Məhkəmə qərarları › İş №2(010)-4662/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4662/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4662/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh verdiyi 2800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonun Kiçik Qaramurad kəndində qeydiyyatda olsa da faktiki kirayədə yaşadığı ünvan ünvan 2 torpaq almaq məqsədi ilə internet vasitəsi ilə torpaq alqı-satqısı ilə məşğul olan, Hövsan qəsəbəsində yaşayan Qulu adlı şəxslə 2019-cu ilin may ayının əvvəllərində tanış olmuşdur. Həmin şəxs ona Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 350 m2 torpaq sahəsi göstərmiş və ona bildirmişdir ki, torpağın sahibi Cavabdehdur. Söhbət əsnasında Qulu bildirmişdir ki, Cavabdeh qeyd olunan torpaq sahəsini 2800 manata satır. Həmin qiymət onu qane etdiyi üçün Quluya bildirmişdir ki, torpağın sahibi ilə onu görüşdürsün. 22 may 2019-cu il tarixdə, o, torpağın sahibi Cavabdeh ilə Hövsan qəsəbəsində görüşmüşdür. Söhbət əsnasında Taleh bildirmişdir ki, göstərilən torpaq sahəsi ona məxsusdur. Torpağın bir hissəsini satıb və qalan 350 m2 satmaq istəyir. O, Talehlə 18 saylı notariat kontoruna gedərək Talehin ona torpaq satması barədə etibarnamə almışdır. Notariusda torpaq alqı-satqısı ilə məşğul olan və vasitəçilik edən Qulunun yanında ona torpaq satan Cavabdeh 2800 manat pul vermişdir. Notariusda ona pul verməsi barədə ərizə tərtib olunmuş və həmin ərizəyə Cavabdeh imza etmişdir. 2021-ci ilin aprel ayının sonunda aldığı torpaq sahəsində ev tikmək üçün gələndə görmüşdür ki, divarda ona satılan torpaq sahəsinin satış elanı var. O, Quluya zəng vuraraq bildirmişdir ki, nəyə görə onun aldığı torpaq sahəsi başqasına satılır. Həmin gün ona torpağı satan Cavabdeh ilə görüşüb ona iradını bildirərək, ona verdiyi pulu tələb etmişdir. Taleh ona bildirmişdir ki, torpağı ona satmaq istəmir və onun pulunu qaytaracaq. Artıq 3 aydır ki, o, öz pulunu tələb etməsinə baxmayaraq, pulu qaytarmır. Nə də ki, ona satılan torpaq sahəsini vermir. Odur ki, məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ev tikmək üçün torpaq almaq məqsədilə Qulu adlı şəxsə yaxınlaşmış, onun vasitəçiliyi ilə ünvan 3ndə yerləşən 350 m2 torpaq sahəsini almaq məqsədilə torpağın sahibi olan Cavabdeh ilə tanış olmuşdur. Onunla torpaq sahəsinin 2800 manata satılması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra onlar notariusa getmiş, notariusda Taleh həmin torpaq sahəsi ilə bağlı ona etibarnamə vermişdir. O da notariat ofisinin qarşısında sonradan əsl adının Elşad olduğunu öyrəndiyi Qulu kimi tanıdığı şəxsə 2800 manat məbləğində pulu vermiş, Qulu da həmin pulu Talehə vermişdir. Taleh həmin pulun ona verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş ərizə də yazmışdır. Lakin pulu almasına baxmayaraq, Taleh ona torpağı satmamış, pulunu da qaytarmamışdır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən verilmiş və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22.05.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki: “Ərizəmlə yazıb bildirirəm ki, mənim adıma olan ünvan 3 ünvanında yerləşən 350 m2 torpaq sahəsini – İddiaçı 2800 (iki min səkkiz yüz) manata satmışam. Həmin məbləği tam olaraq almışam. Gələcəkdə həmin əmlaka dair heç bir iddiam və tələbim olmayacaq. Ona görə imza edirəm”. 22.05.2019-cu il tarixli, AR-İ 797303 nömrəli Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, etibar edən Cavabdeh həmin etibarnamə ilə öz adına olan ünvan 3 ərazisində yerləşən 350 m2 torpağı özəlləşdirməyi, sərəncam verməyi, aidiyyəti orqanların razılığını aldıqdan sonra tikinti işləri aparmağı, DƏDRX-dən çıxarış almağı, 1 saylı formada arayış almağı, RİH-də, ƏMDK-da, Bələdiyyədə, FHN-də onu təmsil etməyi və etibarnamədə göstərilmiş digər bütün səlahiyyətləri İddiaçı etibar etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ev tikmək üçün torpaq axtaran zaman Cavabdeh tərəfindən satışa çıxarılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənirkənarı küçəsində yerləşən 350 m2 torpaq sahəsini görüb bəyənmiş, torpaq sahəsini 2800 manata almaq barədə cavabdehlə razılaşmış, bu məqsədlə ona 2800 manat məbləğində pul vermiş, tərəflər arasında notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanılmasa da cavabdeh notariat qaydasında təsdiqlənmiş ərizə verərək həmin torpağın satışı məqsədilə 2800 manat məbləğində pulu İddiaçı aldığını qəbul etmişdir. Elə həmin gün həmin torpaq sahəsi üzərində bir sıra səlahiyyətlərinin cavabdehə etibar edilməsi ilə bağlı etibarnamə vermişdir. Lakin cavabdeh bu pulu torpağı iddiaçıya satmaq üçün ondan aldığını qəbul etsə də həmin torpağı iddiaçıya satmamışdır. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 2800 manat məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 2800 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizə ilə müəyyən edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya satmağı vəd etdiyi torpaq sahəsi üzərində bir sıra səlahiyyətlərin etibarnamə əsasında iddiaçıya etibar edilməsi onun iddiaçıdan aldığı pulun hüquqi əsasını təşkil edə bilməz. İİlk növbədə, ona görə ki, cavabdeh bu pulu iddiaçıdan torpaq sahəsini ona satmaq qarşılığında almışdır. Həmçinin, gələcəkdə bu etibarnamənin cavabdehin təşəbbüsü ilə ləğv edilməsi istisna edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar