Məhkəmə qərarları › İş №2(010)-4433/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4433/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4433/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-4146/2016 nömrəli mülki iş üzrə qəbul etdiyi 24 may 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilərək, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında 10 sentyabr 2011-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1333 №-si ilə qeyd edilmiş nikahın pozulması, 15 yanvar 2013-cü il təvəllüdlü X1 boşanmadan sonra iddiaçı X2 yanında qalması, 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X2 xeyrinə hər ay cavabdeh İddiaçı aylıq qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

2. Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-2193/2018 nömrəli mülki iş üzrə qəbul etdiyi 04 aprel 2018-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı cavabdeh Qasımova (nikah pozulmazdan əvvəl - İsayeva) Günel Elçin qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(010)-4146/2016 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment miqdarı dəyişdirilərək, 15 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 280 (iki yüz səksən) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Qasımova (nikah pozulmazdan əvvəl - İsayeva) Günel Elçin qızına ödənilməsi qət edilmişdir.

3. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 182819 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında 17 fevral 2017-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 fevral 2017-ci ildə 291 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir.

4. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X9 doğulmuşdur.

5. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də qazma qurğusunun motorçusu işləyir və 6669,32 manat əmək haqqı alır.

İşin faktiki halları

6. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın anasının yanında qalmasına və iddiaçıdan cavabdehdən iddiaçının xeyrinə hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə 15 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının azaldılaraq hər ay 200 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, müvafiq aliment miqdarının 280 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

9. Cavabdeh (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2193/2018 nömrəli iş üzrə qəbul etdiyi 04 aprel 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilib, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-4433/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2193/2018 nömrəli iş üzrə qəbul etdiyi 04 aprel 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2193/2018 nömrəli iş üzrə qəbul etdiyi 04 aprel 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

Tərəflərin izahatları

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün mülki işə baxılması davam etdirilmişdir.

12. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, qanunvericilik tərəfindən uşaqların saxlanılması məsələsinə həmişə həssas yanaşılıb. Belə ki, Azərbaycan Respublikası uşaqlarla bağlı demək olar ki, bütün Konvensiyalara qoşulub. Bundan əlavə, Ailə Məcəlləsinin 22-ci maddəsində aliment məsələsi nikahın pozulması işlərinə baxılarkən məhkəmələr tərəfindən mütləq həll edilməli olan məsələ kimi də göstərilib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiya

Maddə 18 Uuşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

19. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-4146/2016 nömrəli mülki iş üzrə qəbul etdiyi 24 may 2016-cı il tarixli qətnaməsi ilə 15 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə hər ay İddiaçı aylıq qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulması qət edilmiş, Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)- 2193/2018 nömrəli mülki iş üzrə qəbul etdiyi 04 aprel 2018-ci il tarixli qiyabi qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək, 15 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 280 (iki yüz səksən) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Qasımova (İsayeva) Günel Elçin qızına ödənilməsi qət edilmişdir. İş materiallarından və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan həmçinin görünür ki, İddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan 2 övladları doğulmuşdur. Hazırki iş üzrə iddiaçının əsaslandırmasından müəyyən olunur ki, iddiaçı maddi vəziyyətinin dəyişdiyi və yeni nikahdan uşağı dünyaya gəldiyi üçün alimentin azaldılması barədə tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir.

20. Məhkəmə hesab edir ki, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının yenidən ailə quraraq evlənməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşağı ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşağının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur.

21. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində pisləşmə olmamış, əksinə iddiaçı hazırda əvvəlkindən də çox, 6669,32 manat əmək haqqı alır. Həmin əmək haqqının ¼ hissəsi aliment kimi tutulduqdan sonra iddiaçının təqribən 5000 manat pulu qalır ki, həmin əmək haqqı ilə iddiaçı digər nikahdan olan uşaqları da eyni səviyyədə saxlamaq, həmçinin öz tələbatını da ödəmək imkanına malik olur. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi əsassızdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar