Məhkəmə qərarları › İş №2(010)-4344/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4344/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4344/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən aliment miqdarının azaldılaraq hər ay 235 manat miqdarında alimentin ondan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 iyul 2015-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 11 oktyabr 2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(074)-327/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış 30 iyul 2015-ci il tarixli. 196 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş övladı X5 Cavabdeh himayəsində saxlanılmaqla hər ay onun əmək haqqından ¼ hissədə alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. O, Şamaxı rayon Təcili və X6 Stansiyasının tibbi yardım üzrə həkimi vəzifəsində işləyir və rəsmi olaraq 1370 manat məbləğində əmək haqqı alır. Bundan başqa onun heç bir yerdən əlavə maddi gəliri yoxdur. Özü Ağsu rayon sakini X11 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları olmadığı üçün bu günə qədər həyat yoldaşının müayinə və müalicələrə həddindən artıq ehtiyacı olduğu halda, onun maddi imkanı çatmır ki, həyat yoldaşının müayinəsinə vaxtlı-vaxtında xərc çəksin və bir övladları olsun. Bu səbəbdən də, ailədə söz-söhbətləri olmuşdur. Əgər bir övladları olmasa, yeni ailəsi də dağılacaqdır. O, hər ay əziyyətlə qazandığı 1370 manat əmək haqqından aliment ödənişi ancaq edə bilir. Bir işdən də başqa işdə işləyə bilmir ki, getsin hardasa ağır işdə işləyib ailəsinə qazanc gətirsin. Tanıdığı apteklərdən müalicəsi üçün nisyə götürdüyü iynə və dərmanların pulunu da ödəyə bilmir. O, yeni ailəsi ilə səfalət içində yaşayır. Bir sözlə, belə yaşamaqdan cana doymuşdur. Hər ay əmək haqqından ¼ hissədə aliment ödəmək imkanı xaricindədir. Cavabdehin ailəsinə əlavə maddi gəlir gəlir. Onun isə özünün və həyat yoldaşının övlad arzusuna maddi imkanı çatmır ki, vaxtlı-vaxtında həyat yoldaşının müalicəsini etdirsin və bir övlad sahibi olsunlar. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir. İddiaçı tərəfin xəbəri belə olmamışdır ki, uşağı xəstəliyi ilə bağlı onkoloji xəstəxanada müalicə alır. Uşaq həmin xəstəxanada əməliyyat olunmuşdur və hazırda da xəstəliyi ilə bağlı müalicəsi davam edir. İddiaçı tərəf sadəcə olaraq işin maddi vəziyyətini fikirləşir, uşağın xərcləri ilə maraqlanmır. Uşaqda əqli gerilik olduğu üçün onlardan başqa heç kimin yanında qala bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3244/2018 nömrəli qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-327/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 50 manat məbləğində maddi yardım tutularaq 11 oktyabr 2016-cı il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün qarşılıqlı iddia üzrə iddiaçı X4 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X10 (atası İddiaçı Seyidməhəmməd oğlu, anası X7) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 913 nömrə ilə qeyd edilmişdir.

7. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Əliyev X2 və X6 X14 Şəxsində təcili yardım həkimi vəzifəsində işləməklə, aylıq əmək haqqı 1370 manat təşkil edir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş həmin uşağın Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bundan başqa, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-327/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı əmək haqqından 1/4 hissədə tutulan alimentin 235 manat sabit pul məbləğində alimentlə əvəz edilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsinə razı olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

16. İddia tələbindən göründüyü kimi İddiaçı məhkəmə qətnaməsi ilə onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan aliment miqdarının dəyişdirilərək, 235 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

17. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, alimentin sabit pul məbləğində tutula bildiyi hallarla bağlı məsələyə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında konkret münasibət bildirilmişdir.

18. Belə ki, həmin qərarda göstərilir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Qərarda daha sonra qeyd edilir ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

20. Bundan başqa qərarda konkret olaraq qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

21. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

22. Hazırkı işdən görünür ki, alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edən, yəni xeyrinə aliment tutulan şəxs - Cavabdehdır.

23. Belə olan halda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ortaya qoyduğu mövqeyə əsasən İddiaçı sabit pul məbləğində aliment tutulması ilə bağlı təşəbbüsü yalnız xeyrinə aliment ödənən şəxs, yəni Cavabdeh göstərə bilər ki, hazırkı işdə bunun əksi baş vermiş, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi iddiaçıdan tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsinə qəti şəkildə etiraz etmişdir. Odur ki, iddia təmin edilə bilməz.

Məhkəmə xərcləri.

24. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar