Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4438/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, iddiaçı Cabarova (Mirzəyeva) Sevinc Ağagül qızının Cavabdeh qarşı “uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cabarova (Mirzəyeva) Sevinc Ağagül qızı Cavabdeh qarşı “uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı məhkəməyə müraciət etdiyi tarixdən bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat sabit pu! məbləğinin Cavabdeh tutularaq iddiaçı kimi ona ödənilməsi və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək Cavabdeh maddi kömək kimi hər ay 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, qızı İddiaçı Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018ci ilin noyabrın ayının 15 günündə 4034 №-ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2020-ci il tarixdə Cabarova Nilay adlı qızları anadan olmuşdur. Evliliklərinin ilk aylarında onlar mehriban yaşasalar da, qızı 8 aylıq hamilə olan zaman cavabdeh tərəfindən döyülmüş və həmin zamandan bəri heç bir köməklik göstərməmişdir. Hətta döyülmə ilə bağlı cinayət işi açılsa da, qızının ərizəsi əsasında cinayət işinə xitam verilmişdir. Lakin bundan sonra da tərəflər arasında münasibətlər düzəlməmişdir. Qızının döyülməsi nəticəsində uşaq doğulan zaman travma alması səbəbilə 6000 manata yaxın xəstəxanaya xərcləri çıxmış və hələ də uşağın müalicəsi davam etməkdədir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir maddi yardım göstərilmir və cavabdehə bu barədə bildirdikdə pulunun olmadığını deyərək köməklik etməkdən yayınır. Qızı lombard şirkətində gündə 2-3 saatlığına işləyir və həmin saatlarda uşağa onunla yoldaşı baxır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, hər bir valideyn kimi o uşağını saxlamağa və aliment ödəməyə razıdır. Lakin hazırda ikinci ali təhsil alır və Milli Aviasiya Akademiyasında kurs keçir. Kursun dərsləri isə çətin olduğu və səhər saat doqquzdan axşam beşin yarısına qədər gününü kursda keçirdiyi üçün işləyə bilmir. Buna görə də uşağın saxlanması üçün maddi köməklik edə bilmir. İddiaçı isə təqdim etdiyi əmək müqaviləsi bildirişindən də göründüyü kimi rəsmi olaraq lombard şikətində işləyir və 280 manat maaş yazılmasına baxmayaraq 500-600 manata yaxın əmək haqqı alır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 300947 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2018-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin noyabr ayının 15-ci günündə 4034 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cabarov, arvada Cabarova soyadı verilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 425700 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 03-cü ayının 14-cü günündə 1522 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən kargüzar kimi lombard fəaliyyəti ilə məşğuldur və 280 manat əmək haqqı alır. Milli Aviasiya Akademiyası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 600 nömrəli arayışdan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Milli Aviasiya Akademiyasının Texniki Xidmət Məktəbində xx xxxxxx 2019-cu il tarixdən etibarən 2 il müddətinə (2542 saat) təşkil olunmuş texnik-mexanik (B1) kursunda dinləyici kimi iştirak edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx xxxxxx 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh övladına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən uşağın 3 yaşına çatanadək ona baxılmasına görə 80 manat maddi yardım tələb etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı kargüzar kimi lombard fəaliyyəti ilə məşğuldur və 280 manat əmək haqqı alır. Tərəflərin birgə nikahdan doğulmuş uşağına isə iddiaçının nümayəndəsinin etiraf etdiyi kimi onlar, yəni uşağın ana babası və nənəsi baxır. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx xxxxxxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aliment tutulması müddəti xx xxxxxxxx 2020-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4438/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4438/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver