Məhkəmə qərarları › İş №2(1-8)-1325/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1325/2026

18.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanınması - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1325/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə köçürmə, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 keçmiş ər-arvaddır. Tərəflərin birgə nikahından bir övladı olmuş və tərəflər arasındakı nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Hazırda iddiaçı özü və azyaşlı övladı ilə gəlin köçdüyü qanunsuz tikiliyə istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulmasını tələb edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı, ## ### 2023-cü il təvəllüdlü oğlu X1 istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəməyə ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə müraciət edərək, qətnamə qəbul edilən zaman iddiaçının X3 göstərilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh cavabdeh4 ilə ##.##.2022ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan ##.##.2023-cü il təvəllüdlü X1 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra o, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Bütün cehiz əşyaları həmin ünvana yerləşdirilmişdir. Həmin ünvanda bir neçə ev mövcuddur, cavabdehlər həmin evləri kirayə verir. 2025-ci ildə cavabdehlə münasibətləri pozulmuşdur. Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*** saylı qətnaməsi ilə nikah pozulmuşdur. Uşağın onun yanında qalması və cavabdeh cavabdeh4 alimentin tutulması müəyyən edilmişdir. Nikahın faktiki dağılması ərəfəsində cavabdehlər onun cehiz əşyalarını bir otağa yığmış, onu və uşağını həmin evə buraxmamışlar. Ona məxsus qızıl-zinət əşyalarını əlindən almışlar. Artıq uzun müddətdir ki, o azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadan, müxtəlif ünvanlarda yaşayır. Cavabdehlərin belə xoşagəlməz hərəkətləri onun hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə, ümumilikdə onun əzab çəkməyinə gətirib çıxarmışdır. Iddiaçı cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 6000 manat dəyərləndirmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil2 bildirmişdir ki, iddiaçı ailə qurarkən çıxarışı olmayan mübahisəli mənzilə köçmüşdür, 2025-ci ildə nikahları pozulmuşdur və iddiaçının cehiz əşyaları həmin mənzildədir. O, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili evin qanunsuz tikili olduğunu, iddiaçının ##.##.2022-ci ildən həmin evdə yaşadığını bildirmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh4 bildirmişdir ki, ev onun deyil, atasının adınadır. Onun adına heç bir əmlak yoxdur. Iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Həmçinin məhkəmənin hazırlıq iclasında cavabdeh cavabdeh4 evin qanunsuz tikili olduğundan çıxarışının olmadığını bildirmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Firuzə Mirzəyeva).

9. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 ##.##.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və iddiaçı mübahisəli hesab edilən fərdi yaşayış evinə köçmüşdür. Tərəflərin birgə nikahdan yetkinlik yaşına çatmayan bir övladları – ## ### 2023-cü il təvəllüdlü X1 dünyaya gəlmişdir. ##.##.2025-ci il tarixli qətnamə ilə tərəflər arasında nikah pozulmuşdur. Iddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızının köçürülməsini və istifadə hüququnun tanınmasını istədiyi mübahisəli hesab edilən ev - özbaşına tikilidir. O, həmin evdə yaşamış, sonra isə övladı ilə birlikdə həmin mənzildən çıxmışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırda iddia tələbi iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməklə, mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulmasından ibarət olmuşdur.

11. Iddia tələbinin - iddiaçının azyaşlı övladı ilə mübahisəli mənzilə köçürülməklə, mənzildən istifadə hüququnun tanınması hissəsində məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin evə köçürülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır və buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir.

12. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi özbaşına tikilidir, həmin tikintiyə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Tərəflər ##.##.2022-ci il tarixində rəsmi nikah bağlamışdırlar. Həmin vaxt üçün özbaşına tikili artıq mövcud idi və iddiaçı ora köçmüşdür. Bu halın müəyyənləşdirilməsi onun üçün zəruridir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olduğu üçün onunla bağlı Mülki və/və ya Mənzil Məcəlləsinin istifadə hüququnun yaranması ilə bağlı müddəaları tətbiq edilə bilməz. Ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına alınmasının və ya tikilməsinin müəyyən edilməsindən birbaşa asılıdır.

13. Məhkəmə qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) həmin evdən istifadə və evə köçürülmək hüququ yoxdur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğu üçün, yalnız fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olub, ər-arvadın ümumi birgə əmlakı hesab edilə bilərdi. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onun əmlakdan istifadəsinin mümkünlüyünə baxa bilərdi. Lakin, hazırkı mübahisədə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə etmir, onların ümumi birgə gəliri hesabına əldə edilmiş əmlak hesab olunmur. Belə ki, iddiaçı tərəfindən mübahisəli hesab edilən özbaşına tikilinin ər-arvadın birgə vəsaiti hesabına inşa edildiyini və ya əldə edildiyini təsdiq edən mötəbər və sübutedici dəlillər məhkəməyə təqdim edilməmişdir.

14. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, nikahları pozularkən, məhkəmə tərəflərin birgə uşaqları olan oğlunu ananın himayəsində saxlamışdır. Belə olan halda, uşaq himayədə olduğu valideyn ilə bir yerdə qalmalıdır.

15. Iddia tələbinin – mübahisəli mənzildən istifadə edilməsində iddiaçı və onun azyaşlı övladına maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması hissəsində məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin evdən istifadə hüququ müəyyən edilmədiyindən və həmin evə köçürülmə ilə bağlı subyektiv hüququ olmadığından, həmin evdən iddiaçının və azyaşlı övladının istifadəsinə cavabdehlər və digər şəxslər tərəfindən maneələrin yaradılmasından söhbət gedə bilməz. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır.

16. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı iddia tələbi təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139, 139.1, 139.3, 139.4, 152, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 180.1, 180.2, 180.3, 225-ci, Ailə Məcəlləsinin 31, 31.1, 31.2, 32, 32.1, 32.2, 32.2.1, 32.2.2, 33-cü , Mülki Prosessual Məcəlləni 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən,heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur. Bu o deməkdir ki,onun evə istifadə hüququnun olub olmamasından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması kifayət edir ki, bu norma ona tətbiq edilsin. Məhkəmə isə bu konstitusion təminatı mübahisənin “istiqamət oxu” etməyib, əvəzində “subyektiv hüquq var və ya yoxdur” kimi dar çərçivədə dayanıb. Konstitusiyanın 43-cü maddəsi “qadağanedici norma” kimi, şəxsi faktiki yaşadığı mənzildən qanunsuz məhrum etməyə qarşı qoruyur. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Eyni zamanda məhkəmə iddiaçının və azyaşlı uşağın mübahisəli mənzildə faktiki yaşamasını (yaşama müddəti, qeydiyyat/kommunal ödənişlər, qonşu şahid ifadələri və s.), iddiaçının və uşağın mənzildən hansı tarixdə, hansı üsulla (özbaşına, zor tətbiqi ilə, açarların alınması ilə və s.) çıxarıldığı və bunun qanuniliyini, cavabdehlərin “mülkiyyətçi” və ya“qanuni sahib” statusunu, eləcə də iddiaçının mənzilə ilkin köçməsinə razılığın olub-olmamasını, azyaşlı uşağın faktiki yaşayış şəraiti, onun mənafeləri baxımından mənzilə köçürülmənin zəruriliyi, iddiaçının başqa yaşayış yerinin olub-olmamasını araşdırmamışdır. Cavabdeh cavabdeh2 Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus cehiz əşyalarının mübahisəli mənzildən çıxarılmasını xahiş etmiş, həmin ərizədə isə açıq şəkildə qeyd etmişdir ki, iddiaçı onun oğlu ilə nikaha daxil olduqdan sonra onların evinə gəlin köçmüş və cehiz kimi müəyyən daşınar əmlakı özüylə gətirmişdir, yəni əşyaları mübahisəli evdədir. Bu hal cavabdehin öz yazılı mövqeyi ilə iddiaçının mübahisəli mənzillə faktiki bağlılığını və orada yaşamağını təsdiqləyir, cavabdehin eyni zamanda həm əlaqəni inkar edib, həm də əşyaların həmin evdə olmasını iddia etməsi mövqeyinin ziddiyyətli olduğunu göstərir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının köçmək istədiyi ev cavabdeh2, yəni iddiaçının keçmiş qaynatasının adınadır.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti ilə razılaşmadıqlarını bildirmiş və təmin edilməməsini xahiş etmişlər, eləcə də qeyd etmişlər ki, iddiaçı evdən özü getmiş, o vaxtdan Keşlədə atasına məxsus olan 3 otaqlı tam şəraitli mənzildə yaşayır, onun köçmək istədiyi evə nə onun, nə də ki onun keçmiş ərinin aidiyyəti yoxdur, həmin ev 20 il əvvəl iddiaçının ərinin atası tərəfindən inşa edilib və ona məxsusdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ikram Şirinov-sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

23. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçının köçürülmək istədiyi mənzil onun keçmiş qayınatasının, cavabdeh cavabdeh2 mülkiyyətindədir, o, hazırkı iş üzrə digər cavabdeh cavabdeh4 ilə ##.##.2022-ci ildə nikah bağlamış, ##.##.2023-cü il tarixdə onların birgə nikahından X1 doğulmuş, nikah münasibətlərinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir.

24. Iddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaslanaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmasının, həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılmasının məhkəmə tərəfindən nəzərə alınmamasıdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, mübahisəli ev iddiaçının keçmiş qayınatası - cavabdeh cavabdeh2 mülkiyyətindədir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb, aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: – iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; – iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; – iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; – iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; – iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

27. Hazırkı halda iddiaçının iddia tələbində sadalanan əsasların heç biri mövcud deyildir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mövcud məhkəmə təcrübəsinə əsasən özbaşına tikili hesab olunan yaşayış sahəsinə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

29. Iddiaçının köçmək istədiyi mübahisəli mənzilin onun keçmiş qayınatasının müstəsna əmlakı olması işin mübahisəsiz halıdır. Rayon məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan müəyyən olunmuşdur ki, həmin özbaşına tikili 2005-ci ildə cavabdeh cavabdeh2 özü tərəfindən tikilmişdir, iddiaçı cavabdeh cavabdeh4lə nikaha daxil olduqdan sonra 2 (iki) il həmin evdə yaşamışlar. Iddiaçı tərəfindən həmin tikilinin tikintisi, təmiri üçün hər hansı vəsait sərf edildiyi də iddia edilməmişdir.

30. Belə olan halda, müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin nikahına xitam verildiyindən, iddiaçı cavabdeh2 özünün saxlanmasını tələb etmək hüququ olan ailə üzvü də olmadığından rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin həmin dəlilləri əsassız olmaqla, təmin edilməməlidir.

31. Apellyasiya şikayətində eyni zamanda rayon məhkəməsi tərəfindən iddiaçı və azyaşlı övladının faktiki yaşayış şəraitinin araşdırılmaması mübahisələndirilmişdir.

32. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadan, çöllərdə qaldığını qeyd etsə də, həm rayon məhkəməsində keçirilən iclaslarda, həm də apellyasiya baxışı zamanı keçirilən iclasda izahatlarında Keşlə qəsəbəsində atasına məxsus 3 (üç) otaqlı evdə övladı ilə birlikdə yaşadığını bildirmişdir.

33. Məhkəmə kolllegiyası tərəflərin azyaşlı övladının isitifadə hüququnun tanınması ilə bağlı xüsusilə qeyd etmişdir ki, uşağın atasının mənzilinə istifadə hüququ onun doğulduğu gündən yaranmış və həmin hüquq onun valideynlərinin arasında olan nikahın pozulmasından asılı olmayaraq qalmaqda davam edir. Uşaqlar həm mülki qanunvericiliyin, həm də ailə qanunvericiliyinin tələblərinə əsasən valideyinlərinin mənzilindən istifadə və onlarla birgə yaşamaq hüququna malikdirlər.

34. Nikahın pozulmasından sonra azyaşlının ananın yanında saxlanılması isə heç bir halda uşaq üçün müəyyən olunmuş həmin hüquqların xitamı və ya aradan qalxması kimi təfsir edilə bilməz. Uşağın ananın yanında saxlanması, onun istənilən vaxt atasının yanında qalmaq, onunla yaşamaq və qanunun onlar üçün müəyyən etdiyi hüquqlardan istifadə etmək və faydalanmaq imkanını istisna etmir. Bu baxımdan həm də Mülki Məcəllənin 15.2-ci maddəsində təsbit olunmuş prinsipi nəzərə alınmalıdır. Həmin normanın tələbində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlarından istifadə etməməsi qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddənin III hissəsinə, Mülki Məcəllənin 139.1,152.1, 152.2, 152.3, 152.5, 180.1, 180.2, 180.3, 228.1, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-ci, Ailə Məcəlləsinin 32.1-ci 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına,“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Idddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməklə iddianın mənzilə köçürülmə hissəsində təmin edilməsi, iddiaçının və azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən *** saylı fərdi yaşayış evinə köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, uşaq mübahisəli evdə doğulub, qeydiyyatda olub, yaşamışdır. Ana ilə birgə yaşamaq uşağın babasının evindən istifadə hüququnu ləğv etmir. Məhkəmə ümumiyyətlə uşağın faktiki yaşayış şəraitini, zorla çıxarılmasını qiymətləndirməyib. Bu, Uşaq hüquqları haqqında Konvensiyanın və daxili qanunların birbaşa pozuntusudur.Eyni zamanda uşağın atası evindən istifadə hüququ var, ananın yanında saxlanması bu hüququ ləğv etmir. Özbaşına tikili mülkiyyət yaratmır, lakin ailə üzvlərinin faktiki istifadə hüququnu da ləğv etmir. Nikah dövründə ailə kimi yaşama faktı Mülki Məcəllənin 228.5ci maddəsi ilə qorunur. Eyni zamanda Ali Məhkəmənin Plenumu hətta özbaşına tikilidə ümumi vəsaitlərin payını tanıyır. Məhkəmə bir tərəfdən fərdi yaşayış evinin özbaşına tikili olduğunu qeyd etmiş, digər tərəfdən həmin tikilidə iddiaçının illərlə yaşamasını və uşağın qeydiyyatını hüquqi nəticə doğurmayan hal kimi qəbul etmişdir.Bu yanaşma hüquqi baxımdan ziddiyyətlidir. Əgər fərdi yaşayış evi faktiki yaşayış obyekti kimi qəbul olunursa, həmin yaşayış hüququnun müdafiəsi də təmin edilməli idi.

38. Məhkəmə yalnız birinci instansiya hazırlıq iclasının protokoluna (##.##.2025) əsaslanaraq “ev 2005-ci ildə cavabdeh2 tərəfindən tikilib” qeyd etmişdir (qətnamənin 11-ci səhifəsi, 74-cü bənd). Lakin 3 evdən ibarət struktur barədə heç bir sübut araşdırılmayıb. Bu pozuntuya əsasən, köçürülmə tələbinin (mənzilə köçürülmə) həyata keçirilməsi imkanı yanlış qiymətləndirilib. Əgər 3 ayrı ev varsa, hər evin özbaşına tikinti statusu və istifadə hüququ fərqli ola bilər. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı iddia tələbinə əsasən, “ünvan 2 ünvanında yerləşən mənzilə” köçürülmə tələb edir. Lakin ünvanın 3 evdən ibarət olması aydınlaşdırılmayıb.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

41. Maddə 29 III hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

46. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

47. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

48. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

49. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

50. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

51. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

52. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

53. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

54. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

55. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

56. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

57. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı.

58. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

69. Işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə qənaətə gəlmişlər ki, mövcud məhkəmə təcrübəsinə əsasən özbaşına tikili hesab olunan yaşayış sahəsinə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Iddiaçının köçmək istədiyi mübahisəli mənzilin onun keçmiş qayınatasının müstəsna əmlakı olması işin mübahisəsiz halıdır. Müəyyən olunmuşdur ki, həmin özbaşına tikili 2005-ci ildə cavabdeh cavabdeh2 özü tərəfindən tikilmişdir, iddiaçı cavabdeh cavabdeh4lə nikaha daxil olduqdan sonra 2 (iki) il həmin evdə yaşamışlar. Iddiaçı tərəfindən həmin tikilinin tikintisi, təmiri üçün hər hansı vəsait sərf edildiyi də iddia edilməmişdir.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

71. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdikləri formal mülahizələrdən ibarətdir.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar