Məhkəmə qərarları › İş №2(010)-5044/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5044/2025

04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5044/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o – İddiaçı Cavabdeh ilə 19 yanvar 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikah Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmiş və həmin şöbənin nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 № ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı üç övladları doğulmuşdur. Nikaha daxıl olduqları ilk vaxtlar ər-arvad münasibətləri normal olmuşdur. Bir müddətdən sonra aralarında mübahisələr olmağa başlandı. Bu səbəbdən də o, boşanmaq üçün məhkəmə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-543/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 19 yanvar 2006-cı il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının da qeydinə qalmır. Qeyd edir ki, o ata kimi uşaqlarının səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmamış onların heç bir ehtiyacını ödəməmişdir. Uzun müddətdir ki, uşaqlar onun, yəni İddiaçı himayəsində qaldığından onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Uşaqların ana nəvazişindən başqa digər maddi məsrəflərə də ehtiyacı var. Övladlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatmış, Almaniya Respublikasının Bayroyt şəhərində doğulmuş xx.xx.2018-ci təvəllüdlü X8 isə yetkinlik yaşına çatmamışdır. Hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, aliment tələb edir. Qeyd edir ki, nikah pozulduğu vaxt aliment tələb etməmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025- 01917 nömrəli “X4 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt-kargüzarlıq xərci ödənilmişdir. Almaniya Federativ Respublikası Bayroyt VVAQ İdarəsi tərəfindən verilmiş G 1292/2018 nömrəli xx.xx.2020-ci il tarixli Doğum haqqında qeydiyyatdan çıxarışın surətindən görünür ki, X8 (atası X10, anası İddiaçı) xx.xx.2018-ci il tarixdə Bayroyt şəhərində anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 446369 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 121 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, 03 noyabr 2018-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Əlizadə (Əliyev) Şahin Musa oğlu ilə İddiaçı arasında 19 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 66 nömrə ilə qeydə alınmış nikahın pozulması, Əlizadə (Əliyev) Şahin Musa oğlu ilə İddiaçı birgə nikahlarından doğulmuş 29 iyun 2005-ci il təvəllüdlü X7, 28 may 2006-cı il təvəllüdlü X6 və 03 noyabr 2018ci il təvəllüdlü X2 boşanmadan sonra anaları İddiaçı yanında qalmaları və s.qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri …100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsi: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından üç uşaq doğulmuşdur. Onlardan ikisi - 29 iyun 2005-ci il təvəllüdlü X7 və 28 may 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmış, xx.xx.2018-ci il təvəllüdlü X8 isə yetkinlik yaşına çatmışdır. Tərəflər arasında nikah pozulmuş və xx.xx.2018-ci il təvəllüdlü X8 ananın (iddiaçının) himayəsində qalmışdır. Göründüyü kimi, uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması iş materialları ilə müəyyən edilməmişdir. Hazırda tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 iddiaçı ilə yaşayır. Bu səbəbdən də uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilənləri və valideynlərin maddi vəziyyəti, uşağın üstün maraq və mənafelərini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmişdir. Həmin il AR Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 400 manat olmuşdur. Beləliklə, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (246 manat) minimum əmək haqqına (400 manat) bölünməlidir (246/400=0.615). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (246x12=2952) mütənasib olan 49.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilməmiş 49.52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar