Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4486/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh valideynləri İddiaçı2 və İddiaçı1 ölən günədək hər ay hər bir valideyn üçün 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, birgə nikahlarından xx.xx.1990cı il təvəllüdlü Cavabdeh dünyaya gəlmişdir. Onlar artıq çox yaşlanmışlar. Yaşları ilə əlaqədar tez-tez xəstələnirlər və bu səbəbdən daimi olaraq işləyə bilmirlər. Bundan əlavə, yaşlarının çox olması və ağır fiziki işlər görə bilməmələri səbəbindən tez yorulduqlarından heç kim onları işə qəbul etmir. Qız övladları Cavabdeh işləyib yaxşı əmək haqqı almalarına baxmayaraq, onlarla heç maraqlanmır və onlara heç bir maddi yardım göstərmir. Belə ki, o, orta məktəbdə müəllimə işləməklə iş saatlarına uyğun olaraq hər ay 1000-1700 manat arası əmək haqqı alır. Əlavə olaraq, evində fərdi qaydada şagirdlərə dərs keçməklə repetitorluq fəaliyyəti ilə məşğul olur Bu fəaliyyətdən isə hər ay təqribən 2000-3000 manat gəlir əldə edir. Hesab edirlər ki, cavabdehin ata-anası olaraq onların cavabdehdən aliment tələb etmək hüquqları var.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, 1400 manat əmək haqqı alır. Bundan əlavə, kirayə verdiyi evi var və hər ay 350 manat kirayə haqqı alır. Həmçinin özəl kursda işləyir və evdə hazırlıq keçir. Beləliklə, aylıq ümumi gəliri 3000 manatdan çox olur. Onu bu günlərə çatdıran valideynlərinin maddi vəziyyəti hazırda ağır olduğundan hər ay onlara 2000 manat aliment ödəməyə etiraz etmir. Onu da qeyd edir ki, himayəsində olan iki uşağının saxlanması üçün hər ay 400 manat aliment alır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Şaumyan rayon VVAQ tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş, XV- JQ seriyalı, 388509 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası İddiaçı1, anası X2) xx.xx.1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 1228 nömrə ilə qeyd edilmişdir.
6. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəbində müəllim işləyir və əmək haqqı 1399.87 manat məbləğindədir.
İşin faktiki halları.
7. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahından doğulmuşdur.
8. Cavabdeh müəllim işləyir və əmək haqqı 1399.87 manat məbləğindədir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmənin mövqeyi.
11. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh valideynləridir. Maddi yardıma ehtiyacları olduğunu iddia edən iddiaçılar, cavabdeh qızlarından cəmi 2000 manat sabit pul məbləğində aliment tələb etmişdir.
12. Öz növbəsində Cavabdeh iddianı qəbul etmiş, valideynlərinin maddi yardıma ehtiyacları olduğunu, onlara maddi yardım göstərməyə bir övlad kimi borclu olduğunu, tələb etdikləri alimenti ödəməyə maddi imkanı çatdığını bildirmişdir. Cavabdeh aylıq 1400 manat əmək haqqından əlavə, kirayə verdiyi evindən kirayə haqqı aldığını, həmçinin özəl bir kursda müəllimlik etdiyini və evində fərdi dərslər verdiyini, aylıq ümumi gəlirinin 3000 manatdan çox olduğunu, iki uşağının saxlanması üçün uşaqların atasından hər ay 400 manat aliment aldığını əlavə etmişdir. Bu səbəbdən cavabdeh iddianın etiraf edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
13. Yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
14. Məhkəmə, iddiaçıların cavabdehin valideyni olduğunu, onların maddi yardıma ehtiyacları olmasını cavabdehin mübahisələndirmədən qəbul etdiyini, həmçinin cavabdehin iddiaçıların tələb etdikləri alimenti ödəməyə aylıq gəlirinin kifayət etdiyini və bu gəlirin nədən ibarət olduğunu göstərdiyini, dolayısı ilə cavabdeh tərəfindən edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir.
15. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh hər ay hər birinə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində aliment tutularaq iddiaçılara ödənilməlidir.
16. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlanmalıdır.
Məhkəmə xərcləri.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna baxmayaraq, hazırkı iş üzrə İddiaçı1 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı iş üzrə iddianın qiymətinə (2000x12=24000 manat) mütənasib olaraq ödənilməmiş dövlət rüsumu – 162 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dövlət büdcəsinə ödəməli olduğu 162 manat məbləğində dövlət rüsumunun 50 manatı dövlət büdcəsindən artıq ödənilmiş rüsum kimi iddiaçılara qaytarılmalı olan dövlət rüsumu hesabına çıxılmalı, cavabdehdən 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1, 112 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixindən hesablanmaqla, hər ay hər birinə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində aliment tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, artıq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı1, ödənilməmiş 112 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən hesablanmaqla, hər ay hər birinə 1000 (min) manat olmaqla, cəmi 2000 (iki min) manat sabit pul məbləğində aliment tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh artıq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1, ödənilməmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva