Məhkəmə qərarları › İş №2(010)-5248/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5248/2025

11.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanınması - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5248/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə onun və xx.xx.2023-cü il təvəllüdlü oğlu X3 istifadə hüququnun tanıması və oraya köçürülmələri, həmin mənzildən istifadə edilməsində ona maneçiliklər törədilməməsi barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, ona vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 6000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı, 18 may 2023-cü il təvəllüdlü oğlu X3 istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə müraciət edərək, qətnamə qəbul edilən zaman iddiaçının X1 göstərilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o – İddiaçı Cavabdeh1 ilə xx.xx.2022ci il tarixdə nikaha daxil olmuşdur. Nikah 6 saylı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra o, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Bütün cehiz əşyaları həmin ünvana yerləşdirilmişdir. Qeyd edir ki, həmin ünvanda bir neçə ev mövcuddur, cavabdehlər həmin evləri kirayə verir. 2025-ci ildə cavabdehlə münasibətləri pozulmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(007)-735 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Uşağın onun yanında qalması və Cavabdeh1 alimentin tutulması müəyyən edilmişdir. Nikahın faktiki dağılması ərəfəsində cavabdehlər onun cehiz əşyalarını bir otağa yığmış, onu və uşağını həmin evə buraxmamışdırlar. Ona məxsus qızıl-zinət əşyalarını əlindən almışdırlar. Artıq uzun müddətdir ki, o azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadan, çöllərdə qalmışdır. Cavabdehlərin belə xoşagəlməz hərəkətləri onun hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamandabelə vəziyyət onun mənəvi-psixoloji sovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə, ümumilikdə onun əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 6000 manat dəyərləndirir. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, dəqiqləşmə ərizəsi vermişdilər. Belə ki, iddiaçı soyadını dəyişmişdir. Xahiş edir ki, bu hal nəzərə alınaraq, qətnamə qəbul edilən zaman iddiaçının soyadı Süleymanlı olaraq qeyd olunsun. Qeyd edir ki, iddiaçı ailə qurarkən çıxarışı olmayan mübahisəli mənzilə köçmüşdür, 2025-ci ildə nikahları pozulmuşdur və iddiaçının cehiz əşyaları həmin mənzildədir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil evin qanunsuz tikili olduğunu, iddiaçının xx.xx.2022-ci ildən həmin evdə yaşadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, ev onun deyil, atasının adınadır. Onun adına heç bir əmlak yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 evin qanunsuz tikili olduğundan çıxarışının olmadığını bildirmişdir. İş materialları. 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 525711 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X2 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1671 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh1, anası İddiaçı) xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 2148 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-735/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 21 avqust 2021-ci il tarixdə 6 saylı Bakı “ASAN ximdət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmiş nikahın pozulması, iddiaçı Cavabdeh1 övladı 18 may 2023-cü il təvəllüdlü X7 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının cavabdeh İddiaçı iştirakı ilə, hər həftənin bazar günü saat 13:00-dan saat 15:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban 25 ünvanında hər həftənin bazar günləri saat 13:00-da cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh1, həmin günlər saat 15:00-da isə eyni ünvanda iddiaçı Cavabdeh1 tərəfindən cavabdeh İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş 18 may 2023-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 26 dekabr 2024-cü il tarixdən başlayaraq 18 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh1 tutulub, İddiaçı verilməsi, Cavabdeh1 26 dekabr 2024-cü il tarixdən başlayaraq 18 may 2023-cü il təvəllüdlü X3 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi və.s qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və iddiaçı mübahisəli hesab edilən Bakı şəhəri, Suraxanı rayon, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı fərdi yaşayış evinə köçmüşdür. Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızı ilə Cavabdeh1 birgə nikahdan yetkinlik yaşına çatmayan bir övladları – 18 may 2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında nikah pozulmuşdur. İddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının köçürülməsini və istifadə hüququnun tanınmasını istədiyi mübahisəli hesab edilən ev - özbaşına tikilidir. O, həmin evdə yaşamış, sonra isə övladı ilə birlikdə həmin mənzildən çıxmışdır. Hazırda iddia tələbi iddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının azyaşlı övladı – 18 may 2023-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı mənzilə köçürülməklə, mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulmasından ibarət olmuşdur. İddia tələbinin – İddiaçı azyaşlı övladı – 18 may 2023-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı mənzilə köçürülməklə, mənzildən istifadə hüququnun tanınması hissəsində məhkəmə qeyd edir ki, iddiaçının həmin evə köçürülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır və buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayon, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı fərdi yaşayış evi özbaşına tikilidir, həmin tikintiyə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixində rəsmi nikah bağlamışdırlar. Həmin vaxt üçün özbaşına tikili artıq mövcud idi və iddiaçı ora köçmüşdür. Bu halın müəyyənləşdirilməsi onun üçün zəruridir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olduğu üçün onunla bağlı Mülki və/və ya Mənzil Məcəlləsinin istifadə hüququnun yaranması ilə bağlı müddəaları tətbiq edilə bilməz. Ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına alınmasının və ya tikilməsinin müəyyən edilməsindən birbaşa asılıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) həmin evdən istifadə və evə köçürülmək hüququ yoxdur. Həmçinin, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olduğu üçün, yalnız fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olub, ər-arvadın ümumi birgə əmlakı hesab edilə bilərdi. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onun əmlakdan istifadəsinin mümkünlüyünə baxa bilərdi. Lakin, hazırki mübahisədə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə etmir, onların ümumi birgə gəliri hesabına əldə edilmiş əmlak hesab olunmur. Belə ki, Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızı tərəfindən mübahisəli hesab edilən özbaşına tikilinin ər-arvadın birgə vəsaiti hesabına inşa edildiyini və ya əldə edildiyini təsdiq edən mötəbər və sübutedici dəlillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, nikahları pozularkən, məhkəmə Cavabdeh1 və Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının birgə uşaqları olan 18 may 2023-cü il təvəllüdlü X4 Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının himayəsində saxlamışdır. Belə olan halda, uşaq himayədə olduğu valideyn ilə bir yerdə qalmalıdır. İddia tələbinin – Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı mənzildən istifadə edilməsində İddiaçı və onun azyaşlı övladı – 18 may 2023-cü il təvəllüdlü X5 maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması hissəsində məhkəmə qeyd edir ki, iddiaçının həmin evdən istifadə hüququ müəyyən edilmədikdən və həmin evə köçürülmə ilə bağlı subyektiv hüququ olmadığından, həmin evdən iddiaçının və azyaşlı övladının istifadəsinə cavabdehlər və digər şəxslər tərəfindən maneələrin yaradılmasından söhbət gedə bilməz. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı və 18 may 2023-cü il təvəllüdlü övladı X3 istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının “ünvan 2 ünvanında yerləşən mənzilə iddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının və 18 may 2023-cü il təvəllüdlü övladı X3 istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar