Məhkəmə qərarları › İş №2(010)-5081/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5081/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5081/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment və tərəfindən ödənilmiş bütün mediasiya xərci tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları xx.xx.2019cu il tarixdə Tovuz rayonu Azaflı K.İ.Ə.D.Ü.N-də bağlanmış və bununla əlaqədar olaraq ona AZ-İİ seriyalı, 286135 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikah münasibətlərindən iki övladı xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh hərbiçidir və onun əmək haqqı məbləği 1200 manat təşkil edir. Lakin, bir dəfə də olsun ailəsi ilə maraqlanmamış, övladlarının ehtiyaclarını qarşılamamışdır. Buna görə də övladlarına tək başına baxır. Uşaqların yaşı artdıqca onların ehtiyacları və qayğıları da artır. Tək ana olaraq, övladlarının maddi ehtiyaclarını qarşılamağa maddi gücü çatmır. Bu səbəbdən hesab edir ki, birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən xeyrinə aliment tutulmalıdır. Aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmək üçün, tərəfindən Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin cavabdeh sözügedən sessiyada iştirak etmədiyindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/1/2025-00193 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışı almaq üçün bütün mediasiya xərci onun tərəfindən ödənilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə faktiki olaraq 2018-ci ildə ailə qurmuşlar. Birgə nikahdan iki övladı - xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Aralarındakı nikah pozulmamış, lakin həyat yoldaşının xəyanətini səbəbindən artıq iki ildir ki, onunla ayrı yaşayır. Cavabdehlə barışmaq kimi bir fikri yoxdur. Hal-hazırda uşaqları ilə məşğul olduğu üçün işləyə bilmir və uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 248 manat məbləğində alimentin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdehin birinci ailəsindən bir övladı da vardır. Cavabdehin aylıq gəliri 1200 manat məbləğindədir və onun aylıq 250 manat məbləğində əlavə gəliri vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun “Rabitəbank”dan aldığı 250 manat məbləğində əlavə gəlirinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Hal-hazırda Şəki şəhərində kirayə evdə yaşayır və ayda 250 manat məbləğində kirayə haqqı ödəyir. O, digər uşağı üçün də aliment ödəyir. Onun, əmək haqqı məbləği 1226 manat təşkil edir. İddiaçının hesabına ayda 300 manat məbləğində pul ödənişi edir. Qeyd olunanlara əsasən, iddianın rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində saat 12:00-13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

6. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı Yeni ünvan 1 ünvanda qeydiyyatsız yaşayır.

7. 1 saylı Bakı “Asan Xidmət” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

8. Tovuz rayon Azaflı kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

9. Azərbaycan Respublikası Tovuz rayon Azaflı K.İ.Ə.D.Ü.N tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019cu il tarixdə 01 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abdullayeva, ərə Abdullayev soyadı verilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh birgə nikahından iki uşaqları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş bütün mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə iddia tələbinin rədd olunmasını bildirmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaqları doğulmuş, uşaq hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

17. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi məbləği qəbul etmədiyini və iddia tələbinin rədd olunmasını bildirmişdir.

18. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından iki övladları vardır və cavabdehin əlavə qazanc əldə etməsi iş materiallarından müəyyən edilmir. Hazırda cavabdeh məhkəmədə 1226 manat əmək haqqı aldığını, 250 manata Şəki şəhərində kirayə qaldığını, 187 manat ipoteka ilə bağlı kredit ödədiyini, birinci nikahdan olan övladına aliment ödədiyini, hazırkı övladlarına isə aylıq 300 manat ödədiyini etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.

19. Bundan əlavə məhkəmə qeyd edir ki, 2025-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin həddi (220:400)=0.55 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.

20. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

21. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən – xx.xx.2025-ci il tarixdən başlanmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2025ci il tarixdən hesablanmalı, iş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməli və məhkəmə xərcləri – 72.8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 23.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 72.8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar