi Cavabdeh1 İddiaçı razılığı olmadan Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial müavinətlər" altsistemindən sonuncuya məxsus fərdi məlumatları tanışı X2 ötürməklə informasiya ehtiyatlarından istifadə qaydalarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 iddia tələbinə etiraz, onun iddiaçı barəsində hər hansı aşağılayıcı məlumat yaymadığını, sözügedən məlumatı da heç kimə göndərmədiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbi ilə razı olmadığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə X1 və Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2169/2022 nömrəli qərarı ilə Cavabdeh1 AR İXM-nin 371-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Arzu Ağalarova əvvəllər nikah münasibətlərində olmuş, sonradan nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra, A.Ağalarova iddiaçının əlilliyi ilə bağlı müavinət alıb-almadığını yoxlamaq üçün aidiyyati təşkilatda çalışan tanışı Cavabdeh1 müraciət etmiş və sonuncu da həmin məlumatı A.Ağalarovaya vermişdir. Sonra, A.Ağalarova həmin məlumatı iddiaçının tleefonuna göndərməklə onun aylıq müavinət alması barədə məlumatlı olduğunu bildirmişdir. İddiaçı cavabdehin bu hərəkətini özünə vurulmuş mənəvi zərər kimi qəbul etdiyini bildirir. Cavabdeh A.Ağalarova iddia tələbinə etirazını onunla əsaslandırır ki, o, iddiaçının barəsində olan məlumatları heç kimlə paylaşmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan aydın olur ki, hazırkı iddianın əsaslı olması üçün mənəvi ziyan vura biləcək məlumatların təqsirkar şəxs tərəfindən yayılması halının baş verməsi zəruridir. Hazırkı işdə isə belə bir hal yoxdur. Çünki, cavabdeh A.Ağalarova tərəfindən İddiaçı əlilliyi barəsində olan məlumatlar mətbuatda və ya sosial şəbəkələrdə paylanılmamış və digər şəxslərə ötürülməmişdir. Bu məlumatların Cavabdeh1 vasitəsi ilə əldə edilməsi halı da hazırkı tələbin əsaslı hesab edilməsinə səbəb olmur. Belə ki, iddiaçı barədə məlumatın Cavabdeh1 tərəfindən geniş şəxslər dairəsinə ötürülməmişdir. Bu məlumat iddiaçının keçmiş həyat yoldaşı olan və iddiaçının əlilliyi barədə əvvəldən məlumatlı olan A.Ağalarovaya bildirilmişdir. İddiaçının əlilliyə görə müavinət alması barədə məlumatın cavabdehlərə məlum olması halı isə özü özlüyündə iddiaçıya mənəvi ziyən vura biləcək məlumat sayıla bilməz. Belə ki, hamıya məlumdur ki, əlilliyə görə müavinatlar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbində mənəvi ziyanı yuxarıda qeyd edilənlər baxımından əsaslandıra bilməmişdir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Xəlı̇ l oğlunun cavabdehlər Əlı̇ yeva Nərmı̇ n Hı̇ dayət qızı və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3797/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3797/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver