Məhkəmə qərarları › İş №2(010)-4292/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4292/2025

01.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4292/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş aliment miqdarının azaldılması və ondan Cavabdeh xeyrinə 08 iyun 2013-cü il təvəllüdlü X4 və 04 yanvar 2015-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində bir uşağa 200 manat olmaqla iki uşağa görə cəmi 400 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə 08 iyun 2013-cü il təvəllüdlü X4 və 04 yanvar 2015-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində bir uşağa 160 manat olmaqla iki uşağa görə cəmi 320 manat miqdarında alimentin tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-534/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh xeyrinə 08 iyun 2013-cü il təvəllüdlü X4 və 04 yanvar 2015-ci il təvəllüdlü X1 üçün 2025-ci il üzrə minimum əmək haqqına indeksasiyasına əsasən hər ay sabit pul məbləğində bir uşağa 356 manat olmaqla iki uşağa görə cəmi 712 manat miqdarında alimentin tutularaq ərizəçiyə ödənilməsi qərara alınmışdır. Qeyd edir ki, keçən dövr ərzində məhkəmə qərarında göstərilən 320 manat sabit pul məbləğində alimenti işsiz olduğu təqdirdə vaxtı-vaxtında ödəmişdir. Alimentdən əlavə uşaqlarla görüşməyinə imkan verilməsə də, uşaqlara doğum günlərində hədiyyələr, nağd şəkildə pul anası vasitəsilə göndərmişdir. Hal- hazırda da heç bir yerdə işləmir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

İş materialları

5. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-451/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 08 iyun 2013-cü il təvəllüdlü X4 və 04 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4318/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ilə borclu İddiaçı şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

İşin faktiki halları

6. Tərəflər arasında rəsmi nikahın olması, həmin nikahdan iki uşaqlarının doğulması, tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların ananın yanında qalması və eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləğinin qeyd olunan formada indeksasiya edilməsi işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, ondan yetkinlik yaşına çatmayan övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

9. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

10. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

“8.4-3.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmənin mövqeyi

13. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin ediməlidir.

14. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 08 iyun 2013-cü il təvəllüdlü X4 və 04 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4318/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Hazırki tələbdə iddiaçı indeksasiya edilmiş aliment məbləğinin bir uşaq üçün təxminən aylıq 356 manat olduğunu bildirir və həmin məbləğə etirazını onunla əsaslandırır ki, hazırda qeyd olunan miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər.

15. Məhkəmə qeyd olunan normaya istinadən qeyd edir ki, hazırki işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının hazırda rəsmi iş yeri yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının işləməməsi onun övladlarına münasibətdə aliment ödəmək öhdəliyindən azad etməsə də, lakin bununla belə yuxarıda qeyd olunan məhkəmə qərardadı ilə indeksasiya edilmiş aliment miqdarı – hər ay hər uşaq üçün təxminən 356 manat olmaqla cəmi 712 manat miqdarında aliment məbləğini ödəmək üçün kifayət qədər maddi imkana malik deyildir. Məhkəmə qeyd olunan xüsusları nəzərə alaraq və eyni zamanda yuxarıda qeyd olunan normanı rəhbər tutmaqla hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan aliment miqdarı azaldılmalıdır. Lakin iddiaçı tələbində ondan cavabdehin xeyrinə hər uşaq üçün 200 manat həddində aliment tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, həmin qaydada tutula biləcək aliment miqdarı hazırki dövr üçün yetkinlik yaşına çatmayan uşaqların minimum dolanacaq xərclərinin qarşılanması üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Yetkinlik yaşına çatmayanlar üçün aliment təyin edilərkən əsas meyar kimi cari il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-cü bəndinə uyğun olaraq qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-534/2025 saylı qərardadı ilə minimum əmək haqqı məbləğinin 0.89 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində aliment tutulmalıdır.

Məhkəmə bu formada aliment tutulmasını müəyyən edərkən ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-534/2025 saylı qərardadı ilə minimum əmək haqqı məbləğinin 0.89 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı tutulan aliment miqdarı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində müəyyən edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-534/2025 saylı qərardadı ilə tutulan minimum əmək haqqı məbləğinin 0.89 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı tutulan aliment miqdarı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində müəyyən edilsin. Azaldılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar