Məhkəmə qərarları › İş №2(010)-383/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-383/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-383/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh xeyrinə hesablanmış 2322,89 manat aliment borçunun, (borc hesablanan müddətdə bir yerdə yaşadıqları üçün) silinməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Aralarındakı nikah xx.xx.2018-ci il tarixdə rəsimləşdirilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Nikahı Samux rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-202/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı işlədiyi müddətdə əmək haqqının dörddə bir hissəsində alimenti ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə işdən çıxmış, hazırda heç bir yerdə işləmir. İşdən çıxdıqdan sonra fərdi əməklə məşğul olmuş, Cavabdeh ilə bir yerdə yaşamış və qızı X3 maddi təlabatını ödəmişdir. Lakin onlar cavabdehlə bir yerdə yaşamalarına baxmayaraq minimum əmək haqqının dörddə biri miqdarında aliment hesablanmışdır. Yekun olaraq iddiaçıya 2322,89 manat aliment borcu yaranmışdır. Real olaraq aliment borcu yığılan müddətdə iddiaçı cavabdehlə birgə yaşamış və qızının maddi təlabatını ödəmişdir. Hesab edir ki, aliment borcu iddiaçıya əsassız olaraq hesablanmışdır. Ona görədə 2322,89 manat aliment borcunun məhkəmə qaydasında silinməsinə zərurət yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin may ayında cavabdehlə rəsmi boşanmaları olmuşdur. 2021-ci ilin iyul ayında isə onun xidmət etdiyi Daxili Qoşunların “N” saylı hərbi hissəsinə alimentlə bağlı məktub gəlmişdir. O, 2021-ci ilin sentyabr ayında ehtiyata buraxılmışdır. 2021-ci ilin noyabr ayında cavabdehlə barışmışlar. Bir il müddətində o, cavabdehlə bir ailə kimi yaşamış və həmin müddətdə də uşaqlarına baxmışdır. Bir ildən sonra cavabdehlə yenə ayrılmışlar. Cavabdeh tərəf də gedib bir il bir yerdə yaşadıqları dövrün aliment borcunu istəyir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qızı Aysunun saxlanılması aliment pulunu vaxtı-vaxtında ödəmir. Ümumiyyətlə iddiaçının izahatında göstərdikləri yalandı. O, iddiaçı ilə bir evdə yaşamamışdır. Ümumiyyətlə iddiaçı tərəfindən aliment ödənişləri gecikmələrlə ödənilir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1453/2021 saylı xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim A.Qasımov) qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, 23 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı hər ay qazancının dörddə bir (1/4) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(058)-60/2023 saylı qərardadından görünür ki, xx.xx.1991-ci il ildə Gəncə şəhərində doğulmuş, ünvan 1i ünvanında qeydiyyatda olan borclu İddiaçı ölkədən getmək hüququ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1453/2021 saylı, xx.xx.2021-cü il tarixli icra vərəqəsi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Hövsan qəsəbəsi, 1 №-li Zeytun sovxozu küçəsi, №-siz evdə ailəsi ilə birlikdə 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayına qədər qeydiyyatsız və müvəqqəti yaşayıb. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qəbələ rayonunda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu olmuş, İddiaçı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)- 153/2021 nömrəli qətnaməsi əsasında X1 xeyrinə İddiaçı əmək haqqısından (aylıq qazancından) 1/4 (dörddə bir) hissədə aliment, Vəkillər kollegiyası Bakı şəhəri 9 saylı vəkil ärosundan daxil olmuş 24 iyun 2021-ci il tarixli 387 nömrəli məktuba əsasən İddiaçı əmək haqqısından, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, 2021-ci ilin iyul ayından ehtibarən hər ay əmək haqqısının 70 faizindən çox 1/4 (dörddə bir) hissəsindən az olmayaraq ümumilikdə, 2147 ki min bir yüz qırx yeddi) manat 64 qəpik aliment pulu tutularaq iddiaçı X1 hesabına müvafiq qaydada ödənilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələrdən xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq tərəfindən növbəti aylarda qətnamənin icrasını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 107.2 Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Tərəflər arasında nikah Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bəşirli Ayselin yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı Cavabdeh xeyrinə hesablanmış 2322,89 manat aliment borcunun silinməsini istəyir və tələbini onunla əsaslandırır ki, 2021-ci ilin noyabr ayında cavabdehlə barışmış, bir il müddətində o, cavabdehlə bir ailə kimi yaşamış və həmin müddətdə də qızının maddi tələbatını ödəmişdir. Cavabdeh iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, o, iddiaçı ilə nikahları pozulduqdan sonra bir yerdə yaşamamış, iddiaçı qızının maddi tələbatını ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 2021-ci ilin noyabr ayından bir il müddət ərzində cavabdehlə birgə yaşaması və həmin dövr ərzində qızının maddi təlabatını ödəməsi iş materialları ilə sübuta yetirilmir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar