Məhkəmə qərarları › İş №2(010)-5363/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5363/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5363/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 29.04.2010-cu il təvəllüdlü X4 və 11.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2001-ci ildə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Onların birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 08.04.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh məhkəmədə uşaqlara könüllü aliment ödəyəcəyinə söz vermiş, bu səbəblə o. aliment tutulmasından imtina etmişdir. Cavabdeh hazırda uşaqların saxlanılmasına heç bir köməklik göstərmir. Onlar ayrıldıqdan sonra uşaqalara o, tək baxmış, cavabdeh uşaqların xərclərində iştirak etməmişdir. Hazırda isə o, ankoloji xəstəliyə düçar olmuş, xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir, 29.04.2010-cu il təvəllüdlü X4 və 11.06.2014-cü il təvəllüdlü X1 çətinlik çəkir. Uşağın məktəb xərcləri, geyimi, qidalanması və digər zəruri xərcləri üçün ona demək olar ki, hər ay 400-500 manat vəsait lazım olur ki, bu vəsaiti o, təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılmasında ona heç bir maddi yardım etmir. Onlar faktiki olaraq ayrıldıqdan sonra uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh qazancı yüksəkdir, ona görə də, alimentin cavabdehdən sabit pul məbləğində tutulmasını daha düzgün hesab edir. Uşaqların saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, birgə nikahdan olan uşaqları 29.04.2010-cu il təvəllüdlü X4 və 11.06.2014-cü il təvəllüdlü X2 üçün hər ay cavabdehdən hər bir uşağa 170 manat olmaqla, cəmi 340 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18.06.2021-ci il tarixli AZ-İ seriyalı 381876 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.06.2021-ci il tarixdə 120 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 461744 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29.04.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23.06.2010-cu ildə 563 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 324600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.06.2014-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30.06.201-cü ildə 482 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 08.09.2021-ci il tarixli MŞ SMİ-0037 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mübahisəni məhkəmədənkənar qaydada həll etmək üçün mediatora müraciət etmiş, lakin 08.09.2021-ci il tarixinə, saat 10:00-11:00 saatlarında keçirilməsi təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Göründüyü kimi, iddiaçı “Mediasiya haqqında” qanunun və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəməyə qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Cavabdeh uşaqları Səkinə və Nurlanın saxlanılmaları üçün hər ay hər ay 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə və qanuna müvafiq olması qənaətinə gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 24.01.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın sadalanan və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Məmmədov Nərı̇ man Namaz oğlundan 10.09.2021-ci il tarixdən hesablanmaqla 29.04.2010-cu il təvəllüdlü X4 və 11.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Məmmədov Nərı̇ man Namaz oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar