Məhkəmə qərarları › İş №2(010)-4800/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4800/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4800/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3649 /2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X7 2. xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində sabit pul şəklində təyin olunmuş alimentin məbləğini hər uşaq üçün ayda 50 manat azaldılması, iki uşaq üçün alimentin ayda 240 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdeh X5 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olub, sonradan nikahı məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahdan iki uşağı -xx.xx.2011-ci iİ təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə nikahı pozularkən uşaqların saxlanılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3649/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçının ailə vəziyyəti dəyişdiyinə görə, yəni başqa nikaha girmiş və həmin nikahdan bir uşağı olduğu və həmin uşağın mənafeyi də nəzərə alınmalı olduğuna görə alimentin məbləği azaldılmalıdır. Belə ki, xx.xx.2017-ci il tarixdə o, X2 ilə ailə qurmuş və həmin nikahdan xx.xx.2018-ci il tarixdə qızı X8 anadan olmuşdur. İddiaçı hazırda məcburi köçkündür, sabit qazanc yeri yoxdur. Hazırda iddiaçının iki nəfərin də öhdəsində olması nəzərə alınsa alimentin məbləği azaldılmalıdır. İddiaçı üçün qəbul edilən hal odur ki. ikinci nikahdan olan uşağının mənafeyi pozulmaması üçün birinci nikahdan olan uşaqlara görə alimentin məbləği hər uşağa görə 50 manat azaldılmaqla cəmi iki uşaq üçün 100 manat azaldıla bilər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tədqiq edilən iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3649/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılmış və xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul şəkilində aliment tutularaq Cavabdeh ödənilməli, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin aliment ödəməkdən azad edə bilmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tutulmalı olan alimentin miqdarı nın artırılmasına dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3649/2020 saylı qətnaməsi cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəf aliment məbləğinin azaldılmalı olmasını əsaslandıra bilməmiş və bunu əsaslandıran müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçının yenidən ailə qurması və həmin nikahdan bir azyaşlı uşağının olması özü-özlüyündə aliment miqdarının dəyişdirilməsi üçün əsas hesab edilə bilməz və həmin uşağın əvvəlki təminatının səviyyəsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfin tələbini sübuta yetirə bilməməsi, tərəflərin vəziyyəti və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın mənafeyi nəzərə alınaraq, iddiaçının hazırki iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar