Məhkəmə qərarları › İş №2(010)-4021/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4021/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4021/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Yetkinlik yaşına çatmayan xx.xx.2016-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay Cavabdeh 500 (beş yüz) manat məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2016-cu ildə X3 doğulmuşdur. Artıq xeyli müddətdir ki, cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşağı onun himayəsində qalıb, uşağının bütün maddi və mənəvi tələbatlarını təkbaşına özü ödəyir. Uşağının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Hal-hazırda iddiaçı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və bütün maddi xərclərini valideynləri çəkir. Uşağının maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Hesab edir ki, iddiaçının və uşağının diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Cavabdehdən uşağının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Hesab edir ki, Cavabdeh hər ay 500 (beş yüz) manat pul məbləğində alimentin tutulması haqqında qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, rəsmi heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı ilə birgə nikahından doğulmuş oğlu Tuncayın saxlanılması üçün hər ay yalnız 200 manat məbləğində aliment ödəməyə imkanı var, məhkəmə tərəfindən hər ay 200 manat məbləğində alimentin tutulmasına razıdır və etiraz etmir. İş materialları Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cu ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/11-2023-01193 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair yaranmış ailə mübahisəsi üzrə xx.xx.2023-cü il, saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh xx.xx.2015-ci -ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2016-cu təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, yetkinlik yaşına çatmayan xx.xx.2016-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay Cavabdeh 500 (beş yüz) manat məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsini istəyir. Cavabdeh isə iddianı qismən qəbul edərək, 1 uşağının saxlanılması üçün hər ay 200 manat ödəyə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 220 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2016-cu təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, yetkinlik yaşına çatmayan xx.xx.2016-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay Cavabdeh 500 (beş yüz) manat məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsini istəyir. Cavabdeh isə iddianı qismən qəbul edərək, 1 uşağının saxlanılması üçün hər ay 200 manat ödəyə biləcəyini bildirmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2023-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 46,4 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar