Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4503/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm və nikah akt qeydinin bərpa edilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm və nikah akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X2 14.11.1985-ci il tarixində vəfat etməsi ilə bağlı Ermənistan SSR Masis rayon Zəhmət kənd sovetində rəsmiləşdirilmiş ölüm akt qeydinin və X3 ilə X1 30.03.1971-ci il tarixində nikaha daxil olmaqları ilə bağlı Ermənistan SSR Masis rayonu Arbat kənd sovetində rəsmiləşdirilmiş nikah akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərək hesab edilir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədiyindən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi mərhum babasına məxsus olmuş nikah və ölüm akt qeydinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, nikahın və ölümün qeyd edilmə faktı bir-birinə bağlılığı olmayan ayrı-ayrı hüquqi əhəmiyyəti olan faktlardır. Nəzərə alınmalıdır ki, bu iki sənədin də eyni şəxsə məxsus olması o demək deyil ki, iki faktın təsdiqinə də birlikdə baxıla bilər. Əgər belə olsa idi eyni şəxsə məxsus bütün - doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə birlikdə baxılması mümkün olardı. Halbuki, bunlar bir-birindən tamamilə fərqli faktlardır və bir ərizə əsasında baxıla bilməz. Nəzərə alınmalıdır ki, bu faktların müəyyən edilməsi barədə tədqiq ediləcək sübutlar, müəyyən edilməli faktlar da bir-birindən tamamilə fərqlidir və bu hal iki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə bir ərizə əsasında baxılmasını qeyri-mümkün edir. O da qeyd edilməlidir ki, qanunvericilik yalnız bir-biri ilə bağlı olan tələbləri bir ərizədə birləşdirməyə yol verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı ərizədən isə görünür ki, ərizəçi mərhum babasına məxsus olduğunu iddia etdiyi ayrı-ayrı iki akt qeydinin müəyyən edilməsini xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, bir-biri ilə heç bir bağlılığı olmayan iki tələb bir ərizədə birləşdirilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm və nikah akt qeydinin bərpa edilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4503/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4503/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver