Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5283/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin iyun, iyul və avqust ayları daxil olmaqla, hər uşağa görə hər ay cavabdehin rəsmi qazancının üçdə bir hissəsinin, yəni əmək haqqının 33%-i həcmində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun və Cavabdeh xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 1466 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulmuşdur. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X9 onun himayəsinə verilmişdir. Qeyd edir ki, boşandıqdan sonra qarşı tərəflə hər ay uşaqlar üçün aliment ödənilməsi barədə razılığa gəlmişdir. Cavabdeh uşaqların saxlanması üçün maddi dəstəyi tələb etdikdə ödəniş edirdi. 2025-ci ilin iyun, iyul və avqust aylarında ümumiyyətlə uşaqlarına pul göndərməmişdir. Cavabdeh pulu onun kart hesabına və ya əldən-ələ aliment ödənişini icra etmiş, lakin son aylar qarşı tərəf uşaqlarla maraqlanmamış, maddi dəstək göstərməmişdir. Hazırda uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Maddi sıxıntı çəkməklərinə baxmayaraq, cavabdeh bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, uşaqları ilə maraqlanmır, onların maddi və mənəvi tələbatlarının yerinə yetirilməsində iştirak etmir. İki uşağın təhsil tələbatları və maddi dəstəyi tamamilə onun üzərindədir. Hazırda böyük qızının təhsilinin inkişafı üçün müəllim hazırlıqlarına gedir, övladlarının digər tələbatlarının son aylar ərzində ödənilməsini tamamilə tək qarşılayır. Cavabdeh tərəfindən icra edilən ödənişlər nizamsız, qeyrimüntəzəmdir. Qeyd olunan məsələlərin məhkəmədən kənar qaydada, mediasiya sessiyasında nizama salınması üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilmiş, cavabdeh məktubuna cavab vermədiyi üçün mediasiya təşkilatına müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak edilərək alimentin 33% ödənilməsi hissəsində razılaşma olmadığı üçün bu barədə ona arayış verilmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddianın dəyişdirilməsi.
3. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cari ilin iyun, iyul və avqust ayları hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, onun sabit əməkhaqqı olsa da alimentin əməkhaqqına yönəldilməsini istəmir. Ona görə ki, yaxın vaxtda bankdan kredit götürüb ailə qurmalıdır. Əgər aliment əməkhaqqından tutularsa, kredit götürəndə problem olacaq. Lakin bir halda ki, qanunun tələbi belədir, iddianın təmin edilməsinə etiraz etmir. Gələcəkdə o da evin bölünməsi ilə bağlı iddia qaldıracaq.
İş materialları.
6. AA7284121 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuşdur.
7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 668701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X4) xx.xx.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 7992 nömrə ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2307/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə Sultanova (Abdurahmanova) Gülmirə Məhəmməd qızı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 1466 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 489781 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 471 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Abdurahmanova soyadı verilmişdir.
İşin faktiki halları.
10. İddiaçı və Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından iki uşaq - xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur.
11. Tərəflər arasında xx.xx.2023-cü il tarixli mediasiyada barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən, tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş hər iki uşağın analarının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması, atanın uşaqlarla ünsiyyəti və digər məsələrlə bağlı qarşılıqlı razılıq əldə etmişlər.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
13. Tərəflərin birgə nikahından doğulmuş hər iki uşaq İddiaçı yanında qalır.
14. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində geofizika üzrə texnik vəzifəsində işləyir və aylıq əməkhaqqı 976.8 manat məbləğindədir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində böyük mühəndis işləyir və aylıq əməkhaqqı 1881.4 manat məbləğindədir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi.
21. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. İddiaçının yanında qalan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmasına dair tərəflər arasında mediasiyada barışıq sazişi bağlanmışdır. Lakin hazırda İddiaçı tələb edir ki, uşaqların saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulsun.
22. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində böyük mühəndis işləyir və aylıq əməkhaqqı 1881.4 manat məbləğindədir.
23. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı alimentin sabit pul məbləğindən cavabdehin aylıq qazancının müvafiq hissəsinə dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişində alimentin sabit pul məbləğində tutulması müəyyən edilsə də sazişlə müəyyən edilmiş alimentin sonradan qazancın müvafiq hissəsinə dəyişdirilməsi istisna edilmir. Məhkəmə hesab edir ki, cavabdehin aylıq sabit gəliri olduğu istənilən halda iddiaçı alimentin aylıq qazancdan tutulmaqla dəyişdirilməsini tələb etməkdə haqlıdır. Tərəflərin birgə nikahından iki uşaq doğulduğundan bu uşaqların saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır.
24. Alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda hazırkı qətnamə ilə miqdarı dəyişdirilmiş aliment məbləğinin tutulmasına da şamil edildiyindən bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edən İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (1881/3x12=7524 manat) mütənasib olan 95.24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli və qətnamə dərhal icra edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 95.24 manat (doxsan beş manat iyirmi dörd qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.