Məhkəmə qərarları › İş №2(010)-4226/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4226/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4226/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edillməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Azyaşlı övladı 18 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 235 manat sabit məbləğində alimentin tutulması, 18 aprel 2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh iddiaçının xeyrinə hər ay sabit 100 manat sabit məbləğində alimentin pulun tutulması, hər iki tələb üzrə (Alimentin və uşaq 3 yaşına çatanadək tutulmalı olan) pul məbləğinin tutulmasının mediasiya təklifinin göndərildiyi 06 iyun 2024-cü il tarixdən hesablanması. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu evlilikdən 18 aprel 2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh azyaşlı övladının saxlanılmasında iddiaçıya yardım etmir və azyaşlı övladı iddiaçının himayəsindədir və uşağın bütün təminatını iddiaçı qarşılayır. Uşaq azyaşlı olduğu üçün iddiaçı işləyə bilmir. Ona görə hesab edir ki, uşağa baxdığı üçün övladı 3 yaşma çatanadək Cavabdeh iddiaçının xeyrinə hər ay sabit məbləğdə 100 manat məbləğində pul tutulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, kirayədə yaşayırlar. İddiaçı ailəli ola-ola onun qızı ilə ailə qurub. İddiaçı birinci ailəsi ilə ayrılmışdır. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, birinci ailəsindən olan uşaqlarının saxlanılması üçün 440 manat aliment ödəyir. O, iddiaçının xeyrinə qızının saxlanılması üçün aliment ödəməyə qəti etiraz edir. İş materialları 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfidən xx.xx.2023-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı tərəfindən doğulmuş X1 atası hesab edilmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli «ilkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «aliment və mənzilə köçürülmə» mübahisəsində xx.xx.2024-cü il tarixə saat 14:00-14:30da keçirilmiş mediasiya iclasda Cavabdeh iştirak etməmişdir. AZEMİS-dən görünür ki, Heydər Əliyev adına Neft Emalı zavodunda texnoloji qurğuların təmiri üzrə çilingər işləyir və gəliri 1323.84 manat məbləğindədir. İşin faktiki halları Tərəflər faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və tərəflərin birgə nikah dövründə 18 aprel 2023-cü il təvəllüdlü X3 adlı uşağı anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehdən azyaşlı övladı 18 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh özünün xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. İddiaçı həmçinin qızının 3 yaşına çatanadək özünün saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını da istəyir. Hər iki tələb üzrə tutulmasının mediasiya təklifinin göndərildiyi 06 iyun 2024-cü il tarixdən hesablanmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir və qızının saxlanılması üçün aliment ödəməkdən qəti imtina edir. Cavabdeh isə iddianı qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 84.1. ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

"Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Eyni zamanda, məhkəmə cavabdehdən üç yaşa qədər uşağın saxlanılması üçün 100 manat aliment tələb olunması ilə bağlı onu qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaq hələ 1 yaşlı körpədir. Bu yaşda uşağın qidalanması, təmizliyi, yuxu rejimi bütövlükdə anasına bağlı olduğundan hazırkı vəziyyətdə ananın işləməsi istisna edilir. Bu səbəbdən ən azından uşaq üç yaşına çatanadək onun saxlanılması üçün anaya cavabdehdən tərəfindən aliment ödənilməsi zəruridir. Lakin məhkəmə tələb edilən alimentin məbləği ilə qismən razılaşmır. Belə ki, iddiaçı uşağın üç yaşına çatanadək saxlanılması üçün cavabdehdən özünə 100 manat sabit pul məbləğində aliment tələb etsə də, məhkəmə alimentin məbləğinin 50 manat məbləğində olmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırki iddia tələbi üzrə nəticəyə gələrkən cavabdehin aylıq əmək haqqının 1323.84 manat olmasını nəzərə almışdır.

Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən övladı - 18 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də 18 aprel 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün onun xeyrinə cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment də tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə «aliment və mənzilə köçürülmə» tələbinə dair mübahisəsi üzrə mediasiyanın tətbiqi ilə bağlı ərizə ilə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş və bildirişlər hər iki tərəfə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə aliment tələbi hissəsində dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 18 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 18 aprel 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək İddiaçı saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar