Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4850/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus evin satılması şərtilə xərclədiyi 95000 manatın, ona vurulmuş mənəvi zərərə görə 10000 manatın dərhal (Cavabdeh1 tərəfindən), ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı ailəmlə birlikdə 1993cü ildə Qubadlı rayonundan məcburi köçkün olaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən və rayon ticarət idarəsinin balansında olan, istifadəyə yararsız binaya yerləşdik. Mən Qubadlıdan qaçqın gələndə uzun illər işləyərək topladığım 45000 (qırx beş min) manatı özümlə gətirmişdim. 3-cü Bünyadzadə küçəsi, 13a ünvanında yerləşən həmin yerdə rayon İcra Hakimiyyətinin icazəsi ilə 1993-cü ildən başlayaraq ailəmə normal yaşayış şəraiti düzəltmək məqsədilə tikintiyə başladım. Həmin evi 2004-cü ildə çox çətinliklərlə tikib başa çatdırdım. Hazırda da həmin evdə yaşayırıq. Evi tikdirdiyim dövr ərzində (1993-2004-cü illər), evi tikmək üçün mənə yaxın olan Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsi 58-də yaşayan X4 2001-ci ildə 25000 ABŞ dolları borc aldım ki, tikintini başa çatdıra bilim. Sonra həmin pulu hissə-hissə borc aldığım Əhmədov İdrisə qaytardım. 1993-cü ildən Azərbaycan Neft şirkətinin tabeliyində olan qaraja məxsus yüksək tonnajlı yük maşınında sürücü işləyirəm, yaxşı əmək haqqı alıram. Tikdirdiyim və özümün də tikintisində fəhlə kimi işlədiyim evin tikilib başa gəlməsində heç kəsin bir manat vəsaiti işlənməyib və ailə üzvlərim də daxil olmaqla, heç kəsin əməyi olmayıb. Evin tikilməsi, sənədləşdirilməsi, dövlət rüsumlarının ödənilməsi - bir manatına qədər hamısı mənim tərəfimdən ödənilib. 1993-cü ildən həmin ünvanda yaşayıram. Evə qulluq edirəm, qoruyuram, kommunal xərclər tərəfimdən ödənilir. Ağır zəhmətdən və xeyli vəsait xərclədiyimdən sonra nəhayət 2004-cü ildə evin tikintisi başa çatdı. 2004-cü ildə Bakı şəhərində məcburi köçkünlərin şəxsi mülkü olmasına dövlətimiz tərəfindən icazə verilmirdi, çünki məcburi köçkünlərin bütün tələbatları dövlətimiz tərəfindən qarşılanırdı. Bu səbəbdən mən 95000 manat xərcləyərək tikdiyim evin doğma qardaşım Cavabdeh1 adına sənədləşməsinə, onun adına çıxarış verilməsinə ona etibar edərək etiraz etmədim. Mənim bütün problemlərim də bundan sonra başladı. Artıq 2010-cu ildən sonra dövlətimiz məcburi köçkünlərin öz adlarına mülk almaq hüququnu tanıdı və mülklərin alınmasına və özününküləşməsinə icazə verildi. 2010-cu ildən mən qardaşım Cavabdeh1 dəfələrlə müraciət edərək, hətta yalvararaq mənə məxsus evi özümə qaytarmağını, mənim adıma sənədləşməsi üçün notariat kontoruna getməsini istədim. Cavabında isə o, məni təhqir etdi, hədələdi və evimi özümə qaytarmaqdan imtina etdi. O vaxtdan anladım ki, mənim doğma qardaşım Cavabdeh1 fırıldaqçının, acgözün biri imiş. Sabitlə aramızda olan intriqa səbəbindən şəkər xəstəliyinə tutulmuşam. Hipertonik (yüksək təzyiq xəstəsi) olmuşam. Artıq yaşlanmışam, bütün bunlar azmış kimi Sabit mənimlə yola getməyən, mənə hörmət etməyən oğlum Samiri də yoldan çıxararaq, gələcəkdə nə planlaşdırdıqları mənə məlum olmayan səbəbdən mənə heç nə demədən notariusa gedərək evimi Samirə bağışlamışdır. Mən Cavabdeh1 qeyri-qanuni hərəkətlərindən Suraxanı rayon prokurorluğuna və Suraxanı rayonu 32-ci Polis Bölməsinə ərizə ilə müraciət etdikdən (22.07.2021-ci il tarixdə) sonra tez-tələsik evi Samirə bağışlamışdır. Onların çirkli planları mənə məlum deyil. Düşünürəm ki, evi satıb pulumu mənimsəmək istəyirlər, çünki onların hər ikisinin şəxsi evi vardır. Mənim isə bütün ömrüm boyu qazandığım və yeganə olanım həmin evdir. Lökbatan qəsəbəsi, 3-cü Bünyadzadə küçəsi, 13a saylı fərdi yaşayış evinin yalnız mənim vəsaitimlə və tərəfimdən tikildiyini, mənə məxsus olduğunu sübut edən bir çox faktlar vardır. Həmin evin tikintisində şəxsən iştirak edən, usta kimi çalışan şəxslər yaşayırlar və məhkəmədə onların mənimlə bərabər evi tikdikləri və şəxsən məndən bunun üçün pul aldıqları barədə ifadə verməyə razı olduqları faktdır. Onlar bu şəxslərdir: X6, X2 və X7. Bu şəxslərdən başqa mənim evimin tikintisinə 12000 (on iki min) mişar daşını mənim vasitəmlə şəxsi yük maşınında gətirən sürücü şahidlik etməyə hazırdır. Həmçinin, mən məhkəməyə tikinti materialları aldığım mağazaladan qaimə-arayış təqdim edə bilərəm”. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, hazırda yaşadığı evi öz zəhməti ilə əldə etdiyi pul hesabına tikdirmişdir. Bu evin tikintisində nə qardaşının, nə başqa bir şəxsin heç bir payı olmamışdır. Zamanla uşaqlarının gəlir əldə edə bilməsi üçün evin olduğu torpaq sahəsində bir neçə obyekt də tikib oğullarının istifadəsinə vermişdir. Bunların hamısı öz vəsaiti hesabına baş tutmuşdur. Belə ki, nə arvadı heç vaxt işləməmiş, nə də oğullarının, yaxud qardaşının evin tikintisində maddi dəstəyi olmamışdır. Onun başqa heç bir yerdə, nə Bakıda, nə də Sumqayıtda hansısa evi yoxdur. Hazırda da mübahisəli evin birinci mərtəbəsində hamıdan ayrı yaşayır. Lakin cavabdehlər onun rahat yaşayışına imkan vermirlər. Bu səbəbdən ev üçün xərclədiyi pulu götürüb başqa yerə köçmək, cavabdehlərdən ayrılmaq istəyir. Onun başqa bir qadınla münasibəti olması, həmin qadının adına Sumqayıtda ev alması ilə bağlı qeyd edilənlərin hamısı yalandır. Evin bütünlüklə öz vəsaiti hesabına tikildiyini məhkəmə iclasında ifadə verən şahidlər və məhkəməyə təqdim etdiyi sübutlar təsdiq edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı doğma qardaşıdır. O, 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhərinə gələndə onu və ailəsini əvvəlcə bacısıgilin evinə müvəqqəti yerləşdirmiş, sonra bacısı ona zəng edərək onlara kirayə ev tapmaqlarını istəmiş, o da qardaşı və ailəsini Lökbatan stadionunun arxası tərəfdə yerləşən tanışına məxsus kirayə evə yerləşdirmişdir. Evin sahibi tanışı olduğundan onlardan kirayə almamışdır. Bir müddət sonra anası Şahsuvar adlı tanışlarının yanına gedərək ondan oğlu üçün ev tikməyə kömək etməsini xahiş etmişdir. Həmin şəxs də qardaşı və ailəsini “Azneft”in qarajına yerləşdirmişdir. Hansı ki, həmin tikili yaşayış üçün zəruri şəraitlə təmin edilmişdi. Şahsuvar adlı şəxs özlərinə ev tikməkləri üçün onlara qum, sement, daş kimi tikinti materialları da vermiş, onlar da ailəliklə, digər qohumların da yardımı ilə ev tikmişlər. Ev tikilib qurtardıqdan sonra onun adına rəsmiləşdirilmiş, lakin bu evdə həmişə iddiaçı və ailə üzvləri yaşamışdır. Lakin iddiaçı son vaxtlar ailəsi ilə yola getməməyə, narazılıq yaratmağa başlamışdır. Belə ki, o, Sumqayıtda “Kristal Abşeron”dan özünə yeni mənzil almış, Zəminə adlı xanımla tanış olaraq onun yanına gedib-gəlməyə başlamışdır. Hər dəfə onun Sumqayıta gedib-gəldiyi vaxtlar ailəsində dava düşmüşdür. Lakin heç kim onu yaşadığı evdən qovmamışdır. Belə ki, onun mübahisəli evdə ayrıca otağı, hər cür şəraiti var. Buna baxmayaraq, iddiaçı özü ailəsi ilə yola getmədiyini, onlarla yaşamaq istəmədiyini bildirib arvadından boşanacağını, evi birdəfəlik tərk edəcəyini demişdir. Onun niyyəti tələb etdiyi pulu alıb yaşadığı qadınla birlikdə özünə şərait qurmaqdır. Onun evi yalnız öz gəliri hesabına sıfırdan tikməsi ilə bağlı qeyd etdikləri isə tamamilə yalandır. Belə ki, buranı ev tikmək üçün Şahsuvar adlı tanışları vermiş, onlar da ailəlikcə, bütün qohumlar yığışaraq iddiaçı və ailəsinə ev tikmişlər. Həmçinin, bu evə iddiaçının iddia etdiyi məbləğdə xərc də çəkilməmişdir. İddiaçının ev almaq üçün borc aldığını iddia etdiyi pulları isə o, ancaq özünə xərcləmiş, bu pullardan evə hansısa xərc çəkilməmişdir. Ümumiyyətlə, iddiaçı bir neçə dəfə evə məxsus pulu götürüb xərcləmişdir. Onun hazırda niyyəti də bu pulu alıb yaşadığı qadınla xərcləməkdir. Onun isə iddiaçının iddia etdiyindən fərqli olaraq, evlə bağlı hansısa planı yoxdur. Əksinə, evi bu evdə uzun illərdir yaşayan iddiaçının doğma oğlu Samirə bağışlamışdır. Nə Samir, nə də o, iddiaçının bu evdə illərdir yaşadığı kimi yaşamasına etiraz etmir. İddiaçı özü istəyir ki, tələb etdiyi pulu alıb çıxıb getsin. Evdə yaşayan digər şəxslərə də rahat yaşamağa imkan vermir, mütəmadi dava salır, tez-tez əsassız yerə polis çağırır. Hər bir halda heç kim onun evdən çıxmağını tələb etmir. Lakin onun tələb etdiyi pul tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı doğma atasıdır. Onlar 1993-cü ildə məcburi köçkün kimi Bakıya gələndə onun 9-10 yaşı olmuşdur. İlk əvvəl, gəlib bibisigildə müvəqqəti məskunlaşmışlar. Sonradan Lökbatan qəsəbəsində stadionun arxasında kirayə evdə qalmağa başlamışlar. Bir müddət sonra atasının Şahsuvar adlı qohumu onlara yaşamaq üçün ev vermiş, onlar da bu evə köçmüşlər. Zamanla evdə bir qədər artırmalar edib, əlavə obyektlər tikmişlər. Lakin bunların heç biri iddiaçının vəsaiti hesabına baş tutmamışdır. Əksinə, iddiaçı həmişə evdən pul götürüb özü üçün xərcləmişdir. Belə ki, bir dəfə evdən 11400 manat pul götürüb gedib özünə köhnə bir maşın almışdır. Bir dəfə də evdən 35000 manat pul götürüb özünə Sumqayıtda, “Kristal Abşeron”dan təzə ev almış, evi də münasibətdə olduğu Zəminə adlı qadının adına keçirmişdir. Bir müddətdir ki, həmin qadınla münasibəti var və tez-tez onun yanına gedibgəlir. Elə buna görə də evdə dava salır, onkoloji xəstə olan arvadını incidir. İddiaçının fikri bu evin satılmasına nail olub pulunu münasibətdə olduğu qadınla xərcləməkdir. Onun özü (cavabdeh) ustadır və ev təmir etdir. Yaşadıqları evdə də təmir işləri görmüşdür. Atasının isə bu tikinti işlərində heç bir payı olmamışdır. Hazırda iddiaçının bu evdə özünün ayrıca şəraiti olan otağı var və öz istəyi ilə evin digər sakinlərindən ayrı yaşayır. Onun kommunal xərcini də özü (cavabdeh) ödəyir. Bu evdə iddiaçının rahat yaşayışına heç kim mane olmur, heç kim onu evdən çıxartmağa çalışmır. Əksinə, iddiaçı tələb etdiyi pulu alıb birdəfəlik Zəminə adlı qadının yanına köçmək istəyir. Onun hazırkı tələbi də bununla bağlıdır və heç bir əsası yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 06.06.2003-cü il tarixli və 14 iyul 2003-cü il tarixli iki ədəd qəbzdə qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Tikinti Təmir Təchizat İdarəsindən 5250 (beş min iki yüz əlli) manata “armatur, uqolnik, taxta”, 7600 (yeddi min altı yüz) manata “mişar daşı, sement, qum” almışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 11.09.2018-ci il tarixli, BPM**********26 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 11.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 1000 manat məbləğində kredit götürmüş, kredit üzrə ödənişləri 11.10.2018 – 11.09.2019-cu il tarixləri arasında hər ay 95.6 manat (sonuncu ay 94.67 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən tərtib edilmiş 15.08.2019-cu il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 15.09.2019cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 1150 manat məbləğində kredit götürmüş, kredit üzrə ödənişləri 15.09.2019 – 15.08.2020-ci il tarixləri arasında hər ay 105.5 manat (sonuncu ay 104.62 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında ifadəsi dinlənilmiş şahid X3 bildirmişdir ki, həm İddiaçı, həm də cavabdeh Cavabdeh2 qonşu kimi tanıyır. Digər Cavabdeh1 isə tanımır. İddiaçı qonşuluqda yerləşən ərazidə ev tikməyə başlayanda həmin ərazidə heç bir tikinti olmamış, Rəhman öz vəsaiti hesabına ev tikdirmişdir. Evin nə vaxt tikildiyini dəqiq xatırlamasa da evin tikintisində yoldaşı da iştirak etmişdir. Məhkəmə iclasında ifadəsi dinlənilmiş şahid X10 bildirmişdir ki, o, İddiaçı ilə 2001-ci ildə ailəvi dostunun vasitəsilə tanış olmuşdur. Cavabdehləri isə tanımır. İddiaçı ilə tanış olduğu vaxt iddiaçı ev tikdirməkdə idi. Bir müddət sonra evin tikintisi üçün ondan 25000 ABŞ dolları məbləğində borc istəmişdir. O, Rəhmanın həqiqətən ev tikib-tikmədiyi müəyyən etmək üçün onun dediyi ünvana getmiş və həqiqətən daş töküldüyünü, tikinti getdiyini görmüşdür. Bundan sonra ona istədiyi pulu borc verməyə razı olmuşdur. Rəhman ilk vaxtlar borcunu hissə-hissə qaytarmış, bir müddət gecikdirmiş, sonradan hissə-hissə bütün borcu qaytarmışdır. Daha sonra eşitmişdir ki, evlə bağlı ailəsində mübahisə var. İyirmi üç ədəd fotoşəkildən görünür ki, təmirsiz bir tikili və təmirsiz yaşayış otaqları, sanitar qovşaq, sanuzel təsvir edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən və ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin öz vəsaiti hesabına tikildiyini, lakin evin qardaşı – iş üzrə Cavabdeh1 adına rəsmiləşdirilərək, sonradan iş üzrə digər cavabdeh olan oğlu Cavabdeh2 bağışlandığını bildirib, evin tikintisinə xərclədiyini iddia etdiyi 95000 manat məbləğində vəsaiti, eləcə də ona vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində pulu cavabdehlərdən tələb etmişdir. Cavabdehlər isə iddianı qəbul etməmiş, evin iddiaçının vəsaiti hesabına tikilmədiyini, məcburi köçkün olmaları nəzərə alınaraq, başqa bir şəxs tərəfindən onlara verildiyini, sonradan evdə və ətrafında müəyyən artırmalar etdiklərini, lakin bunların iddiaçının vəsaiti hesabına baş tutmadığını bildirmişlər. Göründüyü kimi, iddiaçı ev öz mülkiyyətində olmasa da evin öz vəsaiti hesabına tikildiyini, bununla da evin faktiki sahibi olduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Nəzərə alınmalıdır ki, evin tikintisinə 95000 manat məbləğində xərc çəkildiyini və bu xərcin bütövlükdə öz vəsaiti hesabına çəkildiyini iddia edib cavabdehlərdən bu xərci tələb edən iddiaçıdır. Belə olan halda qeyd edilən halları sübut etmək hər bir halda iddiaçının üzərinə düşür. İddiaçı bu məqsədlə məhkəməyə bir neçə sənəd və şahid ifadələri təqdim etmişdir. Məhkəmə ilk növbədə bu sənədlərin – iddiaçı tərəfindən tikinti materialların alınması ilə bağlı iki ədəd qəbzin iş üzrə sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, İddiaçı 14.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli evin tikintisi üçün çəkdiyi xərcin bir hissəsini (12850 manat) təsdiq edən sübut kimi iki ədəd qəbzi məhkəməyə təqdim etmişdir. Bu qəbzlərdən görünür ki, qəbzlərdən biri 06.06.2003-cü il, digəri isə 14.07.2003-cü il tarixlidir. Qəbzlərin birindən görünən odur ki, İddiaçı tərəfindən Sumqayıt Tikinti Təmir Təchizat İdarəsindən 5250 (beş min iki yüz əlli) manata “armatur, uqolnik, taxta” alınmışdır. Digər qəbzdən isə görünür ki, yenə eyni yerdən İddiaçı tərəfindən 7600 (yeddi min altı yüz) manata “mişar daşı, sement, qum” almışdır. Məhkəmə hər iki qəbzin iş üzrə mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmadığı nəticəsinə gəlir. Çünki 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirilmişdir. Yəni, bu qəbzlər əgər mötəbər sübut kimi qəbul ediləcəksə, bu o deməkdir ki, İddiaçı 2003-cü ildə indiki 1.05 manata və 1.520 manata bərabər olan pula qeyd edilən tikinti materiallarını almışdır. Hansı ki, nə manatın denominasiyasından əvvəlki, nə də sonrakı dövrdə bu məbləğlərə qeyd edilən tikinti materiallarının alınmış olması mümkün deyil. Digər tərəfdən, hər iki qəbz, onun üzərindəki yazılar, möhür, kağızın materialı on səkkiz il əvvəl tərtib edilmədiyi aşkar görünəcək dərəcədə “yeni”dir. Qəbzlərdəki pul vəsaitlərinin də dövrünün məzənnəsinə uyğun tərtib edilmədiyi nəzərə alındıqda, məhkəmə hər iki qəbzin qeyri-qanuni şəkildə sonradan tərtib edildiyi, iş üzrə heç bir həqiqi halı təsdiq etmədiyi nəticəsinə gəlir və bu qəbzlərin heç birini iş üzrə mötəbər sübut kimi qəbul etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cı maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. İddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq etmək üçün təqdim edilmiş digər sənədlər "xxxx" ASC ilə aralarında bağlanılmış 11.09.2018-ci il və 15.08.2019-cu tarixli kredit müqavilələri üzrə ödəniş cədvəlləridir. Məhkəmə hesab edir ki, bu sənədlərin ümumiyyətlə, işə aidiyyəti yoxdur. Çünki, iddiaçı özü qəbul edir ki, evi 1993-2004-cü illərdə tikmişdir. Belə olan halda onun 2018-2019-cu illərdə bankdan götürdüyü kreditin iddia tələbi ilə nə kimi bağlılığı olduğu müəyyən deyil. Bu baxımdan məhkəmə bu sənədləri də iş üzrə mötəbər sübut kimi qəbul etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq etmək üçün təqdim edilmiş digər sübutlar isə şahid ifadələridir. Qeyd edilməlidir ki, iddiaçı məhkəməyə “şahid ifadəsi” kimi iki qrup ifadə təqdim etmişdir. Bunlardan ilki iddiaçının iddia ərizəsində “evin tikintisində şəxsən iştirak edən, usta kimi çalışan” və “məhkəmədə bərabər ev tikdiklərinə və iddiaçıdan pul aldıqlarına dair ifadə verməyə razı olan” X6, X2 və X7 adlı şəxslər adından məhkəməyə yazılı şəkildə ünvanlanan “ərizələr”dir. Digəri isə iddia ərizəsində hadisələrin şahidi kimi təsvir edilməsələr də iddiaçının vəsatəti əsasında məhkəmə iclasında ifadə verən şahid X3 və X5 ifadələridir. İlk növbədə, məhkəmə iddiaçının şahid kimi təsvir etdiyi şəxslər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrə münasibət bildirməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, bu şəxslərin hər üçünün - X6, X2 və X7 – iddia ərizəsində evin tikintisində birbaşa iştirak edən ustalar kimi təsvir edilməsinə və iddiaçının bu şəxslərin şahid kimi məhkəmə iclasında ifadə verəcəyinə istinad etməsinə baxmayaraq, ərizələrdən göründüyü qədəri ilə həmin evin İddiaçı məxsusluğuna “öz varlığı qədər inanan” (X7 adından yazılmış ərizədə məhz bu ifadəyə yer verilmişdir), evin tikintisində “İddiaçıla birlikdə gecə-gündüz işlədiklərini” əminliklə bəyan edən bu şahidlərin heç biri məhkəmə iclasında iştirak edərək ərizədə qeyd etdikləri halları şifahi ifadələri ilə təsdiq etməmiş, bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-298-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edilməmişdir. Belə olan halda bu şəxslər iş üzrə “şahid” kimi, məhkəməyə ünvanladıqları ərizələr də “şahid ifadəsi” kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında dinlənilmiş şahidlər X3 və X5 ifadələri isə iddia tələbinin əsasını təşkil edən halı – iddiaçı Cavabdeh1 tərəfindən mübahisəli evin tikintisinə 95000 manat məbləğində pul xərclənmiş olmasını təsdiq etmir. Belə ki, şahidlərdən biri özünü tikintidə usta işləmiş şəxsin arvadı olan qonşu kimi, digəri isə iddiaçının ev tikmək üçün ondan 25000 ABŞ dolları borc aldığı tanışı kimi təqdim etmişdir. Bu şahid ifadələrinin heç biri işin hansısa konkret halını təsdiq etməmiş, yalnız ümumi şəkildə evin iddiaçı tərəfindən tikildiyinə dair heç bir əlavə sübutla təsdiq edilməyən əminlik ifadə edilmişdir. Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən iş üzrə sübut kimi təqdim edilmiş dəlillərin heç biri əsasında iddianın əsaslı olduğu nəticəsinə gələ bilmir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı İddiaçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı evin tikintisinə hansısa məbləğdə pul xərclədiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, qeyd olunan tələb tərəflərin izahatları ilə də sübut olunmamış, beləliklə, hazırda cavabdehlərin iddiaçıya bu evə çəkilmiş xərcə görə hansısa məbləğdə pul ödəməli olduğu müəyyən edilməmişdir. Yəni, iddiaçı iddia tələbinin əsaslılığını sübut edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Son olaraq, məhkəmə mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçının evin tikintisinə çəkilmiş xərcin cavabdehlərdən tutulması ilə bağlı əsas tələbi təmin edilmədiyindən ondan törəmə tələb olan mənəvi ziyan tələbi də təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4850/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4850/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver