Məhkəmə qərarları › İş №2(010)-5360/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5360/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5360/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin və s. tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin və s. tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1440 manat sığorta ödənişi məbləğinin, 600 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "AtaSığorta” ASC ilə Cavabdeh arasında 22.11.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 06.09.2019-cu il tarixdə ""BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Y/Günəşli qəsəbəsində yol-nəqliyat hadisəsi törətmiş və "Chery A15” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "AtaSığorta” ASC 1440 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri, Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin "AtaSığorta” ASC-nin ünvanına göndərdiyi 16 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilindiyi qeyd edilmişdir. Bakı şəhəri, Suraxanı DYPŞ-nin "AtaSığorta” ASC-yə təqdim etdiyi 17.09.2019-cu il tarixli, 2885-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC 08.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çox olması səbəbindən növbəti məhkəmə iclaslarının cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 04.03.2019-cu il tarixdə verilmiş AD seriyalı 460351 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. 04.03.2019-cu il tarixli etibarnamədən görünür ki, "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qeyd olunan nəqliyyat vasitəsini istifadə etməsi üçün Cavabdeh 2 il 5 ay 25 gün müddətinədək etibarnamə vermişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 28.02.2017-ci il tarixdə verilmiş AC seriyalı 864444 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Chery A15” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Taleh Cəfərovun 16 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. 09.09.2019-cu il tarixli “Hesablama”dan görünür ki, "Chery A15” markalı ** KV *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1440 manat həcmində olması müəyyən edilmişdir. 17.09.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 06.09.2019-cu il tarixdə "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Y/Günəşli qəsəbəsində yol-nəqliyat hadisəsi törətmiş və "Chery A15” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 03.10.2019-cu il tarixli sığorta aktından görünür ki, "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil 22.11.2018-ci il tarixdən 22.11.2019-cu il tarixədək 55000 manat məbləğində sığorta edilmişdir. Həmin akta əsasən sığortalanmış avtomobil "Chery A15” markalı ** KV *** dövlət qeydiyyatlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1440 manat təşkil edir. 04.10.2019-cu il tarixli 014650 \№-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 vurulmuş zərərin əvəzi olaraq 1440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 23.10.2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, cavabdehə 1440 manat sığorta ödənişi məbləğinin "xxxx" ASC-yə ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. 02.09.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddia ərizəsinə əlavə olunmuş 24.08.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 vurulmuş zərərin əvəzi olaraq 1440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından görünür ki, Cavabdeh 06.09.2019-cu il tarixdə "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Y/Günəşli qəsəbəsində yol-nəqliyat hadisəsi törətmiş və "Chery A15” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "AtaSığorta” ASC 1440 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə nəticəsində Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilindiyi qeyd edilmişdir. Həmçinin, Cavabdeh yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt "BMW 730” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İddiaçı cavabdehdən işlərin görülməsi xərcinə görə 600 manat məbləğində əlavə öhdəliyinin yaranmasını iddia etsə də, həmin öhdəliyin hansı əsasla yaranmasını əsaslandıra bilməmiş və qeyd olunan xərcin məhz həmin məbləğdə yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1440 manat məbləğində sığorta ödənişi tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 21 manat hissəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 9 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1440 (bir min dörd yüz qırx) manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 9 (doqquz) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar