Məhkəmə qərarları › İş №2(010)-4499/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4499/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4499/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Qarayev Ömər Cabir oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2004cü il tarixdə nikah bağlanmış, həmin nikah Suraxanı rayon VVADQ şöbəsi tərəfindən eyni tarixdə akt qeydləri kitabında 1033 nömrəsi ilə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Qarayev Ömər Cabir oğlu adlı iki uşaqları doğulmuşdur. Nikah bağlandıqdan sonra bir müddət münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-23/2017 nömrəli qətnaməsilə aralarındakı nikah pozulmuş, hər iki uşağı onunla saxlanılmışdır. Hazırda cavabdeh uşaqların saxlanılmasında ona heç bir maddi yardım göstərmir. Ona görə də, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçı ilə birgə nikahlarından doğulan uşaqlara baxdığını, onların saxlanılması üçün aliment tutulmasına ehtiyac olmadığını və bundan sonra da uşaqlarına baxmaqda davam edəcəyini bildirdi və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Qarayeva (nikahdan əvvəl Nəsirova) Gülnar Ələkbər qızı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və həmin tarixdə Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 1033 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 139158 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2006-cı il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 500 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 139159 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qarayev Ömər Cabir oğlu xx.xx.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 350 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Qarayev Ömər Cabir oğlu adlı iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmuş və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan Yaqub və Ömər adlı uşaqları anası – İddiaçı yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Cavabdeh uşaqları Yaqub və Ömərin saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə və qanuna müvafiq olması qənaətinə gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, məhkəmə azyaşlı uşaqlarını saxlamaq üçün hər ay hər uşağ 170 manat aliment ödəyə bilməyəcəyi və uşaqlarına baxdığı barədə cavabdehin dəlillərini də qəbuledilən hesab etmir. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, cavabdehin bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 216-220, 233.1, 360, 362-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Qarayev Ömər Cabir oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar