Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4608/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvvəlki dövr üçün aliment 3 illik müddət həddindən hesablanmaqla, yəni 2020-ci ilin avqust ayından başlayaraq uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa 220 manat sabit pul məbləğində, həmçinin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan oğlu Timurun saxlanılması üçün onun xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdeh ilə birgə nikah dövründə xx.xx.2005-ci ildə X6, xx.xx.2006-cı ildə X7 və xx.xx.2012-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Qeyd edir ki, oğlu Timur birinci qrup müddətsiz əlildir, digər övladları isə azyaşlıdır. Cavabdeh 2018-ci ildə onu və üç uşağını qoyub çıxıb getmişdir. Cavabdeh gah Gürcüstan Respublikasına, ordan Türkiyəyə, sonrada Rusiyaya getmişdir. Cavabdeh onları tərk edib getdiyi gündən bu günə kimi uşaqlarının saxlanılması üçün maddi köməklik etməmişdir. Hətta əlil oğlunun müalicəsi üçün heç bir maddi yardım etməmişdir. Böyük oğlu Timurun əlilliyi ilə əlaqədar olaraq o da heç vaxt işləyə bilməmiş və hazırda da işləmir. Belə ki, oğlu Timurun daimi qulluğa ehtiyacı var. Uşaqlarının saxlanılmasında, həm də oğlu Timurun müalicəsi üçün valideynləri ona maddi yardım etmiş, hazırdada edirlər. Lakin yenə də maddi cəhətdən çətinlik çəkir. Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları
5. AZ-İ seriyalı 932749 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə İskəndərov, arvada Kazımova soyadı verilmişdir.
6. AZ-İ seriyalı 788066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. AZ-İ seriyalı 788067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. AZ-İİİ seriyalı 020880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. İş materiallarında olan Çıxarışdan görünür ki, X6 “Orqanizm funksiyasının 90 faiz pozulması, Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri tetraparetik forma. Orta dərəcəli əqli gerilik” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir.
İşin faktiki halları
10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər əvvəlcə faktiki ailə münasibətlərində olmuş, bu münasibətdən 3 övladları doğulmuş, daha sonra isə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Hazırda iddiaçı övladları ilə birlikdə ayrı yaşayır və qeyd edir ki, cavabdeh onları tərk edib xarici ölkəyə getmişdir. İddiaçı öz tələbində ona əsaslanır ki, övladlarından ikisi - X7 və X5 yetkinlik yaşına çatmadıqlarından onların saxlanması üçün sabit pul məbləğində aliment təyin edilməli və eyni zamanda yetkinlik yaşına çatmış digər övladı - X6 birinci dərəcəli əlil olduğundan ona qulluq edilməsi üçün qeyd olunan miqdarda əlavə vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
13. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur.
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulması hissəsində qismən əsaslıdır. Belə ki, İddiaçı öz tələbində hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etsə də, lakin Cavabdeh qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində aliment təyin edilməsi zamanı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması rəhbər tutulmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment təyin edilməsi məqsədəmüvafiqdir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin ailə münasibətindən doğulan xx.xx.2005-ci il təvəllüdlü X4 qulluq edilməsi üçün tələb olunan 250 manat pul vəsaitinə münasibətdə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələbindən də göründüyü kimi, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan ər və ya arvaddan aliment tələb etmək hüququna malikdir. İşin hallarından aydın olur ki, tərəflərin ailə münasibətindən doğulan xx.xx.2005-ci il təvəllüdlü X6 “Orqanizm funksiyasının 90 faiz pozultusu ilə müddətsiz birinci dərəcəli əlildir. Eyni zamanda o da müəyyən edilmişdir ki, hazırda xx.xx.2005-ci il təvəllüdlü X3 daimi olaraq qulluğa ehtiyacı vardır və İddiaçı təkbaşına, yəni digər valideynin – cavabdeh X2 heç bir maddi dəstəyi olmadan ona qulluq edir və eyni zamanda övladına qulluq edilməsi ilə əlaqədar olaraq heç bir yerdə işləmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. Tutulacaq alimentin məbləğinə gəldikdə isə, iddiaçı öz tələbində övladının saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etsə də, artıq yuxarıda qeyd eidldiyi kimi, iddiaçı cavabdehin kifayət qədər maddi imkana malik olması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin üzərində iddiaçı ilə ailə münasibətlərindən doğulan digər iki övladının saxlanılması ilə bağlı aliment ödənilməsi ilə bağlı öhdəlik olmasını da nəzərə alaraq hesab edir ki, tərəflərin ailə münasibətindən doğulan xx.xx.2005-ci il təvəllüdlü X4 qulluq edilməsi ilə bağlı hər ay 150 manat sabit pul məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır.
20. Təyin edilmiş aliment məbləğinin hansı tarixdən tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində təyin ediləcək aliment miqdarının 3 illik müddət həddindən hesablanmaqla, yəni 2020-ci ilin avqust ayından başlayaraq hesablanmasını xahiş etmişdir. Hazırkı işdə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə qədər tədbirlər gördüyü, lakin cavabdehin alimenti verməkdən boyun qaçırmasına görə alimentin alınmadığına dəlalət edən halları müəyyən etmir. Məhkəmə qeyd edir ki, AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbindən göründüyü kimi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia ərizəsindən isə görünür ki, iddiaçı hazırki aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı mediasiya orqanına müraciət edərkən 60 manat məbləğində rüsum ödəmişdir. Buna görə də mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı ilə birgə nikahdan doğulan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşın çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment və eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X4 qulluq edilməsinə görə İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.