Məhkəmə qərarları › İş №2(010)-3987/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3987/2022

12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3987/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2( 103)-42/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh İddiaçı yetkinlik yaşma çatmayan uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Şəbinə Faiq qızına verilməsi ilə əlaqədar Qaradağ rayon icra şöbəsində başlanmış icra işi üzrə tələbkar X1 tərəfindən xx.xx.2017-ci il tarixdə yazılmış və Qaradağ rayon icra şöbəsinə ünvanlanmış imtina ərizəsi nəzərə alınaraq borclu İddiaçı qarşı həmin ərizənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icra məmuru tərəfindən hesablanmış 17.500 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmin qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində (hazırki iddia üzrə 142,50 manat) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mediasiya orqanına müraciət edərkən 50,40 manat, məhkəməyə müraciət edərkən isə 57 manat olmaqla, ümumilikdə 107,40 manat dövlət rüsumu ödəmişdir. Halbuki, ödənilməli dövlət rüsumu 142,50 manat olmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar