Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4142/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahingir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı oğlunun, İddiaçı oğlunun etibanamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq-hesabın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq-hesabının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 592 saylı marşrutun istismarçısı olmuşdur və iddiaçı cavabdehə məxsus 592 saylı marşrut xəttində olan avtobusda 3 il müddətində sürücü işləmişdir. Qeyd edilən müddətdə cəmi bir dəfə 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmuşdur. İşlədiyi müddətdə cavabdeh cəmi bir dəfə 269 manat maaş ödəniş edib, həmçinin pandemiya dövründə isə cəmi 220 manat pul ödəmişdir. Qeyd olunmalıdır ki, 3 il müddətində cəmi 499 manat pul almışdır. Lakin işini itirməmək üçün cavabdehdən maaş tələb etməmişdir. Maaşının məbləğini isə daha sonra öyrənmişdir. 2021-ci ilin yanvar ayında işdən azad edilmiş və işdən çıxdığı gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməmişdir, həmçinin qalıq əmək haqqı və son haqq-hesab ödənilməmiş, eyni zamanda bu günə qədər əmək kitabçam təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya üç il müddətində 9720 manat ödənilməmiş əmək haqqı qalmışdır və iddiaçı cavabdehdən dəfələrlə tələb etsə də həmin məbləği bu günə qədər iddiaçıya ödəməmişdir. Ona görə də cavabdehdən ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bank tərəfindən verilmiş çıxarışdan da görünür ki, iddiaçı hesablanmış əmək haqqı düzgün verilməmişdir və cüzi hissəsi verilmişdir. Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı oğlunun etibahnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 manat pulun, mənəvi zərərə görə 3000 manat məbləğində pulun, həmçinin hər gecikdirilmiş gün üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh həm şifahi, həmçinin də yazılı şəkildə iddia ərizəsinə etiraz bildirərək, qeyd etmişdir ki, hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddia ərizəsində adı keçən 592 nömrəli marşrut sahibkarlıq fəaliyyəti dairəsinə aiddir və tərəfindən idarə olunur. İddiaçı cavabdehdə bir müddət işçi olaraq, sürücü işləmiş, əmək münasibəti əmək qanunvericiliyinə uyğun müqavilə ilə tənzimlənmiş, əmək haqqı da “işəmuzd” olaraq müəyyən edilmiş qaydada vaxtında hesablanıb, ödənilmişdir. Ona görə də iddianı qəbul etmir. İddia ərizəsində əmək haqqının və onunla bağlı digər ödənişlərə dair göstərilənlər həqiqətə uyğun olmayan, tam yanlış formal mülahizələr və iftiradır. Belə ki, cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən, əmək münasibəti 01.12.2019-cu il tarixdə başlanmış və 07.01.2021ci il tarixdə təqdim etdiyi ərizəsinə əsasən, 08.01.2021-ci il tarixdə bu münasibətə xitam verilmişdir. Aralarında bağlanmış əmək müqaviləsinə əsasən işçi olaraq o, 01.12.2019-cu il tarixdən işə çıxmışdır. 12.12.2019-cu il tarixdən işə çıxmamış, zəng edib xəstə olduğu barədə məlumat vermişdir. 11.03.2020-ci il tarixdə işə çıxmış, lakin xəstəlik vərəqəsini təqdim etməmiş, evini təmir etdiyindən işə çıxa bilmədiyini deyib, işdə qalmasını xahiş etmişdir. Göründüyü kimi işçi üzürlü səbəb olmadan 3 ay işə çıxmamışdır. Lakin xahişi nəzərə alınıb, işə çıxmadığı günlər, onun üçün ödənişsiz məzuniyyət kimi hesaba alınmış və 12.03.2020-ci il tarixdən işə buraxılmasına icazə verilmişdir. Maaşının artırılması ilə bağlı müraciət qəbul edilmədiyindən, 07.01.2021-ci il tarixdə işdən çıxması barədə ərizə təqdim etmişdir. Ərizəsi qəbul edilib, 08.01.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçılə əmək münasibəti ümumilikdə 13 ay davam etmiş, bundan da 10 ayını faktiki işə çıxmışdır. İşə çıxmadığı 3 ay da onun üçün ödənişsiz məzuniyyət qismində hesaba alınmışdır. Yerdə qalan aylarda işlədiyi günləri, əmək müqaviləsinin şərti “işəmuzd” olduğundan, aylıq maaşına uyğun hesablanıb ödənilmişdir. İşdən çıxandan sonra da işlədiyi son ayın günlərinə və ümumi iş müddətinə görə çatası son haqq-hesabı hesablanıb, ödənilməsi təmin edilmişdir. Bütün işçilərlə olduğu kimi ona da çatası əmək haqqı, adına açılmış bank hesabına köçürülmüşdür. Son haqq-hesabı da elə həmin işdən çıxdığı 08.01.2021-ci il tarixdə hesablanmış və həmin gün də onun bank hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı ona əmək haqqının az hesablandığı və ya hesablanmış əmək haqqıdan az ödənildiyinə, həmçinin ona son haqq-hesabın ödənilməsini gecikdirildiyinə dair qeyd etdikləri həqiqətə uyğun deyildir. Ona əmək kitabçasının verilmədiyinə gəlincə, bu hal da iddia ərizəsində düzgün qeyd edilməmişdir. Belə ki, İddiaçı işə götürüləndə, əvəllər başqa yerdə işlədiyini və əmək kitabçasına malik olduğunu bildirmişdir. Ona əmək kitabçanı təqdim edilməsi deyilmiş, lakin o, adına olan mövcud əmək kitabçasını təqdim etməmişdir. Bu səbəbdən də ona əmək kitabçasının təqdim edilməsi mümkün olmamışdır. Çünki işdən çıxdığı zaman kitabça onun özündə olmuşdur. Lakin bu mübahisəli hal belə deyildir. Əmək kitabçasını təqdim etdiyi zaman, onda əmrin qeyd edilməsi təmin ediləcəkdir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında iddianın qəbul edilməməsini göstərməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən işəmuzd işləyir, bununla əlaqədar yalnız işlədiyi saatlar üçün əmək haqqı almış, hazırki mülki işə baxılması zamanı cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı iddiaçıya ödənilmiş və bu barədə ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iddiaçının, iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndələri və vəkillərinin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh işçi İddiaçı ilə 01 dekabr 2019-cu il tarixdə əsas iş yeri olmaqla avtobus sürücüsü vəzifəsi üzrə işçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil etməklə işəmuzd, müddətsiz olaraq əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 yanvar 2021-ci il tarixli əmək müqaviləsi bildirişə əsasən İddiaçı 08 dekabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə 63 saylı əmrlə, 08 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. 03 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş “Bank of Baku”-ya təqdim edilmiş 2020-ci il iyul üçün əmək haqqının cədvəlinə əsasən İddiaçı iyul ayında 71.22 manat ödənilmişdir. 29 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 94,96 manat ödənilmişdir. 592 saylı marşrut xətti üzrə işçilərin məzuniyyət cədvəlinə uyğun olaraq İddiaçı məzuniyyətinin başlanma tarixi 01 sentyabr 2020-ci, məzuniyyətin bitmə tarixi 21 sentyabr 2020-ci il tarixi kimi qeyd edilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2019-cu ilin dekabr ayı üçün əmək haqqı 32.17 qəpik manat ödənilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən X1 2020-ci ilin aprel ayı üçün əmək haqqı 80.42 qəpik manat ödənilmişdir 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin mart ayı üçün əmək haqqı 56.29 qəpik manat ödənilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin may ayı üçün əmək haqqı 88.46 qəpik manat ödənilmişdir. 09 iyul 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin iyun ayı üçün əmək haqqı 108.00 qəpik manat ödənilmişdir. 08 yanvar 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayı üçün əmək haqqı 219.85 qəpik ödənilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2021-ci ilin yanvar ayı üçün əmək haqqı 24,13 qəpik manat ödənilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı son haqq-hesab üçün 45,80 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlananəmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqıalmaq işçinin hüququdur. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Həmçinin əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq vəqalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (172-ci maddənin 1, 4, 5-ci bəndləri). İddiaçı cavabdehə məxsus 592 saylı marşrut xəttində olan avtobusun sürücüsü 3 il müddətində işləməsi, 3 il müddətində cəmi 499 manat pulun alınması və iddiaçıya üç il müddətində 9720 manat ödənilməli olan ödənilməmiş əmək haqqının tutulmasını və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutulmasını iddia edir. Məhkəmə araşdırılması zamanı hər iki tərəfin izahatlarına və məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla əmək münasibətlərinin 3 il ərzində davam edilməsini iddia etsə də, tərəflər arasında əmək münasibətləri yaranmasının əsası olan və həmin münasibətləri tənzimləyən əmək müqaviləsi 01 dekabr 2019-cu il tarixdə bağlanmış, 08 yanvar 2021-ci il tarixdə əmək müqüviləsinə xitam verilmiş, həmin hallar həmçinin də mülki işin materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 yanvar 2021-ci il tarixli əmək müqaviləsi bildirişi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin münasibətlərin daha əvvəl yaranmasına və rəsmi olaraq qeydə alınmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh işçi İddiaçı ilə 01 dekabr 2019-cu il tarixdə əsas iş yeri olmaqla avtobus sürücüsü vəzifəsi üzrə işçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil etməklə işəmuzd, müddətsiz olaraq əmək müqaviləsi bağlamışdır. İddiaçı işlədiyi dövr ərzində işəgötürən tərəfindən ona yalnız 489 manat ödənilməsini qeyd edir və işlədiyi dövr üçün ona ödənilməli olan 9720 manat ödənilməsini iddia edir. Cavabdeh X4 və onun nümayəndəsi və vəkili iddiaya olan etirazını əmək müqaviləsi ilə əhatə olunan dövr ərzində iddiaçının işəmuzd işlədiyi üçün həmin müddət ərzində müəyyən edilmiş iş satlarından daha az saat işləməsi və bu səbəbdən də iddiaçıya ödənilmiş pul vəsaitini həmin saatlara uyğun olaraq, yəni nəzərdə tutulmuş aylıq 250 manatdan daha az hesablanmasına əsaslandırmışdır. İddiaya olan etirazın bu dəlilinə məhkəmə münasibət bildirərək qeyd edir ki, istər məhkəmə araşdırılması zamanı tərəflərin verdiyi izahatlarında, istərsə də məhkəməyə təqdim olunmuş materiallara əsasən cavabdehin əmək müqaviləsi ilə əhatə olunmuş dövr ərzində iddiaçı işəmuzd işlədiyi üçün həmin müddət ərzində 250 manat əmək haqqının hansı saatlara uyğun olaraq ödənilməsini, hansı əsaslarla əmək haqqının daha az hesablanmasına, ümumiyyətlə əmək müqaviləsində hansı şərtlərə görə 250 manat əmək haqqının ödənilməsini, iş saatlarının hansı qaydada müəyyən edilməsinə, əmək müqaviləsində işçinin işəmuzd işlənməsi qeyd olunsa da, hər saat üçün nə qədər əmək haqqı hesablanmalı olduğunu, 250 manat aylıq əmək haqqının ödənilməsinin nəzərdə tutulması alınması üçün ayda nə qədər saat ərzində işləməli olduğu qeyd olunmamış, əmək haqqının yalnız işəmuzd şəkildə hesablanmasını göstərən cavabdeh hansı şərtlərə uyğun əmək haqqının hesablanmasına dair hər hansı mötəbər sübut və sənəd təqdim etməmişdir. Bundan əlavə cavabdeh iddiaçının müəyyən edildiyi saatlarından daha az işlənməsini qeyd etsə də, buna dair təqdim olunmuş aktlar və əmrlər cavabdehin özü tərəfindən tərtib olunub, hər hansı qaydada rəsmi oaraq qeydə alınmıyıb, möhürlənmiyib, digər sözlərlə hər hansı rəsmi sənədin əlamətlərini özündə əks etdirmirlər və məhkəmə tərəfindən həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəməyə hər iki tərəfin təqdim olunmuş sənədlərə, o cümlədən əmək müqaviləsinin qeydə alınmasına dair və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərə, ödəniş tapşırıqlarına, hesabdan çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 01.12.2019-cu il tarixdə 08.01.2021-ci il tarixədək: 09.07.2020-ci il tarixdə - 108 manat, 10.07.2020-ci il tarixdə - 100 manat, 03.09.2020-ci il tarixdə -71.22 manat, 04.09.2020-ci il tarixdə - 75 manat, 29 sentyabr 2020-ci il tarixdə 94.96 manat, 13 oktyabr 2020-ci il tarixdə - 3.50 manat, 13.10.2020-ci il tarixdə - 95 manat, 08 yanvar 2021-ci il tarixdə - 219.85, 11.01.2021-ci il tarixdə 220 manat, ümumilikdə 987,53 manat ödənilmişdir. Sonradan artıq hazırki mülki işə baxılması zamanı cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayı üçün əmək haqqı 32.17 manat, 2020-ci ilin aprel ayı üçün əmək haqqı 80.42 manat, 2020-ci ilin mart ayı üçün əmək haqqı 56.29 manat, 2020-ci ilin may ayı üçün əmək haqqı 88.46 manat, 2021-ci ilin iyun ayı üçün əmək haqqı 24,13 manat, son haqq-hesab 45.80 manat ödənilmiş, ümumilikdə 327,27 manat ödənilmişdir. Beləliklə, yuxarıda müəyyən edilidyi kimi İddiaçı ümumi olaraq 13 ay ərzində işləmiş, həmin müddət ərzində bir dəfə rəsmi olaraq məzuniyyətə çıxmış, 12 ay ərzində ona hər ay 250 manat məbləğində nəzərdə tutulmuş əmək haqqının, ümumilikdə 3000 manat əmək haqqının və 250 manat məzuniyyət haqqının ödənilməli olduğunu nəzərə alaraq, həmin məbləğ əvəzinə 1314, 80 manat ödənilmişdir. Beləliklə, İddiaçı oğlunun etibahnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın artırılmasına dair ərizə ilə müraciət edərək həmçinin hər gecikdirilmiş gün üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödəncin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı birfaizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi şəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3).Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa,yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh təərfindən məhkəmə araşdırılması zamanı, o cümlədən 02 noyabr 20201-ci il tarixdə bir neçə ayın ödənilməmiş əmək haqqısı ödənilmiş, həmin hal məhkəməyə təqdim olunmuş ödəniş tapşırlıqlarında da öz əksini tapır. Həmin halı məhkəmə ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsinin etiraf kimi qiymətləndirməklə, ödənilməsi gecikdirilmiş əmək haqqının 08 yanvar 2021-ci il tarixdə 02 noyabr 2021-ci il tarixə qədər hər gecikdirilmiş günə əmək haqqının bir faizinin tutulmasını məqsədəmüvafiq hesab edir. Aparılmış hesablamalara əsasən, həmin dövr üçün, o cümlədən 9 ay 24 gün üçün əmək haqqının 1% tutularaq (294x2,5=735), əmək haqqının gecikdirilməsi üçün ödənc 735 manat təşkil edir. İddiaçının ödənilməmiş əmək haqqının və sair tələbi qismən olaraq əsaslı olsa da, məhkəmə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə tənqidi yanaşaraq, həmin tələbi əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloci məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin iddiaçı tərəfindən iş üzrə verilmiş ekspertiza rəyinin dəyərinin əvəzinin cavabdehdən tam tutulmasını əsassız hesab edir. Çünki, tələbin bu hissəsi müstəqil olmayıb, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinin davamı kimi çıxış edir. Tələbin həmin hissəsi qismən təmin edilmədiyinə görə ekspertiza xərcinin tam tutulması da əsaslı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 (bir min doqquz yüz otuz beş manat iyirmi qəpik), gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 (yeddi yüz otuz beş) manat, ümumilikdə 2670,20 (iki min altı yüz yetmiş manat iyirmi qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 (bir min doqquz yüz otuz beş manat iyirmi qəpik), gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 (yeddi yüz otuz beş) manat, ümumilikdə 2670,20 (iki min altı yüz yetmiş manat iyirmi qəpik) manat qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4142/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4142/2021
12.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver