Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4301/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 25.07.2015-ci il təvəllüdlü X5 və 25.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin aliment olaraq Cavabdeh alınaraq ona verilməsi, nikahdan doğulan 25.08.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək maddi kömək kimi hər ay üçün 150 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05.03.2015-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 562 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahlarından 25.07.2015-ci il təvəllüdlü X5 və 25.08.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Halhazırda onlar ayrı yaşayır və uşaqlar onun himayəsindədir. Eyni zamanda, hazırkı dövrdə isə o, uşaqlarına qulluq etdiyi üçün işləmir və övladının dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün xərclər tələb edildiyindən, uşaqların gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən uşaqların saxlanılması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, uşaqların qidası, geyimi və s. pul tələb edir. Cavabdeh azyaşlı uşaqlarının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı, cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşaqları maddi cəhətdən təmin etmək ancaq onun vəzifəsidir. Əlavə olaraq, cavabdeh *7555 taksi şirkətinin sahibidir (VÖEN **********). Lakin o, kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, uşaqlarının maddi cəhətdən təmin edilməsindən kənarda dayanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək əlavə etdi ki, cavabdeh fərdi sahibkardır və aylıq sabit gəliri var. Lakin o, bir yerdə yaşadıqları müddətdə evin qida, ərzaq almaqdan başqa evin heç bir ehtiyacını qarşılamamış, uşaqların xərcləri qarşılamamışdır. Cavabdeh ancaq ev üçün ərzaq almışdır. O, hazırda da uşaqların saxlanılmasında iştirak etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğl məhkəməyə ərizə verərək iddianı qismən qəbul etdiyini bildirib hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəməyə heç bir etiraz etmədiyini bildirdi. Həmçinin, əlavə etdi ki, taksi şirkətində icraçı direktordur və onun aylıq sabit gəliri var. Lakin hazırda maddi durumu yaxşı deyil. Kirayədə qalır. İddiaçı ilə birgə təsərrüfat apardıqları vaxtlarda evin bütün ehtiyaclarını özü qarşılamış, hər ay evin ərzaq ehtiyaclarına 1000 manata yaxın pul xərcləmişdir. O, uşaqlarının saxlanılması xərclərindən heç vaxt yayınmamış, uşaqlarına həmişə yaxşı baxmışdır. Sadəcə olaraq, son vaxtlar döyüşlərdən sonra iki yüz min ABŞ dolları pul itirmiş, ona görə maddi sıxıntısı olmuşdur. Odur ki, məhkəmədən ərizənin qismən – hər uşağa 175 manat sabit pul məbləğində aliment – təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28.11.2018-ci il tarixdə verilmiş AZ-İV 216523 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (anası İddiaçı, atası Cavabdeh) 25.07.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.11.2018-ci il tarixdə 6793 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 22.12.2020-ci il tarixdə verilmiş AZ-İV 537246 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (anası İddiaçı, atası Cavabdeh) 05.08.2019-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22.12.2020-ci il tarixdə 6377 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 05.03.2015-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq - 25.07.2015-ci il təvəllüdlü X5 və 05.08.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan həmin uşaqlar hazırda iddiaçının yanında qalır və tərəflər arasında olan nikah pozulmamışdır. Hazırda iddiaçı məhkəmədən cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehin gəlirinin üçdə bir hissəsi miqdarında aliment tutulmasını və üç yaşadək olan uşağın saxlanılması üçün əlavə olaraq 150 manat tələb etmiş, cavabdeh hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 xeyrinə verilməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı 25.08.2019-cu il təvəllüdlü X1 üç yaşınadək saxlanılması üçün cavabdehdən ayda 150 manat aliment tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, uşağın üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 234.2-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməli, 25.07.2015-ci il təvəllüdlü X5 və 05.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancı və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmаlı, əlavə olaraq 05.08.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 12.07.2021-ci il tarixdən etibarən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, Ailə Məcəlləsininn 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 25.07.2015-ci il təvəllüdlü X5 və 05.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment və 05.08.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün əlavə 100 (yüz) manat məbləğində aliment 12 iyul 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4301/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4301/2021
09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver