Məhkəmə qərarları › İş №2(010)-4288/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4288/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4288/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olub.Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü ildə aralarında bağlanmış nikaha xitam verilmişdir. Nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, uşaqlarına maddi yardım göstərir, lakin istəyir ki, hər ay sabit pul məbləğində olsun. Kirayə evdə yaşayır. Uşaqlarının xərcini çatdıra bilmir. Cavabdeh uşaqlarına yaxşı atadır. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, digər ailəsindən olan uşağına 220 manat aliment ödəyir. Hazırda ümumilikdə 300 manat ödəyə bilər. İş materialları Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.Bu haqqda akt qeydləri kitabında 275 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfidən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2015-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfidən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2018-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli «ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi « aliment» mübahisəsində xx.xx.2024-cü il tarixə saat 12:00- 12:30-da keçirilmiş mediasiya iclasda Cavabdeh ilə prosesi davam etdirə bilməmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(004)-1618/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 03 iyun 2014-cü il tarixdə 424 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanıması qət alınmışdır. İşin faktiki halları Tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və tərəflərin birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(004)-1618/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 03 iyun 2014-cü il tarixdə 424 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanıması qət alınmışdır. Hazırda iddiaçı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini istəyir. Cavabdeh isə iddianı qismən qəbul edərək, ümumilikdə 300 manat ödəniş edəcəyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin başqa nikahdan olan övladı üçün də aliment ödəmisini nəzərə almışdır. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsini xx.xx.2024-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar