Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5388/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay 220 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə 100 manat ödənişin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.12.023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək, iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin 100 manat alimentin AR Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələblərinə əsasən ər-arvadın bir-birini saxlamaq vəzifəsi ilə əlaqədar olmasının nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 avqust 2022-ci il tarixində o, Cavabdeh ilə rəsmi olaraq ailə qurmuşdur. Nikahları həmin tarixdə rəsmi qaydada 5 saylı Bakı “ASAN xidmət” X6ndə qeydə alınıb. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Əvvələr cavabdehlə mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyini anlamış və hazırda ayrı yaşamaqla ayrıca təsərrüfat edirlər. Belə ki, birgə nikahdan doğulmuş uşaqlarının maddi ehtiyaclarını o, ödəmək məcburriyyətində olur. Bildirir ki, aralarındakı ailə münasibətləri tamamilə pozulub. Cavabdeh ona nə maddi nə də mənəvi dəstək göstərmir. Uşağın saxlanılmasında əziyyət çəkir. Birgə nikahdan doğulmuş uşaqları X2 bütün tibbi və digər xərcləri onun üzərindədir. Uşaq süni qida ilə qidalanır ki, üç günə bəs edən qədər qədər qida 25 manata satılır. O, isə tələbədir uşağın bütün maddi xərclərini onun valideyinləri çəkir. 3 aydır ki, uşaq doğulub, həmin vaxtdan etibarən o cavabdehə uşağın saxlanılması üçün dəfələrlə müraciət etsə də, bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianın əlavə xərclər hissəsinə etiraz etdiklərini, aliment məbləğinə qidanın da, dərmanın da aid olduğunu bildirmişdir. Aliment hissəsində isə cavabdehin maaşının ¼ hissəsinə yönəlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əlavə olaraq bildirmişdir ki, uşağa görə ayda 250 manat aliment ödənilməsinə razıdır. İş materialları. 5 saylı Bakı Asan Xidmət X6 tərəfindən 14 iyun 2023-cü il tarixdə verilmiş, AZ-İV seriyalı, 882974 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) 08 iyun 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 3914 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı Asan Xidmət X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 532166 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3815 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/6-0737 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya prosesindən imtina etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Əliyeva qızı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 21 noyabr 2023-cü il tarixli,LT AZ23-016 nömrəli "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də çalışır. Baş mühasib olaraq qeydiyyatdadır və baş mühasib vəzifəsini icra edir. Vergilər və digər tutulmalar daxil olmaqla gross əmək haqqı 784 manat, vergilər və digər tutulmalar çıxıldıqdan sonra net əmək haqqı isə 700 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır, aylıq əmək haqqı 784 manat təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyası tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsində “Musiqi müəllimliyi” ixtisası üzrə bakalavriat səviyyəsində əyani təhsil alır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: ...9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4)... “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından bir uşağı doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, uşaq iddiaçının yanında yaşayır, cavabdeh isə ailəsindən ayrı qalır. Bu səbəbdən də uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ 220 manat olsa da, cavabdehin "xxxx" MMC şirkətində işlədiyi və əmək haqqısının 784 manat olduğu görünür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi alimentin əmək haqqısına yönəldilməsini xahiş etmiş, cavabdeh isə uşağa görə 250 manat aliment ödənilməsinə razılıq bildirmişdir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki cavabdehin əmək haqqısı aşağı olduğundan iddiaçının tələb etdiyi alimentin məbləğinin 220 manat deyil, cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq 60 manat sabit pul mabləğində təyin olunmasını məqsədəuyğun hesab edir. Eyni zamanda, iş materiallarından görünür ki, X4 xx.xx.2023-cü il təvəllüdlüdür, onun bir yaşı tamam olmamışdır. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələblərinə əsasən, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın alimenti məhkəmə qaydasında tələb etmək hüququ vardır. Bununla da, iddiaçı özü üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Tələb olunan alimentin miqdarı 100 manat təşkil etmiş, lakin iddiaçı məhz bu məbləğinin hansı səbəblərə görə cavabdehdən tələb edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı əyani şəkildə təhsil alsa da, öz ifadələrinə görə, cavabdehdən ayrı, öz valideynləri ilə qalır. Bu halda, cavabdehin maddi və ailə vəziyyəti (arvadından ayrı qalması) nəzərə alınmaqla, uşağa görə ödənilən alimentdən savayı, əlavə olaraq ayrı yaşayan arvadına 100 manat alimentin ödənilməsi onun üçün artıq maddi yükə çevrilə bilər. Bununla bağlı, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (60x12=720 manat) mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, xx.xx.2023-cü il tarixdən İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva