Məhkəmə qərarları › İş №2(010)-4232/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4232/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4232/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılaraq, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması. İddia tələbinin dəlliləri Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa hər ay 193 manat, ümumilikdə 386 manat aliment pulunun tutulması qət edilmişdir. O, tutulan alimentin miqdarının azaldılması ilə bağlı Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin Məmmədli X1 iştirak etməkdən imtina etmişdir. İddiaçı yeni ailə həyati qurmuş və himayəsində 1 yaşına qədər azyaşlı uşağı vardır. Eyni zamanda himayəsində xəstə anası da yaşayır. Aylıq Əmək haqqına işləyir. Aylıq rəsmi qaydada 315 manat əmək haqqı alır, başqa gəlir yeri yoxdur. Cavabdehə isə hər ay 386 manat məbləğində aliment pulu ödəyir. Ailəsini dolandırmaq üçün maddi imkanı çatmır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İzahatında göstərdi ki, o, tikintidə işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Bundan başqa, özü ikinci dəfə ailə həyatı qurub və həmin faktiki nikahdan xx.xx.2023-cü ildə X5 adlı övladı var. Həmin övladı bağlanmış barışıq sazişinə əsasən özünün yanında yaşayır və qızı Jasminin saxlanılması üçün anası X6 onun xeyrinə hər ay 80 manat sabit pul məbləğində aliment ödəyir. Aldığı əmək haqqı özünün və qızının saxlanılması üçün azdır. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iki uşağının saxlanılması üçün ondan tutulacaq alimentin miqdarının azaldılaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı əsassızdır. Belə ki, iddiaçı himayəsində olan ikinci evliliyindən doğulan qızı Jasminin saxlanılması üçün pul tapır, lakin cavabdehlə birgə yaşayış dövründə dünyaya gəlmiş iki uşaqlarının saxlanılması üçün aliment ödəməkdə çətinlik çəkdiyini bildirir. İddiaçı özünün ehtiyaclarının ödənilməsi üçün bankdan kredit belə götürüb xərcləmiş, lakin iki uşağının saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində ödəmək istəmir və həmin məbləğin azaldılmasını istəyir. Hal-hazırda iddiaçıdan tutulan alimentin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçının ailə quraraq üçüncü övladı olmasını təsdiqləyən bir hal olsa da, istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən azyaşlı uşaqları ilə iddiaçı ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Hal-hazırda iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən bir hal yoxdur, onun maddi vəziyyəti daha da yaxşılaşmışdır ki, o yeni ailə qurmuş və övlad sahibi olmuşdur. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm onunla yaşayan övladının tələbatını, həm də ondan ayrı yaşayan uşaqlarının tələbatını təmin etməlidir. İş üzrə tərəflərin birgə nikahından olan uşaqlar anaları ilə qaldıqlarından, cavabdeh ana kimi öz borclarını yerinə yetirərək uşaqlarının qeydinə qalır və onları saxlayır. Belə olan halda isə iddiaçı ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.13-cü bəndinə məhkəmələrə izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Halhazırda cavabdehdən tutulan alimentin məbləği 2024-cü il üzrə uşaqların saxlanılması üçün müəyyən edilmiş minimum məbləğdən (235 manatdan) 42 manat, iki uşaq üçün 84 manat da azdır. Onsuz da hər bir uşaq üçün minimum yaşayış məbləğindən 42 manat az olan alimentin məbləğinin azaldılması uşaqların maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir. Habelə, iddiaçı anasının xəstə olmasını və onun himayəsində yaşamasını təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iki uşağının saxlanılması üçün işləmək istəyir və bununla əlaqədar əczaçılıq kurslarına gedir. Uşaqlarının saxlanılması üçün iddiaçının ödədiyi məbləğ çox azdır. Əgər iddiaçı alimentin ödənilməsi üçün pul çatdıra bilmirsə, gedib bir neçə yerdə işləyə bilər. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilməsinə baxmayaraq iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş cəmi 386 manat sabit pul məbləğində olan aliment məbləğinin azaldılıb cəmi 300 manat olmasını istəyir. Bu məbləğ də uşaqların yaşayış səviyyəsinin aşağı səviyyəyə düşməsinə gətirib çıxaracaqdır. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4401/2022 saylı xx.xx.2022-ci il tarixli (sədrlik edən hakim T.Mahmudova) qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqlarının ananın yanında qalması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 18 aprel 2014-cü il tarixdə Yardımlı RİH-nin Hamarkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 6 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 11 aprel 2014-cü il təvəllüdlü X9 və 02 iyul 2019-cu il təvəllüdlü X7 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, İddiaçı 11 aprel 2014-cü il təvəllüdlü X9 və 02 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, alimentin tutulması müddəti 07 sentyabr 2022-ci il tarixdən müəyyən edilməsi, qətnamə aliment hissəsində dərhal icra olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində pul cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması, cavabdeh İddiaçı 16,32 (on altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(033)-564/2024 saylı qətnamədən görünür ki, ərizəçi İddiaçı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin olunmuş, xx.xx.2023-cü il təvəllüdlü X3 atası İddiaçı yanında (himayəsində) qalması; X4 Sazişi imzaladıqdan sonra İddiaçı ilə faktiki nikah rnünasibətlerindən dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın sonuncu gününədək İddiaçı 80 (səksən) manat sabit pul məbləğində aliment ödənilməsi barədə İddiaçı ilə X6 arasında bağlanmışxx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «alimentin azaldılması» tələbinə dair mübahisəi üzrə xx.xx.2024-cü il tarizə saat 13:00dan 13:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında X10 iştirak etməmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, İddiaçı "xxxx" MTK-də bənna işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah 2022-ci ildə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin övladı Xədicə və İbrahimin yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 193 manat manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müəyyən edilmiş aliment məbləğinin azaldılmasını və hər ay hər uşağa görə ondan iddiaçının xeyrinə 150 manat məbləğində alimentin tutulmasını istəyir və tələbini onunla əsaslandırır ki, onun himayəsində xx.xx.2023-cü il təvəllüdlü Jasmin adlı qızı var və aylıq gəliri 315 manatdır. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin alimentin azaldılmasının əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi yanında digər nikahından bir övladının olması və həmin uşağın anasının onu tərk edib getməsini irəli sürsə də, bu hal alimentin miqdarının azaldılması üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçının digər nikahından dünyaya gəlmiş övladı Jasminin saxlanılması üçün həmin uşağın anası hazırki iş üzrə iddiaçıya aliment ödəyir. Bundan başqa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 Qərarında belə bir mövqe sərgilənir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının övladları Xədicə və İbrahimin saxlanılması üçün təyin edilən alimentin məbləği 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan aşağıdır. Belə olan halda məhkəmə hesab edir ki, onların saxlanılması üçün müəyyən edilən alimentin miqdarının azaldılması həmin uşaqların üstün mənafeyinə ziddir, çünki bu onların maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar