Məhkəmə qərarları › İş №2(010)-4062/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4062/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4062/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər ay qazancın yarısı məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 3 qız övladları doğulmuşdur. Cavabdeh ilə hələ rəsmi nikahdadırlar və yalnız aliment tutulması üçün müraciət etmişdir. Belə ki, ilk əvvəl nikahın pozulması barədə ərizə verəcəkdi, ancaq 3 qız övladı var və böyük qızı atasına çox bağlı biridir. Onları nəzərə alıb boşanma barədə ərizəsini geri götürmüşdür. Aliment barədə ərizə vermə səbəbi isə cavabdehin uşaqlara baxmamasıdır. 2013-cü ilə kimi yaxşı münasibətdə idilər, lakin cavabdeh 2013-cü ildən üst-üstə evin təmiri üçün kreditlər götürməyə başladı və ailəyə baxa bilmədiyi üçün münasibətlər tamamilə pozuldu. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, 1000 manat maaş alır və həmin məbləğ ilə ailənin dolanışığını təmin edə bilmir. Onlar evdə təmir işləri aparmaq üçün kredit götürmüşdülər və onun əmək haqqından 680 manat kredit ödənişinə çıxılır, maaşından qalan məbləği isə gündəlik öz təlabatlarına xərcləyir. Onların hələ 10000 manat kredit borcları qalıb. Aliment məbləğinin onun əmək haqqından tutulmasına razıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 27 avqust 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 112874 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 27 avqust 2004-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 avqust 2004-cü ildə 626 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aqamədov, arvada Aqamədova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 06 may 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 273739 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 mart 2009-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 may 2009-cu ildə 1073 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 02 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 678485 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 may 2011-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 02 iyun 2011-ci ildə 1737 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 074837 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 aprel 2013-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 aprel 2013-cü ildə 1300 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: (76.1.3) 3 və daha çox uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 29 mart 2009-cu il təvəllüdlü X6, 19 may 2011-ci il təvəllüdlü X8 və 01 aprel 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh övladına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Elektron məhkəmə informasiya sistemi”ndən edilmiş çıxarışdan da göründüyü kimi ki, Cavabdeh “X13 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi işləyir və 1236,14 manat əmək haqqı alır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh alimentin əmək haqqından tutulmasına dair heç bir etiraz etməmiş, əksinə razılaşmışdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 18 avqust 2022-ci il tarixdən etibarən tutulmalıdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 mart 2009-cu il təvəllüdlü X2, 19 may 2011-ci il təvəllüdlü X4 və 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 618,07x12=7416,84 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 94,16 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 94,16 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 29 mart 2009-cu il təvəllüdlü X2, 19 may 2011-ci il təvəllüdlü X4 və 01 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması müddəti 18 avqust 2022-ci il tarixdən müəyyən edilsin. Cavabdeh 94,16 (doxsan dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar