Məhkəmə qərarları › İş №2(010)-3970/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3970/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3970/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin 2(010)-3780/2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsilə uşağın saxanılması üçün cavabdehə ödənilməli olan 160 manat məbləğində alimentin dəyişdirilərək 100 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Suraxanı rayon məhkəməsin 2(010)-3780/ 2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsilə aralarında olan nikah pozulmuş və uşağın anasının himayəsində saxlanılması və ondan hər ay uşağa görə 160 manat məbləğində alimentin məndən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, işləmədiyi üçün hazırda maddi vəziyyətinin həddindən artıq ağır olduğunu və səhhətində ciddi problemlər mövcuddur. Belə ki, eplepsiya xəstəsidir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı 24 iyul 2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimenti ödəmir. İddiaçı heç öz övladı ilə maraqlanmır. İddia təmin edildiyi halda himayəsində olan övladını saxlamağöa çətinlik çəkəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tədqiq edilən iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(010)-9780/2019saylı qətnaməsi ilə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 16.09.2016-cı il tarixdə 1419 saylı akt qeydi ilərəsmiləşdirilən nikahın pozulması, 24.07.2017-ci il təvəllüdlü X2 iddiaçı X5 himayəsində saxlanılması və 24.07.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 14.06.2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay 160 manat məbləğində sabit aliment alınaraq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Təsvir olunanlara və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi qeyd olunan normalarına uyğun araşdırılmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin aliment ödəməkdən azad edə bilmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zərurui hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(010)-3780/2019 saylı qətnaməsi ilə tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəf aliment məbləğinin azaldılmalı olmasını əsaslandıra bilməmiş və bunu əsaslandıran müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəf aliment məbləğinin azaldılmasını xahiş etsə də, alimentin hansı məbləğdə tutulmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfin tələbini sübuta yetirə bilməməsi, tərəflərin vəziyyəti və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın mənafeyi nəzərə alınaraq, iddiaçının hazırki iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar