Məhkəmə qərarları › İş №2(010)-4097/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4097/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4097/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh valideyni İddiaçı ölən günədək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə el adət-ənənəsi ilə xx.xx.1983cü il tarixdə nikaha daxil olmuş və bu akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.1984-cü ildə Cavabdeh adlı övladı dünyaya gəlmişdir. O, artıq çox yaşlanmışdır. Yaşı ilə əlaqədar tez-tez xəstələnir və bu səbəbdən daimi olaraq işləyə bilmir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, yaşının çox olması və həqiqətən də ağır fiziki işlər görə bilməməsi səbəbindən tez yorulur və buna görə də heç kimi onu işə qəbul etmir. Övladı Cavabdeh işləyərək yaxşı əmək haqqı almasına baxmayaraq, onunla heç maraqlanmır və ümumiyyətlə ona heç bir maddi yardım göstərmir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləməklə hər ay 400-600 manat arasında əmək haqqı alır. Qeyd olunanlara əsasən nəzərə alınmalıdır ki, onun Cavabdeh atası olaraq aliment formasında maddi yardım almaq hüququ vardır. Tərəflərin izahatları İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul edərək tələblə razı olduqlarını bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Minkənd kənd xalq deputatları soveti tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 465525 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı və X1 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. Minkənd kənd xalq deputatları soveti tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş İX- JQ seriyalı, 356760 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X3 (atası İddiaçı, anası X4) xx.xx.1984-cü il tarixdə Laçın rayonunun Minkənd kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/10/2024-00418 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər arasında müvafiq razılıq əldə edilmədiyindən prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Cavabdeh valideynidir. Maddi yardıma ehtiyacı olduğunu iddia edən iddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, cavabdeh olan qızından ölən günədək hər ay 500 manat sabit pul məbləğində aliment ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində Cavabdeh iddianı qəbul etmiş, iddia tələbi ilə razı olduğunu bildirmişdir. Bu səbəbdən cavabdeh iddianın etiraf edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddiaçının cavabdehin valideyni olduğunu, onun maddi yardıma ehtiyacı olmasını cavabdehin qəbul etdiyini, cavabdeh tərəfindən edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (500x12=6000 manat) mütənasib olan 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli və qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı saxlanılması üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilsin. Ödənilməmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar