Məhkəmə qərarları › İş №2(010)-4485/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4485/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4485/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4050 manat, mənəvi ziyana görə 5000 manat, vəkil xərci 110 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 9190 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 diş həkimi kimi 3 ilə yaxındır ki tanıyır, 2020-ci ilin fevral ayında Cavabdeh1 alt dişlərini təmir etdirmiş, üst dişlərinin təmiri barədə Cavabdeh1 ona implant etdirməyi məsləhət görmüş, implant müalicəni tətbiq edən və Abşeron rayonu Xırdalan şəhərində fəaliyyət göstərən tanış həkimi Cavabdeh2 barədə məlumat vermiş, o da razılaşmışdır. İmplant müalicənin başlaması müqabilində 2020-ci ilin fevral ayında İddiaçı tanışı Cavabdeh1 onun işlədiyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən klinikasında ilkin olaraq 3200 manat pul vermişdir. 2020-ci ilin iyun ayında onlar birlikdə Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhərində yerləşən klinikasına getmiş, Cavabdeh2 İddiaçı dişinin birini çəkmiş, sağaldıqdan sonra implant tətbiq edəcəyini demişdir. Həmin gün İddiaçı Cavabdeh2 verməsi üçün Cavabdeh1 1200 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayında İddiaçı Cavabdeh2 klinikasına getmiş, həkim ona dişinin müalicə olunması üçün “sümük tozu”nun lazım olduğunu demiş o da razılaşmışdır. Həmin gün Cavabdeh2 ona 4 ədəd implant diş qoymuş, 2 ay gözləməyi, əgər implant yaxşı olarsa üzərinə dişlər əlavə edəcəyini bildirmişdir. Həmin gün Cavabdeh1 ondan müalicənin davam olunması üçün 1350 manat pul istəmiş, o da qeyd olunan məbləği tanışı Nicat adlı şəxslə ona göndərmişdir. Lakin iki ay keçdikdən sonra Cavabdeh2 müalicəni tamamlamaq istəməmiş, İddiaçı həkimə buna görə pul ödədiyini bildirdikdə Cavabdeh2 cəmi 1700 manat pul aldığlnı, Cavabdeh1 ona başqa pul vermədiyini, aldığı həmin pul müqabilində müvafiq müalicəni etdiyini demişdir. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4050 manat, mənəvi ziyana görə isə 5000 manat, vəkil xərci 110 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 9190 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı diş həkimi kimi tanıdığı Cavabdeh1 vasitəsilə tanımışdır. 2020-ci ilin iyun ayında Cavabdeh1 İddiaçılə birlikdə onun işlədiyi klinikaya gəlmiş, İddiaçı onun dostu olduğunu, implant etdirmək istədiyini, lakin imkanının məhdud olduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayında İddiaçı 4 ədəd implant qoymuş, implantın möhkəmlənməsi üçün 2 ay gözləməli olduğunu və dişin müalicəsi üçün “sümük tozu” lazım olduğunu demişdir. Lakin İddiaçı pul ödəmədiyi üçün müalicəni tamamlaya bilməmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı dişlərini müalicə etdirmək istəmiş və bu zaman onu panorama rentgenə göndərmişdir. O implant həkimi kimi Abşeron rayonu Xırdalan şəhərində fəaliyyət göstərən Cavabdeh2 məsləhət gördüyünü bildirmişdir. 2020-ci ilin iyun ayında İddiaçılə birlikdə Cavabdeh2 klinikasına getmiş, Cavabdeh2 onun dişinin birini çəkmiş, sağaldıqdan sonra implant edəcəyini demişdir. 2020-ci ilin sentyabr ayında onlar yenə birlikdə Cavabdeh2 klinikasına getmiş, ona 4 ədəd impant qoyulmuş, həkim implantlar sağaldıqdan və möhkəmləndikdən sonra müalicəni davam etdirəcəyini demişdir. Cavabdeh2 xəstəyə baxarkən çənənin sağ tərəfinə sümük tozu lazım olduğunu, sol tərəfə isə lazım olmadığını bildirmişdir. Lakin əməliyyat zamanı Cavabdeh2 çənənin sol tərəfinə də “sümük tozu” lazım olduğunu demişdir, buna görə də o, İddiaçı 1320 manat pulu alıb Cavabdeh2 vermişdir. O ümumilikdə iddiaçıdan birinci dəfə 3200 manat, ikinci dəfə 1200 manat pul götürmüş və həmin pulu Cavabdeh2 vermişdir. Sonuncu dəfə isə İddiaçı Suraxanı RPİnin 32-ci polis bölməsinə şikayət ərizəsi ilə əsasında aparılan araşdırma müddətində o, İddiaçı alıb özündə saxladığı 1320 manat pulu onun tələbi ilə Cavabdeh2 vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin 32-ci PB-də aparılmış araşdırma nəticəsində qəbul edilmiş 15.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda İddiaçı məhkəmə baxışı zamanı verdiyi ifadə ilə eyni məzmunlu izahat vermiş, Cavabdeh1 3 dəfə olmaqla birinci dəfə 3200 manat, ikinci dəfə 1200 manat, üçüncü dəfə 1350 manat olmaqla pul ödədiyini göstərmişdir. Cavabdeh2 təhqiqat araşdırması zamanı eyni məzmunlu izahat vermiş və Cavabdeh1 ona cəmi 1700 manat pul ödədiyini, buna görə də başladığı müalicəni tamamlaya bilmədiyini göstərmişdir. Cavabdeh1 təhqiqat araşdırması zamanı da İddiaçı qeyd olunan məbləğdə pul aldığını etiraf etmiş, Cavabdeh2 4350 manat verdiyini, həmin vaxt üçün 1200 manatı isə özündə saxladığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə tərəflərin verdiyi izahatlardan və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı onun üst dişlərinə implant müalicəsi tətbiq etməsi müqabilində onun vasitəsilə tanış olduğu Xırdalan şəhərində yerləşən “Ağ diş” klinikasında fəaliyyət göstərən Cavabdeh2 vermək adı ilə 3 dəfə olmaqla, ayrı-ayrı vaxtlarda birinci dəfə 3200 manat, ikinci dəfə 1200 manat və sonuncu dəfə 1320 manat pul almış, həmin puldan yalnız 1700 manatının Cavabdeh2 verdiyi öz təsdiqini tapmışdır. Cavabdeh1 məhkəmə baxışı zamanı İddiaçı aldığı pulu Suraxanı RPİ-nin 32-ci PB-də təhqiqat araşdırması aparılan zaman İddiaçı göstərişi ilə Cavabdeh2 verdiyini bildirsə də, məhkəməyə bu barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh1 tərəfindən həmin pulun Cavabdeh2 verilməsi ilə bağlı sübut təqdim olunmadığından iddia qismən təmin olunmalıdır. İddiaçıların mənəvi zərərin əvəzi kimi 5000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ayrı-ayrı vaxtlarda birinci dəfə 3200 manat, ikinci dəfə 1200 manat və sonuncu dəfə 1320 manat olmaqla, cəmi 5 700 manat pul vəsaiti verdiyi və həmin vəsaitin yalnız 1700 manat hissəsinin digər Cavabdeh2 verilməsi təsdiqini tapdığından, iddia tələbi qalan hissədə - 4020 manat məbləğində qismən təmin edilməli, Cavabdeh1 4020 manat məbləğində pul vəsaiti, 110 manat vəkil xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 4020 (dörd min iyirmi) manat məbləğində pul, 110 (yüz on)manat vəkil xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar