Məhkəmə qərarları › İş №2(010)-4824/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4824/2025

24.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4824/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 272 manat sabit pul məbləğində alimentin, eyni zamanda uşağın müalicəsi üçün hər ay 100 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2017-ci ildə ailə həyatı qurmuşdur. Həmin tarixdə nikahları 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 590 saylı qeydlə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pisləşmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-559/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə nikahları pozulmuş, birgə nikahdan olmuş xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında saxlanılmışdır. Uşağı böyüdüyündən onun qayğıları da artır. Onun qidalanması, geyimi, istirahəti, təhsil xərcləri və s. artıq pul tələb edir. Belə ki, cavabdehlə birgə nikahdan olan övladının saxlanması üçün cavabdeh valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Xüsusilə vurğulayır ki, cavabdeh elə münasibət sərgiləyır ki, sanki valideyn olaraq uşağı maddi cəhətdən təmin etmək ancaq onun vəzifəsidir. Cavabdeh hal-hazırda öz övladının müqəddəratına tam məsuliyyətsiz yanaşır. xx.xx.2018ci il təvəllüdlü X2 eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqdır, “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli çox ağır (İV) dərəcəli sensonevral ağıreşitmə iki tərəfli koxlear nevrit anadangəlmə nitqin pozulması. Ensefalopatiya, inkişaf etapında ləngimə və s.” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda onun da müalicəsi tərəfindən aparılır. Lakin o qeyd edilən xərcləri tam qarşılaya bilmir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiаçı İddiaçı izahat verərək bildirmişdir ki, o Cavabdeh ilə 2017-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-559/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə nikahları pozulmuşdur. Lakin onun qızı əlildir və hazırda 320 manat məbləğində pensiya alır. Aldığı təqaüdün 260 manat hissəsini loqoped üçün sərf edir, geri qalan pulla isə uşağın digər xərclərini qarşılayır. Həyat yoldaşı da ikinci qrup əlildir. O, özü isə hal-hazırda işləmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, oğlu Aprel döyüşlərində əlil olmuş və ikinci qrup əlildir. Hal-hazırda Cavabdeh ikinci qrup əlil olduğundan heç bir yerdə işləmir və 180 manat təqaüd alır. Hazırda isə onun əlilliyi ilə bağlı verilən təqaüd də dayandırılmışdır. İddiaçı tərəfindən qeyd edilmiş məbləği cavabdehin ödəməyə imkanı yoxdur. Cavabdehin hər ay ancaq 180 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 19 mart 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 590 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 boşanmadan sonra anası İddiaçı yanında qalması müəyyən olunmuşdur.

6. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 11:45 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir.

7. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahının ləğv edilməsi haqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 336 № ilə qeyd edilmişdir.

8. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X2 eşitmənin neyrosensor tipli iki tərəfli çox ağır (İV) dərəcəli sensonevral ağıreşitmə iki tərəfli koxlear nevrit anadangəlmə nitqin pozulması. Dəqiqləşdirilməmiş ensefalopatiya, MSS-in bətndaxili posthipoksik zədələnməsi. Ensefalopatiya, inkişaf etapında ləngimə İnkişaf mərhələlərinin ləngiməsi, gözlənilən normal fizioloji inkişafın getməməsi diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı öz yanında qalan uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə alimentin qismən tutulmasına razı olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuş və bu uşaq hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

17. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 272 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın qismən təmin olunmasını bildirmişdir.

18. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından bir övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.

19. Bundan əlavə məhkəmə qeyd edir ki, 2025-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin həddi (200:400)=0.5 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.

20. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

21. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən – xx.xx.2025-ci il tarixdən başlanmalıdır.

22. İddia tələbinin uşağın müalicəsi üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manatın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin yüksək əmək haqqı alması və onun zəruri vəsaitə malik olması iş materiallarından müəyyən olunmur. Hazırda azyaşlı uşaq əlilliyi ilə bağlı olaraq dövlət tərəfindən maddi cəhətdən təmin olunaraq təqaüd alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri – 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Məhkəmə xərcləri – 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar