Məhkəmə qərarları › İş №2(010)-3975/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3975/2025

01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3975/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 5406 nömrəli akt qeydi ilə qeydə alınaraq rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri normal olmuş, lakin hal-hazırda münasibətləri pozulmuşdur. Onu da qeyd edir ki, münasibətlərin pozulmasına səbəb cavabdehin pis vədişlərinin olması, yəni mütəmadi olaraq içki düşkünü olması, ona qarşı uşağın gözü önündə şiddət və fiziki zorakılıq göstərməsi olmuşdur. Bunun üçün də o, övladının psixoloji travma almaması və onun sağlam mühitdə böyüməsi üçün uşağın gələcəyini düşünərək cavabdehlə ayrılmaq qərarına gəlmiş və 2023-cü ildə uşağın da götürərək ata evinə qayıtmışdır. Əlavə olaraq qeyd edir ki, övladı xx.xx.2018-ci il təvəllüdlü X5 uşaq autizmi, asperger sindromu F84.5 diaqnozu ilə xəstədir, onun daim müalicə və qayğıya ehtiyacı vardır. Onun üçün bir valideyn olaraq oğlunun sakit və sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Artıq xeyli zamandır ki, cavabdehlə faktiki olaraq ayrılmışdır, birgə nikahdan olan uşaqları onun himayəsindədir və cavabdeh valideynlik borcunu icra etməyərək, bu günədək uşağın saxlanılması üçün heç bir maddi yardım etməmiş, uşaqla bir dəfə də olsun maraqlanmamışdır. Evdar qadın olaraq hazırda uşağın ehtiyaclarını qarşılamaq çox çətin olduğundan alimentə ehtiyac yaranmış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da bildirir ki, cavabdehin rəsmi iş yeri mövcuddur və onun aylıq əmək haqqı təxminən 1300-1500 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı artıq iki ildir ki, evdən çıxıb gedib və onunla yaşamır. O, hazırda alimentin onun aylıq əmək haqqının ¼ hissəsi miqdarında tutulmasına etiraz etmir. Məlumat üçün bildirir ki, onun rəsmi aylıq əmək haqqı 957.15 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 160292 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X3 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5406 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 112820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6i (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mediasiya Şurasının Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/18/2025-00422 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə keçirilmiş aliment tələbinə dair ilkin mediasiya sessiyasında irəli sürülmüş tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 19 nömrəli arayışdan müəyyən olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh aylıq pul təminatı qanunvericilikdə nəzərdə tutulan vergilər tutulduqdan sonra 957.15 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilmiş sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iş üzrə tərəflər arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan bir uşaq – xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən doğulmuş uşaq hazırda iddiaçının yanında qalır. Bunu nəzərə alan məhkəmə hesab edir ki, bu baxımdan həmin uşağı yanında saxlayan iddiaçı onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkdiyi üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır. İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək qeyd edilən məbləğdə aliment tutulmasına etirazı olmadığını bildirmişdir. Odur ki, məhkəmə tərəfindən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olması, iddiaçının qazancının (gəlirlərinin) qeyri-müntəzəm, dəyişən olması, qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideynin natura və ya xarici valyuta ilə alması, yaxud onun qazancının və ya sair gəlirinin olmaması, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması, çətinlik törətməsi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulması halları müəyyən edilmədiyindən, həmçinin uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin bu barədə hər hansı xahişinin olmamasını nəzərə alan məhkəmə aliment miqdarının iddiaçının qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilməli olması nəticəsinə gəlir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək tərəflərin hər birinin maddi və ailə vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alıb belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən alimentin tutulmasına hansı tarixdən başlanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olduğundan bu qətnamə ilə aliment tutulmasına həmin tarixdən başlanmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (239x12=2868 manat) mütənasib olan 48.68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçıya, ödənilməmiş 48.68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş 48.68 (qırx səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar