Məhkəmə qərarları › İş №2(010)-4702/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4702/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4702/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həmin nikahdan üç uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşlar. Bildirmək istəyir ki, cavabdeh demək olar ki, birgə nikahdan olan uşaqları ilə maraqlanmır və onların normal sağlam böyüməsi, habelə maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, o, 300 manat məbləğində əmək haqqı alır və başqa gəlir mənbəyi yoxdur. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - AZ İ 398468 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci ildə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 189 nömrə ilə qeyd edilmişdir. Arvada Ramazanova soyadı verilmişdir. - AZ-İİ 108702 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİ 646293 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ 886351 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - xx.xx.2022-ci il tarixli, 001 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Fərdi X1 məxsus İnşaat Malları mağazasında satış köməkçisi vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 manat təşkil edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır və iddiaçı onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Hazırda iddiaçı tərəf uşaqların maddi ehtiyaclarını təkbaşına ödəyə bilmədiyindən iddia tələbinin təmin edilməsin xahiş edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı olmadığını bildirərək qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmadığını bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilmədiyindən əsaslı deyildir. Eyni zamanda, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün aliment tutulmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən tərəflərin əmlak vəziyyətini, cavabdehin aldığı əmək haqqı ilə bağlı təqdim etdiyi arayışı nəzərə alır, eyni zamanda hesab edir ki, azyaşlıların mənafeləri aliment məbləği təyin edilərkən əsas tutulmalıdır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla ümumilikdə 390 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesi ilə əlaqdar ödənilmiş 50 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar