Məhkəmə qərarları › İş №2(010)-5051/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5051/2025

04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5051/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Birgə nikahdan doğulmuş xx.xx.2019-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər il sonrakı artırmaları nəzərə alınmaqla respublika üzrə minimal əmək haqqının 0,615 misli miqdarında alimentin iddianın verildiyi vaxtdan hesablanmaqla xeyrinə ödənilməsi, uşağın 3 yaşınadək iddiaçı üçün hər ay 100 azn tutulması, eyni zamanda hüquqi yardım üçün ödənilmiş 121,20 azn pul vəsaitinin, 61 manat mediasiya xərcinin, sənədlərin notarial təsdiq edilməsi üçün 6,40 azn pul vəsaitinin cavanbdehdən tutularaq xeyrinə ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə ailə münasibətlərinə daxil olaraq nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2019ci il tarixdə X6, xx.xx.2024-cü il tarixdə X2 adını verdiyi övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Cavabdeh övladının saxlanılması və müəyyən xərcləri qarşılanması ilə bağlı heç bir köməklik etmir, sözün əsil mənasında ümumiyyətlə maraqlanmır. Bununla bağlı qanunvericiliyin tələblərinə görə ilk öncə “8 saylı Mediasiya təşkilatına” aliment tələbi ilə bağlı müraciət etmişdir. Nəticədə xx.xx.2025-ci il tarixində “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli izah edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Nikahları hələ rəsmi qaydada pozulmamışdır. İddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hal-hazırda işləyir. 246 manat məbləğində aliment ödəməyə razıdır. İddia tələbinin qalan hissəsini qəbul etmir. İş materialları 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 268735 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1392 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 007015 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1975 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 365689 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 6798 nömrə ilə qeyd edilmişdir. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/8/2025-01784-saylı xx.xx.2025-ci il tarixdə verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi, "aliment" tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Kapitalbank ASC tərəfindən verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X8 tərəfindən hüquqi yardımla bağlı 40 manat məlbəğində ödəniş edilmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından xx.xx.2019-cu il təvəllüdlü İsa Zeynallı və xx.xx.2024-cü il təvəllüdlü Fatimə Zeynalova doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda İddiaçı yanında qalır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından xx.xx.2019-cu il təvəllüdlü İsa Zeynallı və xx.xx.2024-cü il təvəllüdlü Fatimə Zeynalova doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda İddiaçı yanında qalır. Məhkəmə tərəflərin övladı İsa və Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə tərəflərin övladlarının saxlanılmaları üçün cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.615 misli miqdarında aliment tutulmalıdır. Bundan başqa, iddiaçı cavabdeh ilə birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək saxlanılması üçün cavabdehdən 100 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsi ilə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərməkdən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna təminat verilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyi ərdən (arvaddan) aliment tələb etmək hüququnu “buna zəruri vəsaitə malik olma” ilə şərtləndirmişdir. Hazırkı işdən isə Cavabdeh anbardar işləməklə aylıq əmək haqqının 400 manat olması müəyyən olunmuşdur. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.

Məhkəmə xərcləri. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdehdən mediasiya xərcinə görə 61 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa göstərilmiş hüquqi yardıma görə ödənilmiş 121,20 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh mediasiya xərcinə görə 61 manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 121,20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2024cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinə görə 61 (altmış bir) manat və hüquqi yardımla bağlı ödənilmiş 121,20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar