Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-475/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 5000 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 5530 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı 5000 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 5530 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmış və «BMW 525» markalı, **-LK- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində «BMW 525» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 5 000,00 (beş min manat) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı Ağır Cinayətlər məhkəməsindən xx.xx.2018-ci il tarixli, 1(101)-816/2018 saylı hökmünə əsasən Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və Hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi anda sərxoş olduğu qeyd olunmuşdur. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2019-cu il tarixli, AS-19/3520 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Ona görə də, tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC məhkəməyə yazılı şəkildə müraciət edərək iş üzrə keçiriləcək məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və nəticə verilməsini mümkün hesab edir. İş üzrə Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının irəli sürdüyü iddia əsassızdır. Mərhum orta dərəcəli sərxoş olub, zərərcəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında iştirak edərək, onlara qarşı heç bir tələbinin olmadığını bildirmişdir. O, mərhumun hüquqi varisinə 3000 manat mənəvi zərər ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən, sığorta ödənişi hissəsində təmin edilməli, işlərin görülməsi xərcinin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı “xxxx” ASC ilə sığortalı Cavabdeh arasında «BMW 525» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə xx.xx.2017-ci il tarixli, sığorta təminatının müddəti 1 il olan, PAA********** №-li sığorta müqaviləsi bağlanmışdır. -DİN Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Cavabdeh məxsus sürücülük vəsiqəsi yoxdur. “BMW 525” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh adına qeydiyyatdadır. -xx.xx.2019-cu il tarixli №AS-19/3520 saylı geriyə tələb məktubundan görünür ki, “xxxx” ASC ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə PAA********** №-li sığorta müqaviləsi bağlanmış və «BMW 525» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdə «BMW 525» markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xəzər rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 5 000,00 (beş min manat) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-816/2018 saylı x xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəllənin 263-1.3-cü maddəsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma hallarına görə, 264-cü maddəsi yol nəqliyyat hadisəsi yerindən qaçma hallarına görə sanksiyaları nəzərdə tutur. Göründüyü kimi, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Çünki, qüvvədə olan məhkəmə hökmü ilə hadisə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -7999/18/AA-7263/18 saylı sığorta aktından və BO000017090 saylı ödəniş tapşırığından görünür ki, X2 qızına sığorta ödənişi 5000.00 manat təşkil etmişdir. -İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.2. bu Qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; -25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Həmin Qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, 5000.00 manat məbləğ Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin 500.00 manatın işlərin görülməsi xərclərinin əvəzi kimi tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmamış, tələbin əsaslı olmasına dəlalət edən hər hansı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia qismən təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-475/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-475/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver