Məhkəmə qərarları › İş №2(010)-4696/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4696/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4696/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi, həqiqətə uyğun olmayan məlumatların təkzib olunması və cavabdehin üzərinə üzr istəməsi vəzifəsinin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış şikayətlərində göstərdiyi “onun 2000 manat tələb etməyi" barədə məlumatların yayılması nəticəsində ona dəymiş mənəvi zərər qismində 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi, Cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış şikayətlərində göstərdiyi "onun 2000 manat tələb etməyi" barədə həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməsinin və məlumatların yayıldığı formada ondan üzr istəməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin təsisçisi və direktorudur. "xxxx" MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 25 iyul 2005-ci il tarixdə Podrat müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə "xxxx" MTK öhdəliklərini yerinə yetirmədiyinə görə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nin iddiası təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarı bütünlüklə "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icraya yönəldilmiş, icra sənədi Suraxanı rayon icra şöbəsi tərəfindən icra edilərək, binanın istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, bununla əlaqədar zəruri olan bütün sənədlər də onlara təhvil verilmiş, yəni "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi həmin binadan çıxarılmışdır. Hal-hazırda da ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası "xxxx" MMC-nin idarəçiliyindədir. Həmin binanın yeni sakini olan, Cavabdeh (bundan sonra cavabdeh) hər hansı bir səbəblə ona, o cümlədən, yaşadığı evdə elektrik xəttinin kəsilməsi ilə bağlı müraciət etməmiş, lakin müxtəlif instansiyalara şikayət edərək, onun cavabdehdən sayğac quraşdırılması üçün guya 2000 manat məbləğində pul tələb etməyini göstərmiş, bununla da onu rüşvət almaqda təqsirləndirmişdir. Bildirmək istəyir ki, həmin mənzilə yenicə köçmüş bu cavabdehin bu günə qədər hələ üzünü görməmişdir. Cavabdehə dəfələrlə mənzilinin çıxarışının surətini təqdim etməsi, kommunal müqaviləsinin bağlanması və ümumiyyətlə tanışlıq üçün ofisə gəlməsi barədə ismarıc göndərsə də, cavabdeh buna əhəmiyyət verməmiş, əksinə ondan müxtəlif orqanlara böhtan xarakterli ərizələrlə şikayət etmişdir. Cavabdehin öz şikayətlərində ondan pul tələb etməsini göstərməsi onun bir sahibkar kimi işgüzar nüfuzuna xələl gətirmiş, bir şəxs kimi isə şərəf və ləyaqətini ləkələmişdir. Onu da qeyd etmək istəyir ki, sözügedən mənzilin əvvəlki sahibi Minaxanım Əliyeva işıq sayğacı olmadığına görə işıq enerjisindən qeyriəhali kimi istifadə etmiş və vaxtı-vaxtında işlətdiyi sərfiyyatın pulunu ödəmişdir. Mənzili satmamışdan öncə M.Əliyeva mənzilinə elektrik sayğacının quraşdırılması üçün ona ərizə ilə müraciət etmiş, onlarda öz növbəsində cəmiyyətin adından ASAN Kommunala müraciət etmişlər. Cavabdeh mənzilinə köçəndən bəri işlətdiyi enerjinin, habelə kommunal haqqlarını da ödəməkdən imtina etmiş və onu görmədən, tanımadan yuxarıda qeyd etdiyi böhtan xarakterli ərizə ilə Energetika Nazirliyinə şikayət etmişdir. O, bu vaxta qədər bir sahibkar kimi işgüzar aləsində öz nüfuzunu qoruyub saxlamağa çalışmış, lakin cavabdeh hansısa məqsədlə onu dövlət orqanlarına bir cinayətkar kimi təqdim etmiş, işgüzar nüfuzunu ləkələmişdir. Bütün bu hallar, onun barəsində kütləvi formada mənfi fikirlərin formalaşması bir fiziki şəxs kimi onun fiziki sarsıntı keçirməyinə də səbəb olmuşdur ki, bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. O, özünə dəymiş mənəvi zərəri 8 000 manat dəyərləndirir və bu məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Bundan əlavə cavabdehin yaydığı "onun 2000 manat məbləğində pul tələb etməsi" barədə həqiqətə uyğun olmayan məlumatları cavabdeh tərəfindən təkzib edilməsini və cavabdehin ondan üzr istəməsini də o, məhkəmə yolu ilə tələb edir. Qanunvericiliyin tələbindən də görünür ki, şəxs barəsində yalan məlumatın hətta ərizə, məktub və şikayətdə göstərilməsi həmin məlumatın yayılmış hesab edilməsi kimi başa düşülür və bu zaman həmin məlumatın yalan olmamasını sübut etmək məlumatı yayan şəxsin öhdəsinə düşür. İşin hallarından da görünür ki, cavabdeh onun 2000 manat pul tələb etməyi barədə yalan məlumatlar vermiş, yəni bu yalan məlumatı yaymaqla onun şərəf və ləyaqətini ləkələmişdir. İşin diqqətəlayiq hallarından biri də odur ki, cavabdeh bu məlumatın yalan olmasını bilə-bilə bu məlumatı yaymışdır. Yəni əslində isə o, cavabdehi bir dəfə də olsun görməmiş, onunla söhbət etməmiş, cavabdeh ona hər hansı bir problemin həlli ilə bağlı müraciət etməmişdir. Beləliklə də belə hesab edir ki, cavabdehin müxtəlif dövlət orqanlarına ünvanlanmış şikayətlərində göstərdiyi ''onun 2000 manat tələb etməyi" barədə məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək, cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməli, cavabdeh ondan üzr istəməli və ona dəymiş mənəvi zərəri ödəməlidir.

Tərəflərin izahatları.

3. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasının xahiş etmişdir.

4. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, yaşadıqları binada kommendant yoxdur, lakin sədrliyi İddiaçı özü edir. O həmin binada yerləşən mənzili alqı-satqı müqaviləsi bağlayaraq almış və həmin mənzilə köçərək orada yaşamışdır. Lakin həmin mənzilə köçən gündən onunla MTK-nın əməkdaşları arasında mübahisə yaranmışdır. Belə ki, onun mənzilinə verilən elektrik enerjisini dayandırmışlar və bununla bağlı o, "xxxx" ASC-yə müraciət etmişdir. Lakin "xxxx" ASC-nin əməkdaşları ona bildirmişlər ki, işıq MTK-nın əməkdaşları tərəfindən söndürülür. Bununla bağlı o Energetika Nazirliyinin qaynar xəttinə müraciət etmişdir. Belə ki, İddiaçı ona bildirmişdir ki, onun mənzilinə işıq sayğacının quraşdırılması üçün "xxxx" ASC-yə 2000 manat pul verilməlidir. O, Energetika Nazirliyinə şikayət edərkən İddiaçı pulu özü üçün tələb etmədiyini, sayğacın quraşdırılması üçün "xxxx" ASC-yə verilməli olduğunu qeyd etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahid İfadələri

5. Şahid1 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də elektrik vəzifəsində işləyir. İddiaçı "xxxx" MMC-nin sədridir. Mübahisəli mənzil X1 məxsus olmuş və o həmin mənzili cavabdehə satmışdır. Həmin binada elektrik enerjisinə görə borc yarandığından "xxxx" ASC-nin əməkdaşları gələrək işığın verilməsini dayandırırlar və ödəniş ediləndən sonra işığı verilməsini bərpa edirlər. Həmin MTK-da bəzi vətəndaşların mənzillərinə quraşdırılmış sayğaclar qeyri-əhali qrupuna aiddir və 0.11 qəpikdən ödəniş edirlər. İddiaçı mənzillərə verilən elektrik enerjisinin dayandırılması ilə bağlı heç vaxt heç kimə göstəriş verməmişdir.

6. Şahid2 izahatında bildirmişdir ki, o, MTK-nın üzvüdür və həmin binada yaşayır. Bu ilin yay aylarında onların yaşadığı binaya su gəlmirdi. Binaya gələn su köhnə borudan gəldiyindən gündə ancaq 1 saat ərzində su verilirdi. Bununla bağlı olaraq Azərsu ASC-yə müraciət etmişlər. Lakin Azərsu ASC-nin nümayəndəsi həmin borunun eynisi ilə əvəz olunmasına razılıq vermiş, lakin su borusunun sakinlərin öz hesablarına almalarını təklif etmişlər. Bununla bağlı olaraq sakinlər yığışaraq pul yığmaq qərarına gəlmişlər və bəzi sakinlər həmin vəsaiti iddiaçının kartına köçürmüşlər.

7. Şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə həmin mənzilə köçmüşlər və xx.xx.2024-cü ildə İddiaçı onlara yaxınlaşaraq 40 manat köçürülməsini bildirmişdir. Halbuki həmin mənzil alınarkən həmin mənzilə dair heç bir borc mövcud olmamışdır. xx.xx.2024-cü ildə onlar lift vasitəsilə mənzilə qalxan zaman həmin binada işləyən Hikmət adlı şəxs lifti bilərəkdən dayandırmış və buna görə də aralarında insident yaranmış və bununla bağlı olaraq o polisə zəng vuraraq məlumat vermiş və polis əməkdaşları gələrək Hikməti aparmışlar. Bundan əlavə onlar yaşadığı mənzilə verilən eletrik enerjisi dəyəri daha çox hesablandığından bununla bağlı olaraq ASAN Kommunal xidmətinə müraciət etmişlər ki, onların mənzilinə yeni sayğac qoyulsun. İddiaçı isə onlara köməklik göstərəcəyini bildirmişdir. Lakin ASAN Kommunal xidmətindən onlara bildirdilər ki, İddiaçı MTK-nın rəhbəri kimi onlara heç bir müraciət etməmişdir. Bundan 2-3-gün sonra İddiaçı onlara yaxınlaşaraq "xxxx" ASC-yə verilməsi üçün 2000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə mənzilə eletrik enerjisinin verilməsi dayandırıldı. Buna görə də o qaynar xəttə zəng vuraraq şikayət etmişdir.

İş materialları.

8. Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli e-2-2(113)- 3861/2022 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, Bina 13 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" MTK-dən alınaraq, "xxxx" MMC-nə təhvil verilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə 08 sentyabr 2021-ci ildə X1 məxsusdur.

10. Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3; Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 445, M14, m2 tam mülkiyyət hüququ üzrə 22 may 2024-cü ildə Cavabdeh məxsusdur.

11. X2 ilə Cavabdeh arasında 16 may 2024-cü ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.3 kv/m olan mənzilin tam mülkiyyət üzrə Cavabdeh vermişdir.

12. "xxxx" MMC ilə X2 arasında 09 yanvar 2024-cü ildə kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.

13. Məlumatların surətindən görünür ki, Cavabdeh 29 iyul 2024-cü ildə çağrı mərkəzinə müraciət etmişdir. Bildirdiyi şikayət bundan ibarətdir: “kommendant 4 gündür ki, işığı kəsib. "xxxx" ASC ilə MTK arasında yaranmış problemə görə mənzilə sayğac quraşdırılmayıb. Kommendant sayğacın quraşdırılması üçün abonentdən 2000 manat pul tələb edir. Vətəndaş aidiyyəti üzrə müraciət etsə də, heç bir tədbir görülməyib. Ünvan işıqsız olduğu üçün şikayətçi öz evində yaşaya bilmədiyini bildirdi. Müraciətçi işığın bərpası ilə bağlı təcili köməklik göstərilməsini xahiş edir”.

14. “Azəriqaz” İB tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MMCnin sifarişi ilə "xxxx" MTK tərəfindən inşa edilən tikintisi başa çatmış 4 bloklu, 15 mərtəbəli, 322 nömrəli mənzili yaşayış binasının qaz təchizatı ilə əlaqədar “Azəriqaz” İB tərəfindən 24 may 2019-cu il tarixli 11164 nömrəli texniki şərt verilmişdir. Bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MTK tərəfindən inşa edilən 4 bloklu, 15 mərtəbəli, 322 nömrəli mənzilli yaşayış binasının qazlaşdırılması işləri tam başa çatmış və “Azəriqaz” İB-yi tərəfindən təbii qazdan istifadə etməyə icazə verilərək istismara qəbul edilmişdir.

15. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-nin nəznində olan 33 mənzilin saygacla təmin olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur.

İşin faktiki halları.

16. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktorudur. Cavabdeh isə ünvan 3 saylı mənzilin 22 may 2024-cü il tarixdən mülkiyyətçisidir. Tərəflər arasında mübahisə mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı yaranmışdır. Bununla bağlı Cavabdeh 29 iyul 2024-cü ildə çağrı mərkəzinə müraciət etmişdir. Bildirdiyi şikayət bundan ibarətdir: “kommendant 4 gündür ki, işığı kəsib. "xxxx" ASC ilə MTK arasında yaranmış problemə görə mənzilə sayğac quraşdırılmayıb. Kommendant sayğacın quraşdırılması üçün abonentdən 2000 manat pul tələb edir. Vətəndaş aidiyyəti üzrə müraciət etsə də, heç bir tədbir görülməyib. Ünvan işıqsız olduğu üçün şikayətçi öz evində yaşaya bilmədiyini bildirdi. Müraciətçi işığın bərpası ilə bağlı təcili köməklik göstərilməsini xahiş edir”. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda həmin pul vəsaitinin İddiaçı tərəfindən özü üçün deyil, "xxxx" ASC-yə verilməsi üçün tələb etdiyini bildirmişdir. İddiaçı həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməsinin və məlumatların yayıldığı formada ondan üzr istəməsinin cavabdehin üzərinə qoyulmaqla yanaşı, mənəvi zərərə görə 8000 min manat təzminat ödəmək barədə öhdəlik qoyulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 aprel 2004-cü il tarixli Qərarı

Demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müəyyənləşdirilmişdir. Bu hüququn tənzimlənməsini nəzərdə tutan «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin 1-ci abzasına əsasən dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər.

20. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

22. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktorudur. Cavabdeh isə ünvan 3 saylı mənzilin 22 may 2024-cü il tarixdən mülkiyyətçisidir. 23.Tərəflər arasında mübahisə mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı yaranmışdır. Bununla bağlı Cavabdeh 29 iyul 2024-cü ildə çağrı mərkəzinə müraciət etmişdir. Bildirdiyi şikayət bundan ibarətdir: “kommendant 4 gündür ki, işığı kəsib. "xxxx" ASC ilə MTK arasında yaranmış problemə görə mənzilə sayğac quraşdırılmayıb. Kommendant sayğacın quraşdırılması üçün abonentdən 2000 manat pul tələb edir. Vətəndaş aidiyyəti üzrə müraciət etsə də, heç bir tədbir görülməyib. Ünvan işıqsız olduğu üçün şikayətçi öz evində yaşaya bilmədiyini bildirdi. Müraciətçi işığın bərpası ilə bağlı təcili köməklik göstərilməsini xahiş edir”. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda həmin pul vəsaitinin İddiaçı tərəfindən özü üçün deyil, "xxxx" ASC-yə verilməli olduğunu bildirmişdir. İddiaçı həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməsinin və məlumatların yayıldığı formada ondan üzr istəməsinin cavabdehin üzərinə qoyulmaqla yanaşı, mənəvi zərərə görə 8000 min manat təzminat ödəmək barədə öhdəlik qoyulmasını xahiş etmişdir.

24. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, birbiri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır.

25. İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla MMC-yə operativ idarə edilməsini həyata keçirməklə, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq və digər fəaliyyəti həyata keçirməklə MMC-nin fəaliyyətinə nəzarəti həyata keçirir. İş materiallarından və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdehin şikayəti onun mənzilinə verilən elektrik enerjisinin dayandırılması ilə bağlı olmuş və iddiaçı ilə hər hansı qərəzli münasibəti olmamışdır. Cavabdehin qeyri-hüquqi hərəkəti, yəni iddiaçı barəsində sonuncunun şəxsi, xidməti və əmək fəaliyyəti barəsində həqiqətə uyğun olmayan, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında iddiaçı barəsində mənfi rəy yaradan məlumatları yayması iş materiallarından müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğundur və hazırkı halda müraciət vətəndaşın dövlət orqanına müraciət etmək hüququ kimi qiymətləndirilməlidir.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Hər bir şəxsiyyətin ləyaqətinin qorunması dövlətin vəzifələrindən biridir və hər hansı halın baş verməsi şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verməməlidir. İnsanın ləyaqəti qorunmalı və ona hörmət olunmalıdır.

27. İddiaçının mənəvi zərərin əvəzi kimi 8000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

28. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdehə məxsus mənzildə elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsilməsi cavabdehin haqlı narazılığına səbəb olmuş və o, dövlət orqanına müraciət etmək hüququndan istifadə edərək bununla bağlı öz iradını bildirmişdir. İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla MMC-yə rəhbərliyi həyata keçirdiyindən bununla bağlı olaraq "xxxx" ASC-dən xəbərdarlıq tələb etmək və bununla bağlı sakinlərə məlumat vermək kimi öz funksiyasını həyata keçirməmişdir.

Məhkəmə xərcləri.

29. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsi ilə qiymətləndirilən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi, həqiqətə uyğun olmayan məlumatların təkzib olunması və cavabdehin üzərinə üzr istəməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia rədd edilməlidir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi, həqiqətə uyğun olmayan məlumatların təkzib olunması və cavabdehin üzərinə üzr istəməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar