Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-48/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə və işdən çıxma müavinətinə görə pul məbləğinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə və işdən çıxma müavinətinə görə pul məbləğinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən istifadə etmədiyi 1999-2018-ci illər üçün bütün iş illərinin əsas məzuniyyətlərinə görə və işdənçıxarma müavinətinə görə ödənilməli olan pul məbləğinin hesablanaraq Cavabdeh MMC-dən və ya onun hüquqi varisindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildən 2018-ci il tarixədək Cavabdeh MMC-də kəsici işləmişdir. 2018-ci il tarixdə onun ərizəsi olmadan işdən azad edilmişdir. İşlədiyi 10 il müddətində əmək məzuniyyətindən istifadə etməmiş, əmək məzuniyyətinə görə heç bir pul almamışdır. İşdən azad edilən zaman heç bir haqq-hesab almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda-azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda-azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda-azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının iclasından azad edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, 1999-cu ildən "xxxx" firmasında işləmişdir. Bu şirkətin adı sonradan "xxxx"-yə, daha sonra isə Cavabdeh MMC-yə dəyişmişdir. 2019-cu ilə qədər həmin şirkətdə işləmişdir. Şirkətdə işlədiyi bütün dövrdə heç vaxt məzuniyyətə çıxmamış, çıxmadığı məzuniyyətə görə pul almamışdır. Onunla birlikdə işləyən digər işçilər də məzuniyyətsiz işləmişdir. Onlar bir neçə dəfə məzuniyyət üçün müraciət etsələr də bundan imtina edilmişdir. İşlədiyi bütün dövrdə həmişə ***-**** manat əmək haqqı almışdır. Əmək haqqı işəmuzd olduğuna görə aya görə məbləğ dəyişmişdir. Bu zaman əmək haqqının az bir hissəsi karta köçmüş, qalan hissəsi əlbəəl verilmişdir. 2018-ci ildə ixtisara düşdükdən sonra işdən çıxmışdır. Lakin işdən çıxan zaman ona müavinət ödənilməmişdir. İşdən çıxdıqdan sonra onu yenidən işə götürəcəklərini vəd etdiklərindən bir müddət gözləmiş, aldadıldığını bildikdən sonra məhkəməyə müraciət etmişdir. Hazırda həm ödənilməmiş məzuniyyətləri, həm də işdən çıxma müavinətini cavabdehdən tələb edir. Müavinətlərin 700 manat orta aylıq əmək haqqı hesabı ilə ödənilməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı işlədiyi Cavabdeh MMC-nin əvvəlki adı "xxxx" firması, daha sonra isə "xxxx" MMC olmuşdur. İddiaçı 1999-2019-cu illər arasında məzuniyyətə çıxmadan bu şirkətdə işləsə də nə istifadə etmədiyi məzuniyyətə, nə də 2019-cu ildə işdən çıxarkən işdənçıxmaya görə müavinət ala bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, şirkət 1999-cu ildən 2008-ci ilə qədər "xxxx" adlandırılmışdır. 2008-ci ildən şirkət satılmış və adı "xxxx" olmuşdur. 2015-ci ildə isə Cavabdeh MMC-yə satılmışdır. Hazırda şirkət fəaliyyətini dayandırmışdır. Belə ki, şirkətin rəhbəri həbs olunduqdan sonra fəaliyyət dayanmışdır. İddiaçı işlədiyi dövrdə işçilərin əmək haqqının nə qədər olması barədə onda məlumat yoxdur. Lakin ona məlumdur ki, İddiaçı "xxxx" MMC-də 2008-ci il tarixindən 2015ci il tarixinədək işləmiş, həmin illərdə əmək müqaviləsinə xitam verilərkən son haqq hesab kassa vasitəsi ilə ödənilmişdir. Bundan sonra iddiaçı 03 avqust 2016-cı il tarixində Cavabdeh MMC-də operator işinə qəbul edilmişdir. Həmin dövrdə mühasibat-uçot sənədləri vergi orqanları tərəfindən yoxlanıldıqdan sonra qanunvericiliyə uyğun olaraq sənədlər ləğv edilmişdir. İş üzrə dindirilən şahidlərin hər biri Cavabdeh MMC-də işləsə də onlar müavinətlərin ödənilməməsi ilə bağlı düzgün izahat verməmişlər. İddiaçı 01 fevral 2019-cu il tarixində işçilərin ixtisara düşməsi ilə əlaqədar işdən çıxarılarkən son haqqıhesab ödənilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı Cavabdeh MMC-yə 03 avqust 2016-cı il tarixdə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı 03 avqust 2016-cı il tarixindən işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, İddiaçı 3 ay müddətinə operator vəzifəsinə işə qəbul edilmiş və onun aylıq əmək haqqı 150 manat təşkil etmişdir. İddiaçı Cavabdeh MMC-yə 01 fevral 2019-cu il tarixdə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı 01 fevral 2019-cu il tarixindən öz istəyi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 02/01 nömrəli əmrindən çıxarışdan görünür ki, əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən 01 fevral 2019-cu il tarixindən etibarən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iş üzrə İddiaçı onun iş yoldaşı olmuşdur. Belə ki, Arif ondan əvvəl həmin şirkətdə işləmişdir. 2003-cü ildə işə girəndə şirkətin adı "xxxx" olmuş, sonra "xxxx" MMC-yə, daha sonra isə Cavabdeh MMCyə dəyişmişdir. İşlədikləri bütün dövrdə əmək haqqı minimum 800 manat olmuşdur. Şirkətlə arasında bağlanan müqaviləni isə heç vaxt oxumamış, haranı deyirlərsə, oranı da imzalamışdır. Ariflə birlikdə işlədikləri sexdə hamı eyni əmək haqqı almışdır. 2021-ci ilin avqust ayının 23-də isə şirkətdən işdən çıxmışdır. Belə ki, bir müddət əmək haqqı almamış, daha sonra isə iş dayandırılmışdır. Cavabdeh MMC-də işlədiyi bütün illər ərzində şirkət tərəfindən heç kimə nə məzuniyyət, nə məzuniyyətə görə pul verilmədiyindən heç vaxt məzuniyyətə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, iş üzrə İddiaçı ilə iş yoldaşı olub. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Cavabdeh MMC-də təxminən 2012-ci ildən 2020-ci ilədək fəhlə işləmişdir. 2012-ci ildə işə başlayanda şirkətin adı "xxxx" olmuş, daha sonra Cavabdeh MMC-yə dəyişmişdir. Həmin dövrdə İddiaçı da şirkətdə operator işləmişdir. Onlar birlikdə armatur istehsalı sexində işləmişlər. Həmin sexdə işləyən bütün işçilərin aylıq əmək haqqı 700-900 manat olmuşdur. Onlar maaşlarının 140-150 manatını kartdan çıxarmış, qalanını isə əlbəəl götürmüşlər. Həmin sexdə bütün işçilər eyni məbləğdə əmək haqqı almışdır. Eyni zamanda, onların heç biri işlədikləri dövrdə məzuniyyətə çıxmamışdır. Hətta həmin sexdə işçilərin məzuniyyətə çıxmasından söhbət belə gedə bilməzdi. İlk gündən o bilmişdir ki, işçilərə nə məzuniyyət, nə də pul əvəzi verilmir. O, 2020-ci ildə ixtisara düşdüyü üçün işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, iş üzrə İddiaçı ilə iş yoldaşı olub. Belə ki, o, 2007-ci ildə "xxxx" zavodunda “armatur” sexində ocaqçı kimi işə qəbul edilmişdir. Sonradan zavodun adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. Daha sonra isə adı Cavabdeh MMC olmuşdur. Şirkətdə işlədiyi dövrdə onunla bir sexdə işləyən bütün işçilərin, eləcə də Arifin əmək haqqı 700-900 manat olmuşdur. Əmək haqlarının böyük hissəsi mühasib tərəfindən əllərinə verilmişdir. 2019-cu ildə ixtisara düşdüyündən işdən çıxmışdır. Bir müddət onu yenidən işə götürəcəklərini desələr də sonradan başa düşmüşdür ki, onu aldadırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Şirkətdə işlədiyi müddətdə nə o, nə də onunla bir sexdə işləyənlər heç vaxt məzuniyyətə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iş üzrə İddiaçı tanıyır. Belə ki, onlar təxminən 10 ilə yaxın bir müəssisədə işləmişlər. Həmin müəssisənin adı əvvəl "xxxx", sonra "xxxx" MMC olmuş, hazırda isə Cavabdeh MMC adlanır. O, özü orada 2006-cı ildən - müəssisənin adı "xxxx" adlanan vaxtlardan kəsici vəzifəsində işləmiş, 2020-ci ilin yanvar ayına kimi işində qalmışdır. Müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra o da işdən çıxmışdır. İddiaçı şirkətdə operator vəzifəsində işləmişdir. Öz əmək haqqı 650 manat civarında olmuş, iddiaçı isə 1000 manatdan çox məbləğdə əmək haqqı almışdır. Çunki iddiaçının işi “qalyaçi” adlanırdı, həmin iş isə çox təhlükəli olmuşdur. Həmin vaxt iddiaçı məzuniyyətə çıxmamışdır. Ümumiyyətlə “fəhlə” sexində heç kim məzuniyyətə çıxmamışdır. “Fəhlə” sexindən heç kimi deyə bilməz ki, məzuniyyətdə olmuşdur. Heç xəstələnəndə bülleten pulunu belə ala bilməmişlər. Ancaq ofisdə işləyən işçilər məzuniyyətə çıxa bilmişlər. Fəhlələrə isə nə məzuniyyət, nə də müavinət verilmişdir. Nə vaxt məzuniyyət istəsələr, onlara qapını göstərdiklərindən məzuniyyətsiz işləmişlər. Əmək haqqının isə 150 manatını kartla, qalan hissəsini isə əlbəəl almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, iş üzrə İddiaçı tanıyır, iddiaçı ilə təxminən 20 ilə yaxın bir yerdə işləmişdir. O, 2001-ci ildə qəbul olunan vaxt iddiaçı artıq orada işləyirdi. İşə qəbul olan vaxt müəssisənin adı "xxxx" olmuşdur. Şirkətdə işlədiyi bütün dövrdə heç bir fəhlə heç vaxt məzuniyyətə çıxmamış, müavinət də verilməmişdir. Əmək haqlarının isə bir hissəsini kartla, əsas hissəsini əlbəəl almışlar. İxtisara düşdükdən sonra işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, iddiaçı ilə 2001ci ildən "xxxx" MMC-də armatur sexində "xxxx" işləmişdir. Şirkətin adı sonradan "xxxx"yə, daha sonra isə Cavabdeh MMC-yə dəyişdirilmişdir. O, "xxxx" işləyəndə İddiaçı operator olmuşdur. İşlədikləri dövrdə əmək haqları ***-**** manat aralığında olmuşdur. 2019-cu ilə qədər bu şirkətdə eyni vəzifədə işləmiş, sonra işdən çıxmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 03.03.2003-cü il tarixdə əmək müqaviləsi əsasında "xxxx" firmasında operator kimi işə başlamış, 01.06.2008-ci il tarixdə işdən azad edilmişdir. 25.08.2008-ci il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə başlamış, 03.08.2015-ci il tarixdə işdən azad edilmişdir. 03.08.2016-cı il tarixdə Cavabdeh MMC-də operator kimi işə başlamış, 01.02.2019-cu il tarixdə işdən azad edilmişdir. Bütün bu işə qəbul və azad olmalar barədə iddiaçının əmək müqaviləsində müvafiq qeydlər edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, o, 1999-cu ildən 2018-ci ilədək həmin şirkətdə işləmiş, lakin bu müddət ərzində heç vaxt məzuniyyətə çıxmamış, buna baxmayaraq, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi almamış, eyni zamanda işdənçıxarma müavinəti də almamışdır. O, iddia etmişdir ki, Cavabdeh MMC-nin əvvəlki adı "xxxx" firması olmuş, daha sonra bu ad "xxxx" MMC-yə dəyişdirilmiş, sonda isə indiki adı olan Cavabdeh MMC adı verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçının bəhs etdiyi "xxxx" firmasının əvvəlcə "xxxx" MMC-yə, daha sonra Cavabdeh MMC-yə satıldığını, dolayısı ilə baş verən dəyişikliyin adi ad dəyişikliyi yox, mülkiyyətçi dəyişikliyi olduğunu iddia etmişdir. Eyni zamanda, müavinətlərin ödənilməməsi ilə bağlı iddiaçının qeyd etdiklərini də qəbul etməmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının qeyd etdiyi kimi "xxxx" firması və "xxxx" MMC Cavabdeh MMC-nin əvvəlki adları olmuş, baş vermiş dəyişikliklər isə müəssisəsin sadəcə olaraq ad dəyişməsi ilə əlaqədar olmuşdur. Bu cür nəticəyə gələrkən məhkəmə ilk növbədə onu nəzərə alır ki, əgər Cavabdeh MMC "xxxx" firmasının əvvəlcə "xxxx" MMC-yə, daha sonra Cavabdeh MMC-yə satıldığını iddia edirsə, bunu sübut etmək istənilən halda cavabdehin üzərinə düşür. Üstəlik, nəzərə alınsa ki, söhbət hüquqi şəxsin alqı-satqısından gedir və bu ciddi şəkildə sənədləşdirilən rəsmi prosesdir, bu sənədləri təqdim etmək Cavabdeh MMC üçün çətin olmamalı idi. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hüquqi şəxsin satışı barədə şifahi izahat verməklə kifayətlənmişdir. Cavabdehin əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən isə görünür ki, onların hər biri "xxxx" firması və "xxxx" MMC-nin Cavabdeh MMC-nin əvvəlki adı olduğunu, beləliklə, bu ad dəyişiklikləri zamanı rəhbərliyin, yaxud işçi tərkibinin dəyişmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əmək kitabçasında işəgötürən kimi qeyd edilmiş "xxxx" firması, "xxxx" MMC və Cavabdeh MMC eyni hüquqi şəxsdir və dolayısı ilə eyni işəgötürən hesab edilməlidir. Lakin məhkəmə iddiaçının bu iş yerində 1999-2018-ci il tarixədək işləməsi ilə bağlı qeyd etdikləri ilə qismən razılaşmır. Belə ki, İddiaçı əmək kitabçasından görünür ki, o, 03.03.2003 – 01.06.2006-ci illərdə "xxxx" firmasında operator kimi, 25.08.2008 – 03.08.2015-ci illərdə "xxxx" MMC-də fəhlə kimi, 03.08.2016 – 01.02.2019-cu illərdə Cavabdeh MMC-də operator kimi işləmişdir. Belə olan halda iddiaçı 1999-2018-ci illərdə Cavabdeh MMC-də fasiləsiz olaraq işləmiş olduğunu iddia edə bilməz. Belə ki, onun Cavabdeh MMC-də (müəssisənin əvvəlki adları ilə fəaliyyət göstərdiyi dövr də daxil olmaqla) işlədiyi müddət faktiki olaraq yuxarıda qeyd edilən dövrləri əhatə edən 13 ilə yaxın müddətdir. İddia tələbindən görünür ki, İddiaçı bu müəssisədə işlədiyi bütün bu müddət ərzində heç bir iş ilində əsas məzuniyyətindən istifadə edə bilmədiyini, buna baxmayaraq, istifadə etmədiyi məzuniyyətlərə görə ona heç vaxt pul əvəzi ödənilmədiyini iddia edir. Eyni zamanda, iddia edir ki, əmək müqaviləsinə xitam verilərkən ona işdənçıxarma müavinəti ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə bütün müavinətlərin iddiaçıya ödənildiyini bildirmişdir. Məhkəmə ilk növbədə, istifadə edilməmiş əsas məzuniyyətə görə ödənilməmiş pul əvəzi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında ifadə verən bütün şahidlər Cavabdeh MMC tərəfindən işçilərə heç vaxt əmək məzuniyyəti verilməməsi, buna baxmayaraq, heç bir pul əvəzinin ödənilməməsi ilə bağlı bir-biri ilə üstüstə düşən məzmunda izahatlar vermişlər. Onların əksinə, cavabdeh isə müvafiq dövrlərdə iddiaçıya əmək məzuniyyəti, yaxud onun pul əvəzinin verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Hətta Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən 27.12.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı müəssisədə işlədiyi dövrə aid bütün sənədlər vergi orqanları tərəfindən yoxlanıldıqdan sonra “qanunvericiliyə uyğun olaraq” ləğv edilmişdir. Halbuki, qanunvericilik bağlanmış əmək müqavilələrin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (eləcə də məzuniyyət, yaxud pul əvəzinin ödənilməsi barədə əmrlərin) işəgötürən tərəfindən saxlanılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 85.
1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Maddə 86.
1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.
2. Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir. Belə olan halda Cavabdeh MMC-nin ən azından son beş illik dövrə aid sənədləri saxlamaması, onları “qanunvericiliyə uyğun olaraq” məhv etməsi qəbul edilə bilməz. Odur ki, məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri və iddiaçının izahatı əsasında hesab edir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi bütün dövrlərdə əmək məzuniyyətinə çıxmamış, buna baxmayaraq, istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi almamışdır. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində “məzuniyyət üzrə” hissəsi tamamilə boş saxlanılmış, əsas məzuniyyətin neçə təqvim günü olması ilə bağlı qrafa nəzərdə tutulsa da bu qrafada heç bir qeyd edilməmişdir. Belə olan halda İddiaçı həmin dövrdə istifadə etmədiyi əmək məzuniyyətinə görə almaqdan məhrum olduğu pul əvəzini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 37-ci maddəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Ödənişli məzuniyyətlər haqqında” X5 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 110. İşçilərin məzuniyyət hüququ.
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili.
1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi.
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 3 mart 2006-cı il tarixli 77-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 222) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 135. Məzuniyyətin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar
1. Bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır.
2. Əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, habelə yaşı 18-dən aşağı olan işçilərə, hamilə qadınlara bir iş ilindən artıq dövrün əmək məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli olan pul məbləğinə gəldikdə isə məhkəmə iddiaçının Cavabdeh MMC-də işlədiyi dövrdə olan müvafiq orta aylıq əmək haqqının müəyyən edilməsini zəruri hesab edir. Bu hissədə məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iddiaçıya ödənilməli olan əmək məzuniyyətina görə müavinətin məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də cavabdeh tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən arayışda etiraf edildiyi kimi bütün sənədlər “qanunvericiliyə uyğun olaraq” məhv edildiyindən mühasibatlıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Belə olan halda cavabdehin hərəkətləri məhkəmə tərəfindən ekspertizanın keçirilməsinə mane olma kimi qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, Azərbayan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda qeyd edildiyi kimi iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli olan pul məbləğinin müəyyən edilməsi üçün iddiaçının Cavabdeh MMC-də işlədiyi dövrdə olan müvafiq orta aylıq əmək haqqının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, tərəflər arasında 2016-cı il tarixdə bağlanılmış əmək müqaviləsində işçinin aylıq əmək haqqının 150 manat olduğu yazılsa da iş üzrə ifadəsi dinlənilən hər bir şahid onlara ödənilən əmək haqqının 140-150 manatının əmək haqqı kartı vasitəsilə, qalan hissəsinin əldən ödənildiyini, ümumi əmək haqqı məbləğinin ***-**** manat arasında dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı da həmin halı təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək haqqı ödənişləri ilə bağlı heç bir sənəd təqdim etməməsi nəzərə alınaraq, iddiaçının Cavabdeh MMC-də işlədiyi bütün dövrdə orta aylıq əmək haqqı 700 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 154. Əmək haqqı.
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Digər tərəfdən nəzərə alınmalıdır ki, məzuniyyət haqqı ödənilərkən əmək müqaviləsində əmək haqqı kimi yazılmış məbləğdən başqa digər əmək haqqı növləri də nəzərə alınır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri.
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.08.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı”ndan görünür ki, faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı nəzərə alınan ödənişlər kateqoriyasına daxildir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi orta aylıq əmək haqqından (700 manat) müvafiq tutulmalar edildikdən sonra ona ödənilməli olan istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 9 ilə görə (iddia tələbində 2019-cu il nəzərə alınmadığından iddia tələbindən kənara çıxmamaqla və 2003, 2004, 2005-ci illərdə Yeni Azərbaycan manatı dövriyyəyə girmədiyindən və 2006-cı ildə işdən çıxdığından həmin dövrlər nəzərə alınmamaqla) cəmi 5596.29 manat (9X621.81 manat) məbləğindədir və həmin pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin digər bir hissəsi olan işdənçıxarma müavinəti ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, hər nə qədər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq ərizə və əmrdən çıxarışdan işçi İddiaçı öz ərizəsi ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi əsasında işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi görünsə də işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müəssisənin işçilərinin ixtisar olunmasına görə ləğv edilmişdir. Belə ki, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi də bu halı qəbul etmiş, lakin işdənçıxarmaya görə müavinətin işçiyə ödənildiyi iddia etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən müvafiq müavinətin işçiyə ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən işəgötürənin son haqq-hesabını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İşdənçıxarmanın 2019-cu ildə baş verdiyi nəzərə alınsa, artıq yuxarıda qeyd edildiyi kimi müvafiq sənədlərin saxlanılması cavabdehin işəgötürən kimi vəzifəsi olmuş, buna baxmayaraq, məhkəməyə heç bir sənədd təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əmək stajına uyğun işdənçıxarma müavinətini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə... Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməmiş 1243.62 manat (2X621.81manat) məbləğində işdənçıxarma müavinəti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hakim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, istifadə edilməmiş əmək məzuniyyətinə 5596.29 manat (beş min beş yüz doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində pul əvəzi və 1243.62 manat (min iki yüz qırx üç manat altmış iki qəpik) məbləğində işdənçıxarma müavinəti olmaqla, 6839.91 manat (altı min səkkiz yüz otuz doqquz manat doxsan bir qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 5596.29 manat (beş min beş yüz doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində pul əvəzi və 1243.62 manat (min iki yüz qırx üç manat altmış iki qəpik) məbləğində işdənçıxarma müavinəti olmaqla, cəmi 6839.91 manat (altı min səkkiz yüz otuz doqquz manat doxsan bir qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva