Məhkəmə qərarları › İş №2(010)-5026/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5026/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5026/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-2499/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş 220 manat məbləğində olan aliment məbləğinin azaldılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il təvəllüdlüdür. Cavabdeh X2 ilə xx.xx.2010-cu il tarixində rəsmi nikah bağlamışdı. Birgə nikahdan 1 övladları olmuşdur: xx.xx.2012-ci il təvəllüdlü X9. X2 ilə birgə nikahda olduqları dövrdə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olalarında olan nikah münasibətlərinə Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-1615/2017 saylı qətnamə əsasında son qoyulmuşdur və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan 137 manat sabit pul məbləğində aliment tutulub cavabdehə verilməsi qət edilmişdir. Bundan əlavə Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2499/2023 saylı qətnaməsi əsasında, aliment məbləği artırılraq ondan, yəni İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X1 xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, öz nöbbəsində, iddia tələbini qəbul etmədiyini və Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2499/2023 saylı qətnaməsi ilə razı deyil və buna etiraz edir. Cünki məhkəmə yekun qərar qəbul edərkən, işə tam hər tərəfli araşdırmamış işə obyektiv baxmamış, tez-tələsik qərar qəbul etmişdir. Bunu təsdiq edən kifayət qədər maddi-prosessual sübutlar mövcuddur. Fikrini onunla izah etmək istəyir ki, hazırda heç bir yerdə işləmir və maddi vaziyyəti olduqca aşağıdır. Bunu xx.xx.2023-cü il tarixində 1 saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim edilmiş arayışla təsdiq edir. Anası ürək xəstəsidir və onun himayəsindədir. Onun müalicəsi ilə bağlı xərclər onun maddi vəziyyətini olduqca çətinləşdirir. Evin tək gəlir mənbəyi isə o olduğu üçün həm məişət xərclərini ödəmək, həm tibbi xərcləri ödəmək onun üçün olduqca çətindir və onu çıxılmaz vəziyyətə salmışdır. Artıq neçə müddətdir ki, övladını görə bilmir. Cavabdeh onu övladı ilə görüşməyə qoymur. Bütün bunlar həqiqətən də onun çətin maddi durumda olduğunu göstərir. Aydın məsələdir ki, ondan göstərilən miqdarda aliment məbləğinin tutulması mümkün deyil. Məhkəmə sözü gedən qətnaməni qət etməklə onun yaxın gələcəkdə mümkün ehtimal olunan həbsinə zəmin yaratmışdır. Bu onunla ifadə olunur ki, sanki məhkəmə həmin sözü gedən qətnaməni qət etməklə, bir növ ona gedib yaxın gələcəkdə həbs olunmağına hazırlaşmağını bildirmişdir. Cünki aydın məsələdir ki, o təyin edilən aliment məbləğini ödəmək iqtidarında deyil. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən təyin edilən aliment məbləği onun maddi rifahin nəzərə alınmadan təyin edildiyi üçün və onun maddi təminatına əhəmiyyətli dərəcədə təsir etdiyi üçün azaldılmalıdır. Bundan başqa, X1 əmək qabiliyyəti var. O, çalışıb uşağın qayğısına qala bilər. O, aliment ödəməkdən imtina etmir, lakin hesab edir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023cu il tarixli 2(010)-2499/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş 220 manat məbləğində olan aliment məbləğini ödəmək iqtidarında deyil, onun buna maddi potensialı çatmır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, hal-hazırda işsiz olmağını, daimi gəlirlərin olmamasını nəzərə alaraq 220 manat alimentin azaldılaraq 150 manat miqdarında müəyyən edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, alimentin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasına Cavabdeh iddia tələbini qəbul etmədiyini, heç bir yerdə işləmədiyini bildirmişdir. İş materialları. Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 013728 nömrəli, xx.xx.2016-cİ il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası İddiaçı Anatoleyiç, anası X3) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 sentyabr 2015-ci il tarixdə 1152 sayla qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2499/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1615/2017 nömrəli iş üzrə qəbul etdiyi 2017-ci il tarixli qətnaməsi ilə 20 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaçına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı Anatoleyiçdən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş AZ-İ seriyalı 395553 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah xx.xx.2017-ci il tarixdə ilə pozulmuşdur (akt qeydi: 09, tarix: xx.xx.2021). Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X4 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/9/2023- 01945 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X4 İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə sifarişli bildirişin göndərilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi PHŞ 1 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-7/2-L-39865/2023 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq’' altsisteminə əsasən, xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan bir övladları dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və uşaq ananın, bu iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2499/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 20 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1615/2017 qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı Anatoleyiçdən tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Anatoleyiç işsiz və aliment məbləği çox olduğundan, həmçinin himayəsində yaşlı anası olduğundan aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı himayəsində yaşlı anası olduğunu bildirərək, təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay 150 manat məbləğində təyin edilməsini xahiş etsə də, lakin tələbini Ailə Məcəlləsinin yuxarıda istinad olunan normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, bu hal onu uşağı əvvəlki təminatının səviyyəsində saxlanılması vəzifəsindən azad etmir. Eyni ilə, işsiz olması halı valideyni uşağı saxlanılması vəzifəsindən azad edə bilməz. xx.xx.2023-cü il tarixli, 2(010)-2499/2023 saylı qətnaməsi ilə iddiaçıya sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Ailə qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə, valideynin qazancı və ya sair gəliri yoxdursa, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Yəni, iddiaçının daimi gəlirlərin olmaması xx.xx.2023-cü il tarixli 2(010)-2499/2023 saylı qətnaməsində artıq nəzərə alınmışdır. Üstəlik, uşaq daimi olaraq Cavabdeh yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının dayil, cavabdeh üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. Ona görə də, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Bakı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-2499/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş 220 manat məbləğində olan aliment məbləğinin azaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Bakı Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2499/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş 220 manat məbləğində olan aliment məbləğinin azaldılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar