Məhkəmə qərarları › İş №2(010)-4421/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4421/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4421/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Gülməhəmınəd oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi; xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsalandırmışdır ki, onun Cavabdeh ilə xx.xx.2017-ci ildə el adəti ilə toyu olmuş, lakin nikahları rəsmi qaydada qeyd olunmamışdır. Cavabdehlə yaşayış dövründə xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlu adlı və soyadlı övladıdünyaya gəlmişdir. Cavabdeh ilə ilk vaxtlar ər-arvad kimi münasibətləri normal olmuş, bir müddətdən sonra aralarında mübahisələr başlamışdır. Hesab etmişdirki, uşağı anadan olandan sonra münasibətləri normallaşacaq, lakin hər şey əksinə olmuşdur. Cavabdeh onu eşitmir, üzərinə düşən vəzifələrini yerinə yetirmir, ümumiyyətlə xasiyyətləri uyğun gəlmirdi. Cavabdehlə ər- arvad münasibətləri tam pozulmuş və bir-neçə aydır ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Faktiki nikahdan anadan olmuş azyaşlı uşağıda özü ilə yaşayır və onun bütün maddi ehtiyaclarını təkbaşına ödəyir. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. Hesab edir ki, uşağının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında,xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Gülməhəmınəd oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi; xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə İddiaçı doğulmuş Səmədov Ömər Ravid oğlunun atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindəngörünür ki,xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun valideynləri Cavabdeh və İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, cabadehin ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə almaqla hesab edir ki, uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay 170 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsini məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Ona görə də, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bununla belə, məhkəmə, iddianın Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini əsassız hesab edir və qeyd edir ki, bu tələblə bağlı iddiaçı iddianın əsaslılığı, eləcə cavabdehin məsuliyyətini müəyyən edən əsaslar barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh oğlundan dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü Səmədov Ömər Ravid oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar