Məhkəmə qərarları › İş №2(010)-3975/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3975/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3975/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2022ci il tarixdə verilmiş AZ-İ seriyalı 434564 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 12 avqust 2022-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 25 avqust 2022-ci il tarixdə 532 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.

2. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2022ci il tarixdə verilmiş AZ-İV seriyalı 779571 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 12 avqust 2022-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 avqust 2022-ci il tarixdə 25 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, X5 ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

4. “Elektron Məhkəmə” İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X9” QSC-də işləyir və 565 manat əmək haqqı alır.

İşin faktiki halları

5. Cavabdeh ilə İddiaçı faktiki nikah münasibətlərində olmaları və həmin münasibətdən 12 avqust 2022-ci il təvəllüdlü X2 doğulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehlə faktiki nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək maddi kömək kimi hər ay üçün 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, nəvəsinin doğulması ilə bağlı bütün xərcləri o çəkmiş, uşağın bütün müalicələrini özü etdirmişdir. Hətta uşaq doğulmamışdan əvvəl də qızının müayinə-müalicə xərclərini özü qarşılamışdır. Nə uşaq doğulanadək, nə də ki, doğulduqdan sonra atası bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Uşaq doğulduğu vaxtdan uzun bağırsağında problem var və xüsusi “Vom 2” yeməyindən istifadə edir. Həmin yeməyin qiyməti də 25 manatdır və birini aldıqda 3-4 gün müddətində istifadə olunub bitir. Qızının zənglərindən sonra cavabdeh bir dəfə 70 manat, keçən ay isə 100 manat pul göndərmişdir. Cavabdeh Səngəçalda işləyir, dəqiq nə qədər əmək haqqı aldığını bilməsə də, maaşının yüksək olduğunu bilir. Hazırda uşağın yemək, müalicə xərclərini tək qarşılaya bilmirlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.

11. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6 Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideyniik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh “X9” QSC-də işləyir və 565 manat əmək haqqı alır. Bu səbəbdən cavabdehdən hazırki ilin yaşayış minimumuna uyğun olaraq 220 manat alimentin tutulması məqsədəuyğun hesab edilir.

19. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, iddiaçının azyaşlı uşağına baxdığı üçün işləyə bilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 50 manat sabit pul məbləğində maddi yardımın tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Həmçinin cavabdeh tərəfindən 220 manat məbləğində aliment və 50 manat maddi yardım tutulduqdan sonra özünə də kifayət qədər məbləğ qalacaq ki, həmin məbləğlə öz şəxsi ehtiyaclarını qarşılamaq imkanında olacaqdır.

20. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment və maddi yardım iddiaçının məhkəməyə müraciət etdiyi 21 avqust 2023-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

24. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu (220+50)x12=3240 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumu məbləği 52,40 manat təşkil edir.

25. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, 2,40 manat məbləğində dövlət rüsumu isə tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 avqust 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, habelə uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat maddi yardım tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh 12 avqust 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, habelə uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat maddi yardım tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin və maddi yardımın tutulması müddəti 21 avqust 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment və maddi yardım hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 2,40 (iki manat qırx qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar