Məhkəmə qərarları › İş №2(3-6)-225/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-225/2026

17.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanınması - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-225/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ istifadə hüququnun tanınması və mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5248/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə onun və xx.xx.2023-cü il təvəllüdlü oğlu X4 istifadə hüququnun tanıması və oraya köçürülmələri, həmin mənzildən istifadə edilməsində ona maneçiliklər törədilməməsi barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, ona vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 6000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı, 18 may 2023-cü il təvəllüdlü oğlu X4 istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri və mənzildən istifadə edilməsində onlara maneçilik törətməmələri barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə müraciət edərək, qətnamə qəbul edilən zaman iddiaçının X1 göstərilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. Nikah 6 saylı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra o, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Bütün cehiz əşyaları həmin ünvana yerləşdirilmişdir. Qeyd edir ki, həmin ünvanda bir neçə ev mövcuddur, cavabdehlər həmin evləri kirayə verir. 2025-ci ildə cavabdehlə münasibətləri pozulmuşdur. Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-735 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Uşağın onun yanında qalması və Cavabdeh1 alimentin tutulması müəyyən edilmişdir. Nikahın faktiki dağılması ərəfəsində cavabdehlər onun cehiz əşyalarını bir otağa yığmış, onu və uşağını həmin evə buraxmamışlar. Ona məxsus qızıl-zinət əşyalarını əlindən almışlar. Artıq uzun müddətdir ki, o azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadan, çöllərdə qalmışdır. Cavabdehlərin belə xoşagəlməz hərəkətləri onun hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə, ümumilikdə onun əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 6000 manat dəyərləndirir.

5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5248/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Firuzə Mirzəyeva) ilə iddia tələbi təmin edilməmişdir.

6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən,heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur. Bu o deməkdir ki,onun evə istifadə hüququnun olub olmamasından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması kifayət edir ki, bu norma ona tətbiq edilsin. Məhkəmə isə bu konstitusion təminatı mübahisənin “istiqamət oxu” etməyib, əvəzində “subyektiv hüquq var və ya yoxdur” kimi dar çərçivədə dayanıb. Qısaca desək, Konstitusiyanın 43-cü maddəsi “qadağanedici norma” kimi, şəxsi faktiki yaşadığı mənzildən qanunsuz məhrum etməyə qarşı qoruyur. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Eyni zamanda məhkəmə iddiaçının və azyaşlı uşağın mübahisəli mənzildə faktiki yaşamasını (yaşama müddəti, qeydiyyat/kommunal ödənişlər, qonşu şahid ifadələri və s.), iddiaçının və uşağın mənzildən hansı tarixdə, hansı üsulla (özbaşına, zor tətbiqi ilə, açarların alınması ilə və s.) çıxarıldığı və bunun qanuniliyini, cavabdehlərin “mülkiyyətçi” və ya“qanuni sahib” statusunu, eləcə də iddiaçının mənzilə ilkin köçməsinə razılığın olub-olmamasını, azyaşlı uşağın faktiki yaşayış şəraiti, onun mənafeləri baxımından mənzilə köçürülmənin zəruriliyi, iddiaçının başqa yaşayış yerinin olub-olmamasını araşdırmamışdır. Cavabdeh4 Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus cehiz əşyalarının mübahisəli mənzildən çıxarılmasını xahiş etmiş, həmin ərizədə isə açıq şəkildə qeyd etmişdir ki, iddiaçı onun oğlu ilə nikaha daxil olduqdan sonra onların evinə gəlin köçmüş və cehiz kimi müəyyən daşınar əmlakı özüylə gətirmişdir, yəni əşyaları mübahisəli evdədir. Bu hal cavabdehin öz yazılı mövqeyi ilə iddiaçının mübahisəli mənzillə faktiki bağlılığını və orada yaşamağını təsdiqləyir, cavabdehin eyni zamanda həm əlaqəni inkar edib, həm də əşyaların həmin evdə olmasını iddia etməsi mövqeyinin ziddiyyətli olduğunu göstərir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, hazırda övladı ilə birlikdə Keşlə qəsəbəsində atasına məxsus 3 (üç) otaqlı evdə yaşayır, hazırda köçmək istədiyi özbaşına tikili olan ev onun keçmiş qayınatasının evidir, o gəlin gələndə həmin ev hazır olub, həmin evin tikintisi və ya təmirində nə o, nə də ki, onun ailə üzvlərinin hər hansı iştirakı, əməyi və ya vəsaiti sərf olunmayıb.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçının köçmək istədiyi ev Cavabdeh4, yəni iddiaçının keçmiş qaynatasının adınadır.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti ilə razılaşmadıqlarını bildirdilər və təmin edilməməsini xahiş etdilər, eləcə də qeyd etdilər ki, iddiaçı evdən özü getmiş, o vaxtdan Keşlədə atasına məxsus olan 3 otaqlı tam şəraitli mənzildə yaşayır, onun köçmək istədiyi evə nə onun, nə də ki onun keçmiş ərinin aidiyyəti yoxdur, həmin ev 20 il əvvəl iddiaçının ərinin atası tərəfindən inşa edilib və ona məxsusdur. Sübutların tədqiqi:

11. 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 525711 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X3 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1671 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir.

12. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh1, anası İddiaçı) xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 2148 nömrə ilə qeyd edilmişdir.

13. Mülki iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-735/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 21 avqust 2021-ci il tarixdə 6 saylı Bakı “ASAN ximdət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmiş nikahın pozulması, iddiaçı Cavabdeh1 övladı 18 may 2023-cü il təvəllüdlü X6 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının cavabdeh İddiaçı iştirakı ilə, hər həftənin bazar günü saat 13:00-dan saat 15:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban 25 ünvanında hər həftənin bazar günləri saat 13:00-da cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh1, həmin günlər saat 15:00-da isə eyni ünvanda iddiaçı Cavabdeh1 tərəfindən cavabdeh İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş 18 may 2023-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, 26 dekabr 2024-cü il tarixdən başlayaraq 18 may 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh1 tutulub, İddiaçı verilməsi, Cavabdeh1 26 dekabr 2024-cü il tarixdən başlayaraq 18 may 2023-cü il təvəllüdlü X4 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi və.s qət edilmişdir.

14. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li, xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olur ki, X6 xx.xx.2023-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.

15. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının geri qaytarılması” tələbi barədə iddia ərizəsindən görünür ki, iddiaçı (cavabdehin keçmiş qaynatası) ərizədə göstərilən siyahıya uyğun olaraq cavabdehə məxsus cehiz əşyalarının onun yaşadığı (şəxsi mülkiyyətində olan) ünvandan götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Nizami Rayon Məhkəməsinin icraatındadır. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasinin Konstitusiyası

17. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

23. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

26. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasinin Mənzil Məcəlləsi:

29. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

31. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

32. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

34. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı:

35. Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

36. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir.

37. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.

38. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.

39. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir.

40. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.

41. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı.

42. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

55. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

56. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

59. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

60. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

62. Məhkəmə qeyd edir ki, iddiaçının köçürülmək istədiyi mənzil onun keçmiş qayınatasının, Cavabdeh4 mülkiyyətindədir, o, hazırkı iş üzrə digər Cavabdeh1 ilə xx.xx.2022-ci ildə nikah bağlamış, xx.xx.2023-cü il tarixdə onların birgə nikahından X6 doğulmuş, nikah münasibətlərinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.

63. Hazırda iddiaçı iddiasında mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş etmiş, rayon məhkəməsində iddia təmin edilməmişdir.

64. Mülki işin hallarından və tərəflərin izahatlarından müəyyən olur ki, tərəflər arasında mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 284 saylı fərdi yaşayış evi özbaşına tikilidir, həmin tikintiyə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. İddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixində rəsmi nikah bağlayıb həmin evdə yaşamağa başlayanda özbaşına tikili artıq mövcud idi, həmin tikili iddiaçının keçmiş ərinin atasına məxsusdur.

65. Tərəflər xx.xx.2022-ci il tarixində nikaha daxil olduqlarından Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarına əsasən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir.

66. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

67. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

68. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

69. İddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaslanaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmasının, həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılmasının məhkəmə tərəfindən nəzərə alınmamasıdır.

70. Hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, mübahisəli ev iddiaçının keçmiş qayınatası - Cavabdeh4 mülkiyyətindədir.

71. Məhkəmə həm də qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb, aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: – iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; – iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; – iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; – iddiaçının tələbi ənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; – iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

72. Hazırkı halda iddiaçının iddia tələbində sadalanan əsasların heç biri mövcud deyildir.

73. Mövcud məhkəmə təcrübəsinə əsasən özbaşına tikili hesab olunan yaşayış sahəsinə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

74. İddiaçının köçmək istədiyi mübahisəli mənzilin onun keçmiş qayınatasının müstəsna əmlakı olması işin mübahisəsiz halıdır. Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan müəyyən olur ki, həmin özbaşına tikili 2005-ci ildə Cavabdeh4 özü tərəfindən tikilmişdir, iddiaçı Cavabdeh1lə nikaha daxil olduqdan sonra 2 (iki) il həmin evdə yaşamışlar. İddiaçı tərəfindən həmin tikilinin tikintisi, təmiri üçün hər hansı vəsait sərf edildiyi də iddia edilməmişdir.

75. Belə olan halda, müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahına xitam verildiyindən, iddiaçı Cavabdeh4 özünün saxlanmasını tələb etmək hüququ olan ailə üzvü də olmadığından rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin həmin dəlilləri əsassız olmaqla, təmin edilməməlidir.

76. Apellyasiya şikayətində eyni zamanda rayon məhkəməsi tərəfindən iddiaçı və azyaşlı övladının faktiki yaşayış şəraitinin araşdırılmaması mübahisələndirilmişdir.

77. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində iddiaçı azyaşlı övladı ilə birlikdə yaşayış yeri olmadan, çöllərdə qaldığını qeyd etsə də, həm rayon məhkəməsində keçirilən iclaslarda, həm də apellyasiya baxışı zamanı keçirilən iclasda izahatlarında Keşlə qəsəbəsində atasına məxsus 3 (üç) otaqlı evdə övladı ilə birlikdə yaşadığını bildirmişdir.

78. Məhkəmə tərəflərin azyaşlı övladının isitifadə hüququnun tanınması ilə bağlı xüsusilə qeyd edir ki, uşağın atasının mənzilinə istifadə hüququ onun doğulduğu gündən yaranmış və həmin hüquq onun valideynlərinin arasında olan nikahın pozulmasından asılı olmayaraq qalmaqda davam edir. Uşaqlar həm mülki qanunvericiliyin, həm də ailə qanunvericiliyinin tələblərinə əsasən valideyinlərinin mənzilindən istifadə və onlarla birgə yaşamaq hüququna malikdirlər.

79. Belə ki, Mülki məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmayan uşaqların yaşayış yeri valideyinlərin yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsində isə hər bir uşağın öz valideynləri ilə birgə yaşamaq hüququ təsbit edilmişdir.

80. Nikahın pozulmasından sonra azyaşlının ananın yanında saxlanılması isə heç bir halda uşaq üçün müəyyən olunmuş həmin hüquqların xitamı və ya aradan qalxması kimi təfsir edilə bilməz. Uşağın ananın yanında saxlanması, onun istənilən vaxt atasının yanında qalmaq, onunla yaşamaq və qanunun onlar üçün müəyyən etdiyi hüquqlardan istifadə etmək və faydalanmaq imkanını istisna etmir. Bu baxımdan həm də Mülki Məcəllənin 15.2-ci maddəsində təsbit olunmuş prinsipi nəzərə alınmalıdır. Həmin normanın tələbində nəzərdə tutlmuşdur ki, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlarından istifadə etməməsi qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

81. AR MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

82. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

84. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Musayeva (Süleymanlı) Nərmin Dilqəm qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5248/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar