Məhkəmə qərarları › İş №2(010)-5208/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5208/2021

07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5208/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Ağayev İddiaçı Cavabdeh qarşı “aliment borclarını ödəməkdən azad edilmə” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Ağayev İddiaçı Cavabdeh qarşı “aliment borclarını ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 5210 manat aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Hazırkı iddia ərizəsindən göründüyü kimi iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.8.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin qanunun 26.1.-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Bu qanunun 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin qanunun 29.3.-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Beləliklə iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə aliment borclarını ödəməkdən azad edilmə ilə bağlıdır. Sadalanan qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı zəruridir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı olaraq sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Ağayev İddiaçı Cavabdeh qarşı “aliment borclarını ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmək hüququ izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar